Azərbaycanın müalicəvi termal bulaqları – İkinci yazı
30.07.2021 14:09

İnsanlar şəfa tapmaq üçün termal mənbələrdən, şəfalı sulardan və təbiətdən hər zaman istifadə etməyə çalışıblar. Bu səbəbdən sağlamlıq turizmində “Termal Turizm” başlığı meydana gəlib. Termal sağlamlıq müəssisələrində reabilitasiyadan xronik xəstəliklərin müalicəsinə qədər müxtəlif tibbi xidmətlər həyata keçirilir.

Aztibb.az müalicəvi termal bulaqlarımız, eləcə də bu bulaqların sağlamlıq turizmi potensialı haqqında növbəti yazını təqdim edir

Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün termal sular geniş imkanlar açır. Təəssüf ki, termal bulaqlarımızın sayı bugünə qədər dəqiq müəyyən edilməyib.

Müalicəvi mineral sular, palçıq vulkanı və nefti ilə zəngin ölkəmizdə termal sular daha çox Abşeron, Böyük Qafqaz və Talış zonalarında yerləşir.
Termal bulaqların fiziki-kimyəvi və mikrobioloji analizinin nəticələrinin təhlili göstərir ki, onlardan müalicə-sağlamlıq məqsədilə istifadə olunması mükündür. Bulaqların debitinin və temperaturunun yüksək olması, həm daxilə qəbul etməyə, həm də vanna müalicəsində geniş istifadə olunmasına şərait yaradır.

Analizlər nəticəsində bu bulaqlar zəif qələvi mühitə malik, minerallaşmış, kimyəvi tərkibinə görə hidrokarbonatlı, natriumlu, zəif sulfidli-təbii mineral müalicəvi süfrə suyu kimi təsdiq olunub.

Termal və mineral sular Azərbaycanın digər bölgələri ilə müqayisədə Lənkəran rayonunda daha çoxdur. Onlar tarixən müxtəlif alimlər – geoloqlar, hidrogeoloqlar, tibb mütəxəssisləri, kimyaçılar, tərəfindən ətraflı tədqiq olunub.

 



Lənkəranın termal və mineral suları Çar Rusiyası dövründə ətraflı öyrənilib. Bunun əsas səbəbi Çar Rusiyası dövründə Azərbaycan ərazisində xidmət edən rus əsgərlərinin istirahəti və müalicəsi üçün onlardan xüsusi istifadə edilməsi olub.

Digər tərəfdən, bu ərazilərin füsunkar təbiəti, onun Xəzər dənizinin ətrafında yerləşməsi, İran və digər Yaxın Şərq ölkələrinə yaxınlığı, həm də çoxsaylı termal və mineral suları buraya diqqəti daim artırıb.


Lənkəran rayonunda "Meşəsu" (550 min litr/gün) və "İbadsu" (550 min litr/gün) termal suları bir çox xəstəliklərin (dəri-zöhrəvi, ürək-damar sistemi və s.) müalicəsində istifadə edilir.

Meşə su termal suyu Lənkərandan 12 kilometr şimal-qərbdə Qamaru çayı yatağında, dəniz səviyyəsindən 55 metr yüksəklikdə yerləşir, bulağın bir-birindən 80 metr aralıda 13 çıxışının vardır.

Qavzaur termal suyu Lənkərandan 14 kilometr şimal-qərbdə Qavzaur çayının sağ sahilində yerləşir. Suyun hərarəti 420 °C olub, debiti 129 600 litr/gün təşkil edir. Mövsüm ərzində burada 2500 xəstə şəfa tapır.

Azərbaycanın Şimal zonasında isə azot və kükürdlü oksigen xassəli termal və soyuq suların çıxıntısı müşahidə olunur. Bunların içində ən qiymətliləri Xaltan, Jimi və Həşim suları (Quba rayonu), Çuxuryurd sulları (Şamaxı rayonu), Bum və Xalxal sularıdır (Qəbələ rayonu).

Xaltan termal bulağının müalicə məqsədilə istifadəsi üçün suyu həm daxilə qəbul etmək, həm də vanna qəbul etməklə bir çox xəstəliklərin müalicəsi və sağlamlığın bərpa olunmasında istifadə etmək olar. Suyun mikrobioloji analizinin nəticələrinə görə bakteriya və digər mikro orqanizmlərin normadan az olması müalicəvi süfrə suyu kimi istifadə olunmasına imkan verir.

Xaltan bulağının suyunun vanna şəklində qəbul edilməsi oynaq və dayaq aparatı, ürək-damar sistemi və əsəb, qadın və ginekoloji xəstəliklərin müalicəsi üçün effektivdir. Xaltan bulaqlarının xarici analoqlarının təhlili göstərir ki, onların bazasında müasir sanatoriya-kurort kompleksləri təşkil olunub. Xüsusilə Şimali Qafqaz və Ukraynanın Krım vilayətində qeyd olunan tərkibdə olan termal mənbələrin bazasında müasir sanatoriyalar tikilib.

Naxçıvan bölgəsində Darıdağ mineral suyu termal sular qrupuna daxildir, belə ki bu su yer səthinə 53-57 °C temperatur halında çıxır.



Culfa rayonu ərazisində Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Ürək-damar xəstələri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr bu suyun vannasını qəbul etməklə müalicə olunurlar.

Respublikamızda yüksək temperaturlu mineral sulardan Qoturlu (64°), Donuzütən (64°, Masallı rayonu), İstisu (62°-yə Kəlbəcər rayonu) xüsusilə tanınır.

Kəlbəcər rayonunda çox sayda termal su qaynaqları var. Onlardan ən məşhurları Yuxarı İstisu, Aşağı İstisu, Qoturlu İstisuyu və Turşsudur.

Zonanın bütün termal suları kimyəvi tərkibinə görə karbonqazlı, sulfat-xlorid-hidrokarbonat-natriumludur, bu da Kəlbəcər rayonunun termal sularının formalaşma şəraitinin eyni olduğuna dəlalət edir. Termal suların qaz faktoru çox yüksəkdir, təbii çıxışlarda və quyuların suyunda qaz tamamilə karbon qazından ibarətdir. Suların keyfiyyəti temperaturdan asılı olaraq dəyişir. Həmin sular sinir, oynaq, ürək-damarları xəstəlikləri zamanı istifadə olunur.

Kəlbəcərin İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynidir və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur.

İstisu ilə mədə-bağırsaq xəstəliyinə, maddələr mübadiləsi pozğunluqlarına, sinir sistemi, hərəkət orqanları və ginekoloji, uroloji xəstəliklərə tutulanlar müalicə oluna bilirlər. İstisu mineral bulaqlarının suyundan alınan duzlar xronik qəbizlik, qaraciyər, öd kisəsi, qastrit və s. xəstəliklərin müalicəsində işlədilir.

Möcüzəli şəfa mənbələrindən biri də Masallıdakı məşhur İstisudur. İstisuyun müalicəvi olmasını ötən əsrin 60-cı illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut edib. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya gələrək əlavə tədqiqat aparıb və həmvətənimizin kəşfini təsdiqləyib. Dəmbəlov dağının ətəyindən çıxan isti su ilə oynaq, mədə-bağırsaq, travmatik ağrıları və artroz kimi fəsadları aradan qaldırmaq mümkündür. Pisarioz, neyrodermit, göbələk, ekzema, böyrək və sidik yolları, habelə radikulit, prostatit, hipertoniya, qaraciyər və öd, qadın xəstəlikləri müalicə oluna bilər.

Termal bulaqlarımızı öyrənən tədqiqatçıların təəsüflə qeyd etdikləri bir məqam var. İnsanların sağlamlığını və istirahətini təmin edən termal sular istifadə edilmədən Xəzər dənizinə axıdılır. Bu kimi hallara Xaçmaz, Kürdəmir Lənkəranda və digər rayonlarda rast gəlinir. Odur ki, həmin termal və mineral su resurslarından tam və səmərəli istifadə edilməsi vacib bir məsələ kimi gündəmə gətirilməlidir.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır