COVID-19 və xərçəng xəstəlikləri ilə mübarizədə mühüm nəticələr əldə olunub
03.09.2021 17:20

Son zamanlar virus və xərçəng xəstəliklərinə qarşı mübarizədə antivirus və antixərçəng peptidləri üzrə geniş tədqiqatlar aparılır. Bioaktiv peptidlər insan orqanizminə toksik təsir etməməklə yanaşı, virus və xərçəng əleyhinə çox effektiv xüsusiyyətlərə malikdir.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində aparılan birgə tədqiqatlar nəticəsində düyü kəpəyi zülalının hidrolizi əsasında əldə edilən kationik EQRPR peptidin xərçəng xəstəliyinə və COVID-19 infeksiyasına qarşı mübarizədə tətbiq oluna bilməsi və onların təsir mexanizmləri tədqiq edilib.

 

AMEA-dan bildirilib ki, tədqiqat işlərinə Azərbaycan tərəfindən Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Bakı Dövlət Universitetinin professoru Niftalı Qocayev, Türkiyə tərəfindən isə professor Sevim Akuyuz rəhbərlik edir.

 

Aparılan kompleks tədqiqatlarda həm nəzəri (molekulyar dokinq, molekulyar mexanika), həm də eksperimental (Furye Çevirici İnfraqırmızı Spektroskopiya, Raman spektroskopiyası, Dairəvi dixroizm və Elektron Paramaqnit Rezonansı Spektroskopiyası) metodlardan geniş istifadə olunub. Bundan başqa, EQRPR peptidinin həm nöqtəvi D-izomer dəyişmələri, həm də tam D-izomer peptidləri sintez edilib və onların dərman xüsusiyyətlərinin dəyişməsi tədqiq edilib.

 

Qeyd edək ki, iki ölkənin alimləri tərəfindən ilk dəfə molekulyar dokinq metodunu tətbiq etməklə peptid və onların D-izomer analoqlarının ACE2, SARS-CoV-2 virusunun S- və Mpro zülalları ilə birləşmə kompleksləri göstərilib, həmçinin komplekslərin birləşmə konstantları hesablanaraq mümkün kliniki profilləri təyin edilib. Tədqiq olunan EQRPR peptidinin multifunksional olması göstərilib.

 

Mütəxəssislərin bildirdiyinə görə, peptid bir sıra mühüm inteqrinlərlə birləşə bilir. Bu da həm SARS-CoV-2 virusu infeksiyasından, həm də xərçəng xəstəliklərinə qarşı mübarizədə geniş istifadə oluna bilər.

 

Mühüm nəticələrdən biri də multifunksional peptidin müxtəlif zülallarla birləşmə xüsusiyyətinin müxtəlif nöqtələrində D-izomer dəyişməsi aparmaqla modulyasiya edilə bilməsidir. EQRPR peptidinin ikincili quruluşu müxtəlif spektroskopik metodlarla, fəza quruluşu isə nəzəri əsaslarla hesablanıb. Eksperimental və nəzəri işlərdən alınan nəticələrin bir-biri ilə uğurlu şəkildə uzlaşması təqdirə layiqdir.

 

Ağciyər xərçəngi hüceyrələrində aparılan ilkin tədqiqatlarda EQRPR peptidinin hüceyrə membranı ilə qarşılıqlı təsirdə olduğu göstərilib. Layihə üzrə alınan mühüm nəticələr yüksək impakt faktorlu “Molecular Graphics and Modelling” beynəlxalq jurnalında çap olunan məqalədə (Evaluation of anti-cancer and anti-COVID-19 properties of cationic pentapeptide Glu-Gln-Arg-Pro-Arg, from rice bran protein and its d-isomer analogs through molecular docking) öz əksini tapıb.

 

Qeyd olunub ki, mühüm kliniki və fundamental əhəmiyyətə malik olan tədqiqat işləri davam etdirilir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib