Koronavirus profilaktikasında seleniumun rolu -  MÜSAHİBƏ
12.07.2021 16:09

Aztibb.az günümüzün geniş yayılmış virus xəstəliklərinə qarşı, eləcə də iltihab və stress əleyhinə yüksək təsirli, sağlamlığımız üçün çox əhəmiyyətli immungücləndirici, antioksidant olan selenium mineralının faydaları, selen tərkibli qidalar və onların istifadəsi haqqında AMEA-nın Biofizika İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynovla müsahibəni təqdim edir:

 

-Tokay müəllim, öncə selenium maddəsi və onun insan orqanizminə faydaları haqqında danışardınız.

 

-Məlumat üçün bildirim ki, selen torpaqda tapılan bir mineraldır. 1954-cü ildə biokimyaçı Ceyn Pinsent mikroorqanizmlərdə seleniumun xüsusi bioloji funksiyalarının ilk ipuclarını kəşf etdi və üç il sonra bu maddənin məməlilərin həyatı üçün zəruri olduğu aşkar edildi. Ümumiyyətlə, selenium bütün heyvanlar da daxil olmaqla bir çox orqanizmlərdə hüceyrə funksiyası üçün az miqdarda olur. Bitkilərdə isə selenin tələbi növlərə görə fərqlənir.

 

 

İnsan orqanizminə gəldikdə, selenium orqanizmin normal fəaliyyəti üçün zəruri olan mikroelementlərdən biridir. Bu elementin birləşmələri antioksidant xüsusiyyətlərinə malikdir və hüceyrələrin oksidləşdirici stresin zədələyici təsirindən qorunmasında, maddələr mübadiləsi, tiroid funksiyası, immun sistemini gücləndirmək, beyinin faliyyətini yaxşılaşdırmaq və ürək-damar xəstəlikləri riskini azaltmaq, müxtəlif növ şişlərin böyüməsi və inkişafının qarşısının alınmasında mühüm rol oynayır.

 

-Güclü antioksidant kimi seleniumun canlı orqanizmdə virusu zərərsizləşdirməsi prosesi necə baş verir? Bununla bağlı nə kimi təqdiqatlar vardır?

 

-Virus patogenləri oksigenin aktiv formalarının (OAF) istehsalının artması və hüceyrə OAF-nın istifadə sistemlərini dəyişməklə oksidləşdirici stresə səbəb olurlar. Antioksidant müdafiəsinin bir hissəsi olaraq selenproteinlər oksidləşdirici stresin idarə olunmasında mühüm rol oynayırlar. Seleniumun faydalı təsirlərinin əksəriyyəti, antioksidant müdafiədə iştirak edən seleniumzülal (selenproteinlər) qrupuna daxil olması ilə əlaqələndirilir.

 

OAF əmələ gətirən viruslara insanın immun çatışmazlığı virusu (İİÇV), hepatit B və C virusu, Epştein-Barr virusu, herpes simplex virusu, vezikulyar stomatit virusu, respirator sinsitial virus, insanın T-hüceyrə leykozu virusu və insanın qrip virusları və s. aiddir. Müxtəlif viruslar tərəfindən OAF əmələ gətirmə mexanizmləri fərqlidir, lakin bəzi hallarda hədəf sahib hüceyrənin antioksidant qoruyucu fermentləri və xüsusilə selenproteinlərdir.

 

Çoxsaylı tədqiqatlar sahib hüceyrənin selenium statusunun virus genomunun təkamülünə təsirini təsdiqləyir. Selenium statusunun qrip virusunun mutasiyasına güclü təsiri məlumdur. Bundan əlavə, bir sıra tədqiqatlarda qanın plazmasındakı selenium səviyyəsi ilə irələliyən hepatit B virusu arasında assosiativ əlaqə göstərilib.

 

Selenium çatışmazlığı virus genomunu da dəyişdirə bilər, belə ki, adətən xoşxassəli və ya orta dərəcədə patogen bir virus oksidləşdirici stresin  təsiri ilə çatışmazlığı olan “sahib”də yüksək virulentliyə malik olur.

 

Bildirim ki, araşdırmalar nəticəsində bütün RNT tərkibli virusların genomunun tərkibində selenproteinlərin olduğu müəyyən edilib. Onu da qeyd edim ki, son 20 ildə HİV infeksiyası, Ebola sətəlcəmi, Koksaki virusu, Hantavirus, müxtəlif növ qrip (quş qripi) və s. kimi virus xəstəliklərinin inkişafının araşdırılması göstərdi ki, selenium çatışmazlığı olan bölgələrdə bu xəstəliklərdən ölüm halları normadan xeyli yüksəkdir. Məsələn, Ebola genomunda 16 selenproteinin olduğu müəyyən edilib. 

 

-Gündəlik qidalarımızdan hansılar selenium tərkiblidir, təbii yolla bu mineralı orqanizmimizə necə qazandırmalıyıq, yaxud xüsusi selenium həbləri varmı?

 

-Dünyanın əksər ölkələrində selenium statusunda nəzərə çarpacaq dərəcədə  azalma müşahidə  olunur. Bu insanın antropogen təsiri nəticəsində ətraf mühitin hədsiz pisləşməsi ilə əlaqədardır. Energetikanın (yanmış karbohidrogenlərin kül qalıqları) sənayenin, rabitənin, nəqliyyatın intensiv inkişafı nəticəsində qaz anhidridlərinin əhəmiyyətli miqdarda havaya atılması torpaqların turşulaşmasına, eləcə də ağır metallarla çirklənməsinə, son nəticədə seleniumun mütəhərrik formalarının azalmasına, bir sözlə, bitkilər tərəfindən mənimsənilən və onların vasitəsi ilə insan orqanizminə daxil olan seleniumun miqdarının düşməsinə səbəb olur. Ona görə də, belə şəraitdə böyüyən bitkilərdə bu dəyərli element kifayət qədər toplana bilmir. Nəticədə heyvandarlıq üçün əsas yem mənbəyi olan buğda, arpa və qarğıdalıda və buna müvafiq yumurta, ət və süd məhsullarında selenium tükənir. Dünyadakı mövcud ekoloji vəziyyətə görə, hətta əvvəllər normal selenium statusuna malik olan ölkələrdə də hazırda selenium çatışmazlığı müşahidə olunur.

 

 

 

Selenium ilə zəngin olan qidalardan danışsaq, ilk növbədə qaraciyər, yumurta sarısı, sarımsaq, yaşıl soğan, qarğıdalı, brokoli, düyü, lobya, mərci, buğda, püstə, fıstıq, qoz, badam və digər qidalarımızda bu maddə daha çox toplanır. Selenium çatışmazlığının bərpası bioloji aktiv əlavələrin köməyi ilə də mümkündür. 

 

-Koronavirusa qarşı seleniumun rolu nədir və selenium çatışmazlığı nə üçün ortaya çıxır? Bu hal daha hansı xəstəliklərə yol aça bilər?

 

-Seleniumun virus infeksiyalarına, xüsusən də COVID-19-a necə təsir göstərə biləcəyi sualına cavab vermək üçün sadalaycağım hallara diqqət yetirmək lazımdır. Virus hissəciyi xarici membran səthində zülal çıxıntılarından, taclardan ibarətdir, daxili hissəsində isə onun genomunun məxsusi daşıyıcısı-RNT var. Bu taclar sahib hüceyrənin membran aparatı ilə qarşılıqlı təsirə girərək, onların tamlığını pozmaqla modifikasiyasını dəyişir və virusun genetik materialının içəri daxil olmasını asanlaşdırır. Növbəti mərhələdə virus RNT-si sahib hüceyrə genomuna yerləşir və onu dəyişdirir, bundan sonra sahib hüceyrə resursları hesabına virusun çoxalması baş verir. Bu o deməkdir ki, hər hansı bir zülalın quruluşunun dəyişilməsi hesabına hüceyrə membranı ilə virusun təmasının kəsilməsi infeksiyalaşmanın qarşısının alan bir profilaktik tədbirdir. Məsələ ondadır ki, seleniumun ən yaxın analoqu təbiətdə olan kükürddür, onun miqdarı təbiətdə və o cümlədən insan orqanizmində seleniumla müqayisədə 300 dəfə artıqdır. Əsas odur ki, kükürd protein molekulunun müxtəlif qruplarını birləşdirən SH qruplarını və zülal molekullarında müxtəlif qrupları birləşdirərək körpülər yaratmaq hesabına zülalların formalaşmasında mühüm rol oynayır. Selenium kükürdün analoqu olaraq, onu müxtəlif nisbətlərdə əvəz edir. Təbiətdə selenium əsasən selenit şəklində tapılır və beləliklə, SH qruplarına qarşı oksidləşdirici təsir göstərərək, özü də sonradan selenidə qədər reduksiya olunur. Xatırladım ki, bu yaxınlarda, virus tacının açar zülallarından biri – Disulfidizomeraza olduğu aşkar olunub, onun selenitlə qarşılıqlı təsiri zamanı inaktivləşməsi baş verir, bir sözlə, virus tacının açar zülalının aktiv mərkəzində sulfhidril qrupların oksidləşməsi gedir. Bu da virusun sulfhidril qrupunun sahib hüceyrənin membran zülallarının sulfhidril qrupu ilə mübadiləsini pozur, nəticədə sahib hüceyrə membranı ilə əlaqənin kəsilməsi baş verir və orqanizmin infeksiyaya yoluxmasının qarşısı alınır. Bu halda yoluxmanın profilaktikası üçün ən çox uyğun gələn məhz natrium selenit və onun törəmələridir. 

 

-Seleniumla bağlı araşdırmlarınızın davamı olaraq tibb sənayesi üçün hansı təklifləriniz var?

 

-Bu gün yaradılan selenium tərkibli bioloji aktiv əlavələr bioloji faydalılığı artırmaq üçün seleniumun qeyri - üzvi formalarını üzvi formaya biotransformasiyasına dair tədqiqatların nəticəsidir. Bu baxımdan, yoluxmanın qarşısının alınması üçün natrium selenit əsasında hazırlanan çoxsaylı preparatlar ən uyğun olandır. Bu gün tibb və qida sənayesi çoxlu sayda sintetik və yarımsintetik selenium birləşmələri istehsal edir. Eləcə də, az toksik, çox effektiv, məqsədyönlü təsirə malik selenüzvi birləşmələr istehsal olunur. Davam edən tədqiqatlar sayəsində selenproteinlərin biokimyəvi xüsusiyyətləri haqqında yeni məlumatlar ortaya çıxır. Bununla əlaqədar, selenium çatışmazlığını aradan qaldırmaq məqsədi ilə qida məhsullarının zənginləşdirilməsi üçün zəruri maddələr kimi selenproteinlərdən qida əlavələri kimi istifadə etmək imkanları genişləndirilir.

 

Onu da qeyd edim ki, mənim və Biofizika İnstitutunun əməkdaşı - b.ü.f.d. Ruhiyyə Quliyeva ilə ətraf mühit amillərindən birinin – Selenium statusunun COVID-19 genomunun bir hissəsi olan HİV/AİDS-in inkişafına və patogenliyinə qarşı təsiri barədə birgə apardığımız araşdırmalar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müalicə protokoluna daxil edilib.

 

 

 

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb