İyulun 28-i Ümumdünya Hepatit Günüdür  
28.07.2021 10:06

Dünya Səhiyyə Təşkilatının qərarı ilə 2010-cu ildən başlayaraq hər il iyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Bu gün dünyada hepatit viruslarına qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

 

Aztibb.az xəbər verir ki, həmin günün iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən, ona qarşı ilk vaksini yaradan və bu uğura görə Nobel mükafatına layiq görülən professor Barux Blumbergin doğum tarixi ilə əlaqədardır.

 

Sürətlə artan xəstəliklər qrupuna aid edilən hepatitin A, B, C, D, F və başqa növləri var. Qanla yoluxan hepatit B və C növlərinin müalicəsi daha çətindir. Digər hepatitlərdə olduğu kimi, hepatit C-də həm parental-venadaxili infuziya yolu ilə, həm də qeyri-parental - cinsi yolla yoluxma, transplasentar – anadan körpəyə yoluxma yolu ilə keçə bilər.

 

Xəstəliyin ilkin spesifik əlamətləri olmasa da, əsasən iştahasızlıq, yorğunluq, zəif ürəkbulanma və halsızlıqdan şikayətlər olur. Bəzi hallarda mədə nahiyəsi dolğun və zəif ağrılı, bəzi hallarda göz və dəridə sarılıq halları ilə özünü büruzə verir. Erkən əlamətlər yoluxmadan ən tez 2, ən gec 6 ay sonra müşahidə edilir.

 

“Səssiz qatil” adlandırılan hepatit C xəstəliyi uzun müddət orqanizmdə qalır və sonradan ciddi fəsadlar törədir. Əvvəlcə fəal başlayan xəstəlik əksər hallarda səssiz və lal gedişi ilə müşahidə edilir. Aktiv hepatit C keçirən xəstələrin 15-20 faizi tamamilə normal vəziyyətə qayıtsa da, xəstələrin çoxunda hepatit C virusu qandan təmizlənmir və xroniki hala çevrilir. Lakin heç də bütün hallarda seroza keçmir. Ancaq onların təxminən 20 faizində qara ciyər serozu və ilk infeksiyadan 30-40 il sonra, hətta 40 yaşdan yuxarı xəstələrdə hepatit C mənşəli xərçəngə çevrilir.

 

Xəstəliyə yoluxmamaq üçün steril şpris və iynələrdən, tatuaj və pirsinq zamanı birdəfəlik iynə və əlcəklərdən, dezinfeksiya olunmuş alətlərdən, şəxsi gigiyena vasitələrindən fərdi qaydada istifadə etmək lazımdır.

 

Hər il Yer üzündə təxminən 1,4 milyon insan hepatitdən dünyasını dəyişir. Hazırda dünyada 400 milyona yaxın insan hepatit xəstəliyinə yoluxub. O cümlədən, 325 milyon insan hepatit B və ya C virusu ilə yaşayır.
 
Əvvəllər bu xəstələrin yalnız 1%-dən azı müalicə oluna bilirdisə, artıq hepatit xəstəliyi tam müalicə oluna bilən xəstəlikdir. Hepatit xəstəliyinə yoluxmuş insanların yaşadığı ölkələrdə lazım olan tibbi təchizat və xəstəliyə qarşı mübarizə aparmaq imkanı olarsa, 2030-cu ilə qədər hepatitlə mübarizədə müsbət nəticələrə nail olmaq mümkün olacaq.
 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hepatit Günü ilə əlaqədar bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün xəstəliyin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb. BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.

 

Hepatitdən qorunmaq və orqanizmdə hepatit virusunun olub olmadığını bilmək üçün qanın müayinəsi aparılmalı və peyvənd vurulmalıdır. ÜST hər il 780 000 nəfərin ölümünə səbəb olan hepatit B virusuna qarşı peyvənd aparılmasını tövsiyə edir

 

Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm tədbirlər görülür. Həmin tədbirlərə hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilmələri və müalicələrinin təşkili daxildir. 2014-cü ildən etibarən Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya yaradılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır