Möcüzəvi qara həkim – Hirudoterapiya / Birinci yazı
03.08.2021 10:38

Şəfası insanlar tərəfindən əsrlər öncə kəşf edilən zəlilərin dünya miqyasında 400, respublikamızın su tutarlarında isə 15-dən çox növü məlumdur. Azərbaycanda indiyə qədər zəlilərin növ tərkibinin, onların yayılmasının, miqdarının və s. öyrənilməsi istiqamətində xüsusi tədqiqat işləri aparılmayıb.

 

Tədqiqatçılar zəlilər sinfini iki yarımsinfə – qədim zəlilər və əsl zəlilərə ayırırlar.

 
Aztibb.az zəlinin müalicəvi əhəmiyyəti və zəli ilə müalicə prosedurunun aparılma qaydaları haqqında yazını təqdim edir.


Tibb zəlisinin biri-birinə çox yaxın olan 3 forması – aptek tibb zəlisi, müalicəvi tibb zəlisi, və şərq tibb zəlisi səhiyyədə geniş istifadə olunur.

Zəli ilə müalicə insanlara hələ qədim zamanlardan məlumdur. Məsələn, zəli rəsmlərindən istifadə mənzərələrinə qədim yunan ehramlarında rast gəlmək olar. Hippokrat və Qalen kimi qədim yunan və qədim Roma loğmanları öz əsərlərində zəli ilə müalicə haqqında məlumat veriblər.

Latın dilindən hərfi tərcümədə hirudoterapiya “zəli ilə müalicə” mənasını verir, “hiruda” - zəli, "terapiya" - müalicə deməkdir.  Yunan dilində isə "bdelloterapiya" sözü var ki, bu da zəli deməkdir.

Zəli ilə müalicədən eramızdan bir neçə il əvvəl Çində, sonradan isə Hindistanda və Misirdə istifadə olunub.

İnsanlar zəlidən baş ağrısını azaldan, qanı duruldan və təzyiqsalıcı vasitə kimi istifadə ediblər. Zəli ilə müalicə Yunanıstanda, Misirdə, Qərbi Avropada və digər ölkələrdə əvvəllər astma-bronxit, ürək-damar, hipertoniya (qan təzyiqi) xəstəliklərinin müalicəsində istifadə olunub.

Bundan başqa, dövrünün ən görkəmli həkimlərindən olan İbn Sinanın yazılarında da hirudoterapiya haqqında qeydlər var.

XVIII-XIX əsrlər bu müalicə üsulunun ən çiçəkləndiyi dövr hesab edilir. Hətta keçiriləcək bal öncəsi xanımlar qulaqlarının arxasına zəli qoydurardılar ki, yanaqları çəhrayı, gözləri parıltılı olsun.

Keçən əsrin əvvəllərində tibbi zəli Fransa apteklərində satılırdı. Bu müalicə üsulu Fransada Napoleonun zamanında da məlum idi. Onun qeydlərində Macarıstandan altı milyon zəlini idxal etməsi məlumatı vardır.

 



N.İ.Piroqov Krım müharibəsi və Qafqaz ekspedisiyası zamanı hərbi-səhra təcrübəsini müşahidə edərkən qeyd edib ki, “mən sadə sınıqlardan sonra yaranan şişkinliyin sorulması və digər məqsədlərlə zəli müalicəsindən istifadə edirdim”. 

 

Hərbi həkim V.İ.Dal öz dostu olan yaralı A.S.Puşkinə yardım etmək məqsədilə onun qarnına zəli qoyduğunu yazır və qeyd edir ki, bu prosedurdan sonra onun qarnının köpü azaldı və nəbzi nizamlandı. 

 

Zamanla geniş yayılmış tibbi zəli ilə müalicə üsulu onun kökünün kəsilə bilməsi təhlükəsini yaratdı və 1984-cü ildə onun adı “Qırmızı kitaba” düşdü. Biokon adlı tədqiqatçı qrupun hazırladığı “qapalı tsikl” adlanan müasir texnologiya sayəsində, xüsusi temperatur, işıqlanma və nəmlik şəraitində zəlilərin artırılması məqsədilə avtomatlaşdırılmış sistem yaradıldı. 

 

Əksər hallarda zəli əsasən göldən ovlanaraq apteklərdə satılırdı. Bu indi də davam edir. Çox vaxt göl zəlisi əhalinin tələbatını ödəmirdi. Bununla əlaqədar olaraq, rusiyalı mütəxəssislər təbiətdən ovlanmış zəlilərin tez bir zamanda laboratoriya şəraitində artırılması üçün metodika işləyib hazırladılar. 

 

1983-cü ildə amerikalı zooloq, doktor Roy Soyer İngiltərədə zəlilərin süni şəkildə çoxaldılması üçün “Biofarm” firması təşkil etdi. Firma Qərbi Avropaya zəli ixracı ilə məşğul olmaqla yanaşı, elmi-tədqiqat işlərinin aparılması üçün Hirudin preparatlarının da istehsalına başladı.

Ümumiyyətlə təbabət zəlisinin geniş iqtisadi və müalicəvi əhəmiyyəti var. Zəlinin köməyi ilə müxtəlif xəstəlikləri –ürək-damar, uroloji, ginekoloji, dəri, mədə-bağırsaq sistemi və s. müalicə etmək mümkündür.

Zəli insult və infarkt xəstəliklərinin ən yaxşı profilaktik müalicə üsullarından biri sayılır. Hipertoniya xəstəliyi zamanı bu müalicə üsulundan uğurla istifadə olunur. Bir çox dəri xəstəliklərinin – trofik xoralar, psoriaz, ekzema, sklerodermiya və s. müalicəsində zəli ən təsirli tibbi vasitədir. 

 

Hirudoterapiya kosmetologiyada da istifadə olunur. Zəlinin şirəsi dərini cavanlaşdırır, daha parlaq edir, xırda qırışları yox edir. 

 

Tibbi zəli tədarükü Azərbaycan sularında 1876-1928-ci illərdə Fransa və Finlandiya mütəxəssisləri tərəfindən aparılıb. Zəlilər geniş coğrafi areala malikdir. Belə ki, Naxçıvan, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, İsmayıllı, Zaqatala, Balakən, İmişli, Zərdab, Goranboy, Şabran, Ağcabədi, Quba və digər rayonların ərazilərində zəli populyasiyalarına rast gəlinir. 

 

Zəli ilə müalicəyə başladıqda seans zamanı həkim zəlini xüsusi şüşə borucuğa yerləşdirir və xəstəlikdən asılı olaraq, insan bədəninin müxtəlif yerlərinə qoyulur. Adətən seansın əvvəlində bir və ya bir neçə zəli istifadə olunur. 

 

Zəli bədəndə lazım olan nahiyəyə yapışır. Dəriyə yapışdığını hiss edəndən sonra onu dişləyir. Dişləmə dərinliyi təxminən 1.5-2 mm təşkil edir. Bundan sonra zəli əmələ gələn yaraya ağız suyunu ifraz edir. Zəlinin ağız suyunda məlum olduğu kimi, qan laxtalanmasını ləngidən hirudin maddəsi vardır. 

 

Zəli pasiyentin bədəni üzərində, xəstəlikdən asılı olaraq, adətən, 20-60 dəqiqə qalır. Bu müddən ərzində bir zəli 5-15 millilitrqan sora bilir. Doyunca sovurduqdan sonra zəli dəridən qopur. Bu baş vermədikdə həkim zəlini spirt və ya yod məhlulunda isladılmış tamponla götürür. 

Zəli qanı sorarkən öncə bədənin müəyyən nahiyəsində adi qan axınına səbəb olur. Seans zamanı zəlinin ifraz etdiyi müxtəlif və çox faydalı bioloji aktiv komponentlərlə zəngin olan xüsusi sekret insanın qanına düşür və insan orqanizminin bütün orqan və sistemlərinə çox müsbət təsir edir.

Hirudin qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir və orqanizmdəki iltihab prosesi aradan götürür və yüksək təzyiqi azaldır. Seansdan sonra 2 gün ərzində zəli yapışan yeri isladmaq və qaşımaq olmaz. Zəli yapışan yerlərdə cüzi qanaxma yarana bilər. Belə qanaxmalar insanın səhhəti üçün heç bir təhlükə yaratmır və 24 saat ərzində kəsilir.

Onkoloji xəstəliyi, anemiya, tuberkulyoz xəstəlikləri və zəli fermentlərinə qarşı allergik reaksiyaları olan insanlar hirudoterapiyadan istifadə edə bilməz. Bir zəli yalnız 1 dəfə istifadə olunur və dərhal öldürülür.

 



Hirudoterapiya  mexaniki, bioloji və refleksogen təsir göstərir

Mexaniki təsir – dəridə qalma hesabına yerli qan dövranının yaxşılaşdırmasına və tromb yaranmasının qarşısının alınmasına yönəlib. Uzun müddət alimlər hirudoterapiyanın müsbət effektini yalnız bu amilə bağlayıblar.

Bioloji təsir zəli sancarkən yaraya tüpücək vəzilərinin ifraz etdiyi sekretin təsiri ilə bağlıdır. O, kifayət qədər mürəkkəb tərkibə (200-ə yaxın fermentlər) malikdir.
 
Reflektor təsir isə demək olar ki, refleksoterapiya ilə eynidir. Son zamanlar mütəxəssislər daha çox zəlini refleksoterapiya zamanı istifadə olunan nöqtələrə qoymağı daha məqsədəuyğun hesab edirlər.
 
Beləliklə, xroniki iltihab prosesləri ilə yanaşı, ürək qüsurlarında, ürəyim işemik və qan dövranı xəstəliklərində, stenokardiya, maddələr mübadiləsi pozulduqda, mədə-bağırsaq xəstəliklərində, nevroloji problemlərdə, miqrendə və s. xəstəliklərdə zəli ilə müalicə müsbət effekt verir.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub