Əhliman Əmiraslanov: Buster doza yoluxmaları önləyə və ölümləri azalda bilər  
13.10.2021 12:27

Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilməyə başlanıb. Koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması ölkə səhiyyəsi ilə bağlı mənzərənin açıq təzahürüdür. Səhiyyənin xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsi son elmi texnoloji yeniliklərin tətbiqi sahəsində mümkün olub. Məhz pandemiya dövründə ölkə səhiyyəsinin bu duruma adekvat olması reallığı tam əks etdirir. Yürüdülən dövlət siyasəti və vətəndaşların artan məsuliyyəti nəticəsində bu gün Azərbaycanda koronovirusla bağlı vəziyyət nəzarət altındadır.

 

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

 

Pandemiyaya qarşı mübarizə tədbirlərindən birinin də peyvəndləmə olduğunu vurğulayan komitə sədri bildirib: “Ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesinə yanvarın ayından başlanılıb və uğurla davam etdirilir. Vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir. Vaksinasiyada iştirak vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bu gün əhalinin 4 növ vaksin seçimi var. Ölkəmizdə aparılan peyvənd kampaniyası çərçivəsində “Sinovak”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri effektiv və təhlükəsizdir. Pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVID-19 virusuna gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə aparır, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər”.

 

Əhliman Əmiraslanov qeyd edib ki, vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir. Bu baxımdan, vaksinin qüvvətləndirici üçüncü dozasının tətbiqi məqbul hesab olunur.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib