Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən hazırlanan “Zəfər təbibləri” filminin təqdimatı olub
10.11.2023 09:40

Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) Zəfər Gününə həsr olunan tədbirdə “Zəfər təbibləri” filminin təqdimatı keçirilib.

 

BBSM-dan Aztibb.az-a bildirilib ki, tədbirdə Mərkəzin direktor müavinləri, departament və şöbə müdirləri, həmçinin Mərkəzin strukturuna daxil olan tibb müəssisələrinin 44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşları, şəhid ailələri və qazilər iştirak ediblər.

 

Tədbirin açılışını edən Mərkəzin direktor müavini Mehman Qasımov Zəfər Günü münasibətilə tibb işçilərinə öz təbrikini ünvanlayıb:

“Bu, böyük qələbədir, möhtəşəm bir bayramdır. Bunun üçün Ali Baş Komandana təşəkkür edirəm! Azərbaycan ordusu ön cəbhədə, xalqımızın hər bir fərdi isə arxa cəbhədə qələbəmiz üçün əllərindən gələni əsirgəmədi. Bu məqamda Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi addımlarını qeyd etmək istəyirəm. Ümummilli Lider zamanında dost və müttəfiq ölkələrlə əlaqələri daha da möhkəmləndirdi və illər ərzində ordunun gücləndirilməsi üçün zəruri addımlar atdı. Nəticədə biz böyük vaxt qazanıb, gücləndik və nəhayət zamanı gələndə düşməni torpaqlarımızdan qova bildik.

 

Qələbəmizdə həkimlərimizin, qəhrəman təbiblərimizin rolu da danılmazdır. Çünki onlar da böyük əzmkarlıq nümayiş etdirərək canları bahasına da olsa, döyüş meydanından yaralılarımızı təxliyə etdilər, onların sağlamlıqlarına qovuşmaları üçün həyatlarını təhlükəyə atdılar. Buna görə də, müharibədə iştirak edən bütün tibb işçilərinə təşəkkür edirik!”

 

Daha sonra Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən hazırlanan “Zəfər təbibləri” filmi təqdim edilib.

 

Təqdimatdan sonra film barədə məlumat verən Bakı Baş Səhiyyə Mərkəzinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, filmdə iştirak edən bütün tibb işçiləri ilkin səhiyyə xidmətində çalışan və Vətən müharibəsində iştirak əməkdaşlarımızdır. E.Hidayətoğlu filmin Vətən uğrunda şəhid olan, yaralanan və sözsüz ki, hər zaman Vətən üçün canından keçməyə hazır olan təbiblərimizin timsalında bütün şəhidlərimizə, qazilərimizə və veteranlarımıza həsr olunduğunu diqqətə çatdırıb.

 

Mərkəzin direktor müavini Güllü İbadova 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb:

 

“Tarixi qələbəmiz bəlkə də illər əvvəl bizim üçün sadəcə arzu, xəyal idi. Amma müzəffər ordumuz cəmi 44 gün ərzində bu xəyalı gerçəkləşdirdi. Tarixi torpaqlarımızın işğaldan azad edilməsinin ardınca qısa müddətdə Qarabağda bərpa və quruculuq işlərinə başlanılıb. Halbuki ermənilər işğal etdikləri torpaqlarımızda 30 il ərzində yalnızca vandalizm aktları törədiblər. Azərbaycanın qısa müddətdə saysız-hesabsız bərpa-quruculuq işlərinə başlaması mənfur qonşumuzla aramızdakı bariz fərqi nümayiş etdirir. Müzəffər Ali Baş Komandan hər zaman çıxışlarında vurğulayırdı ki, “nəyi necə və nə zaman etmək lazımdırsa, bunu mən bilirəm”. Dövlət başçısı hər zaman xüsusi vurğuladığı bu ifadəni II Qarabağ müharibəsində bir daha sübut etdi. Nəticədə həm döyüş meydanında, həm də siyasi arenada qalib gəldik”.

 

Daha sonra çıxış edən Ümumi şöbənin Böyük mütəxəssisi Əli Quliyev Azərbaycanın beynəlxalq nüfuzunun məhz 44 günlük Vətən müharibəsindən sonra daha da artığını vurğulayıb:

 

“Azərbaycanın əldə etdiyi tarixi qələbə ölkəmizin beynəlxalq arenadakı nüfuzuna da müsbət mənada ciddi təsir etdi. Məhz müharibə dönəmində dövlət başçısının nüfuzlu dünya mediasına verdiyi müsahibələr ölkəmizin siyasi qüdrətini nümayiş etdirir. Bu gün artıq üçrəngli şanlı bayrağımız ölkəmizin hər bir nöqtəsində dalğalanır. Yüzlərlə, minlərlə vətəndaşımız yenidən dədə-baba torpaqlarına köçürülür. Buna görə də, başda müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə və şanlı ordumuza minnətdarıq. Allah Vətənin bölünməzliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!”

 

Tədbir müharibə iştirakçısı və şəhid ailəsi üzvü olan əməkdaşların çıxışları ilə davam etdirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub