"Uşaqlarda şübhəli vəziyyət olanda öncə pediatra müraciət edin" - Həkimdən ÇAĞIRIŞ
13.09.2021 11:50

COVID-19 bəla saçmağa davam edir. “Worldometers.info” saytı xəbər verir ki, dünyada yeni tip koronavirus infeksiyasına yoluxanların ümumi sayı 222 milyonu keçib. İndiyə qədər 199 milyondan çox insan xəstəlikdən sağalsa da,  COVID-19 səbəbi ilə  ölüm faktı 4,6 milyondan artıqdır.  İnfeksiyanın sürətlə yayılmağa başladığı ilk dönəmlərdə uşaqlar arasında yoluxma halları müşahidə edilməsə də alimlər qarşıdakı illərdə virusun azyaşlılarda da böyük fəsadlar törədə biləcəyini deyirlər. "Science Advances" jurnalında çıxan elmi məqalədə Amerika və Norveç alimlərini COVID-19-un qarşıdakı illərdə virusa tutulmamış və ya hələ peyvənd olmamış uşaqlara daha çox təsir edəcəyini bildiriblər.

 

Ölkəmizdə isə xüsusən son zamanlarda uşaqlar arasında yayılan qızdırma, ishal, öskürək, burun axıntısı kimi simptomlar valideynlərin koronavirus təlaşına səbəb olub. Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının pediatrı Təranə Göyüşova məsələ ilə bağlı bildirib ki,  son zamanlarda  uşaqlarda yuxarı tənəffüs yolları infeksiyaları, mədə-bağırsaq sisteminin pozulması, yüksək hərarət, baş ağrısı, qusma, öskürək kimi simptomlarla  müraciətləri çox müşahidə edirik: “Əslində biz koronavirusdan əvvəlki illərdə də yay aylarında adenovirus, rotavirus və bəzi bakterial infeksiyalarla tez-tez rastlaşırdıq. Adıçəkilən virus bakterialarının simptomları yeni növ koronavirusla oxşar olduğu üçün çox vaxt valideynlər arasında çaşqınlıq yaradır. Hər kəsin  narahatlığı başadüşüləndir. Bəzən valideynlər ya kimlərdənsə eşitdikləri yarımçıq məlumatlara inanaraq, ya da internetdən oxuduqları informasiyaları əsas tutaraq özləri övladlarını müalicə etmək qərarına gəlirlər ki, bu, yalnış yanaşmadır. Şübhələndikləri vəziyyət olan halda onlara tövsiyyəm öncə pediatra müraciət edərək uşaqlarının PCR testini vermələridir. PCR testi ayrı-ayrılıqda həm COVID-19, həm də digər alışmış olduğumuz qrip infeksiyalarının müəyyənləşməsi üçün edilir. Həkim nəzarətində bütün ambulator analizlər verildikdən sonra dəqiq diaqnoz qoymaqla uşaqların müalicəsinə başlanmalıdır. Doğrudur, koronavirus testi uşaqlarda pozitiv nəticə versə də simptomlar özünü onlarda ya heç göstərmir, ya da zəif şəkildə büruzə verir. Yəni, uşaqlar koronanı çox yüngül şəkildə keçirə bilirlər. Ancaq nəzərə almaq lazımdı ki, onlar bu virus infeksiyasının daşıyıcıları olurlar və əgər virus onlarda gec aşkar edilərsə, bu valideynlərə, uşaqlarla təmasda olan digər böyüklərə rahat bir şəkildə yoluxa bilər. Onu da qeyd edim ki, hər gördüyümüz simptom mütləq koronavirusdur, deyə bir şey yoxdur. Sadəcə hər hansısa bir simptom görüldüyü zaman yaxşı olar ki, mütəxəssislərə müraciət edilsin. Bir digər məqam isə uşaqları maksimum dərəcədə virusdan qorumaqla bağlıdır. Məlumdur hələ ki, tətil bitməyib. Uşaqlarla birlikdə mümkün qədər qapalı məkanlardan uzaq qalınsa yaxşı olar. Çünki həm, COVID-19, həm qrip viral infeksiyalardır. Onlar hava və damcı yolu ilə çox asan yayılırlar.”

 

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə “mRNT Pfizer” (“Comirnaty”) peyvəndinin vurulacağı ilə bağlı qərara da toxunan pediatr bunu pozitiv bir addım olaraq qiymətləndirdi: “Bəzi durumlarda ailəyə infeksiyanı məhz uşaqlar gətirir. Bu səbəbdən də bütün dünyada artıq bu məsələyə ciddi baxılır. İsraildə artıq 2 aydır ki, 12 yaşdan yuxarı uşaqların peyvəndlənməsinə başlanılıb. Rusiya, Amerika, İngiltərə və bəzi Avropa ölkələrində 12 yaşdan yuxarı uşaqların vaksinasiyası prosesi isə  davam etdirilir. Məktəblərin açılması isə uşaqların peyvənd olunmasını şərtləndirir. Nəzərə çatdırım ki, virus bir insandan digərinə keçərkən mutasiya olunur. Bu zənciri kəsməyin, mutasiyanı dayandırmağın ən effektiv yolu  yalnız və yalnız vaksinasiyadan keçir. Çünki COVID-19-a qarşı hələ də spesifik bir antiviral yoxdur. Ona gördə də xəstəliyin tüğyan etdiyi indiki zamanda yeganə çarə vaksin olunmaqdır.”