Oruc sayəsində immunitet sistemi güclənir - MÜSAHİBƏ
11.03.2024 12:07

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev müsahibəsində Ramazan ayında düzgüb qidalanma, oruc tutmağın orqanizmə faydaları və qidalanma tərzinin sağlamlığa təsirləri barədə sualları cavablandırıb.

Aztibb.az nazirliyin saytında dərc olunan müsahibəni təqdim edir.

- Zakir müəllim, ilk öncə bilmək istərdik ki, Ramazan ayında balanslı qidalanma nə qədər önəmlidir?

- Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir. İstilik və rütubətin artması səbəbindən orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı saatlarda 2-2,5 litr su içmək lazımdır. Bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə edilir.

- Kimlər oruc tuta bilməz?

- Bütün günü ac qalmaq qanda şəkər balansını pozur. Diabet xəstələri gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidirlər. Oruc tutmaq istəyən hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət almalıdırlar.

Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün həkimlərin tövsiyələrinə əməl etməlidirlər.

Xroniki xəstəlikləri, xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə edilmir.

Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar.

Hər hansısa bir xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola bilər.

- Həddindən artıq yağlı qidaların qəbul edilməsi sağlamlığa necə təsir göstərir?

- Ramazanda günün uzanması və gecələrin qısalması ilə aclıq müddəti də uzanır. Bu dövrdə qan şəkəri aclıq səbəbindən düşdüyü üçün gün ərzində yorğunluq yarana bilər. Bu səbəbdən imsak yeməyi vacibdir. İmsak zamanı asan həzm olunan tərəvəz yeməkləri və çox yağlı olmayan şorbalara üstünlük verilə bilər. Xüsusilə gün ərzində aclıq problemi yaşayanlar imsakda həddindən artıq yağlı və duzlu yeməklərdən uzaq durmalıdırlar.

- Bəzi insanlar iftarda birdən-birə çoxlu miqdarda və sürətli şəkildə qida qəbul edirlər. Bu nə qədər düzgündür?

- Uzun müddətli orucdan sonra iftarda 20 dəqiqədən sonra toxluq hissi yaradan hormonlar ifraz edildiyi və çox yemək istəyi aradan qalxddığı üçün yemək tez istehlak edilməməlidir. Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb ola bilər.

İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir. Belə qidalar istehlak edilərsə, onların miqdarı minimal olmalıdır.

Ramazan ayında qaynadılmış və sobada bişmiş yeməklərə üstünlük verilməlidir. Qızardılmış qidalardan uzaq durmaq lazımdır.
İftardan sonra hərəkətsizliyə və yatmağa vaxt sərf etmək əvəzinə, gəzinti kimi yüngül məşqlər edilməlidir.

Ramazan ayında pəhriz dəyişikliyi və maye qəbulunun olmaması səbəbindən qəbizlik yarana bilər. Bu səbəblə lifi yüksək olan qidaların istehlakına diqqət yetirilməlidir.

- Oruc tutmağın insan orqanizminə faydaları haqqında məlumat verərdiniz…

- Uzun müddət aclığa səbəb olan oruc, kalori qəbulunu məhdudlaşdıraraq və maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağ yandırma prosesini dəstəkləyir. Bundan əlavə, oruc tutmaq orqanizmin uzun müddət ac qalması nəticəsində insulin müqavimətini və qan şəkərini azaltmağa kömək edir. İnsulin müqavimətinin azaldılması həm də qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir. Bədəni yeniləyən oruc, bu təsiri sayəsində immunitet sistemini gücləndirir və insanı xəstəliklərə qarşı daha möhkəm edir.

Normalda çox işləyən və yorulan həzm və bağırsaq sistemləri oruc sayəsində fasilə vermə şansı qazanır. Bu baxımdan oruc tutmaqla mədə və bağırsaqların istirahətinə icazə verə bilərsiniz. Eyni zamanda, oruc sinir hüceyrələrinin yenilənməsinə töhfə verməklə beyin sağlamlığını və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir. Uzun müddət ac qalmaq hüceyrələrin yenilənməsin sürətləndirir və dəri hüceyrələri bu prosesdə yenilənib canlanır və güc qazanır.

Oruc tutmaq qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini azaltmağa kömək edir, bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır.

Orucun fiziki faydaları ilə yanaşı, psixoloji faydaları da var. Oruc tutmaq insanın iradəsini və səbrini təkmilləşdirməklə yanaşı, həm də insana özünü idarə etmək həvəsi aşılayır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir