Həkim-kardioloq: “Ürək-damar xəstəlikləri olanlar vaksinasiyaya daha çox üstünlük verməlidir” /MÜSAHİBƏ
14.08.2021 14:53

Kardioloji xəstəliklər müasir dövrdə insanların ən çox məruz qaldığı xəstəliklərdəndir. Digər xəstəliklərlə müqayisədə kardioloji xəstəliklər ölümə və əmək qabiliyyətinin itirilməsinə daha çox səbəb olur.

 

Aztibb.az ürək-damar xəstəliklərinin çoxalmasının səbəbləri, koronavirus infeksiyasının və peyvəndinin ürək-damar xəstəliklərinə təsiri, bu xəstəliklərdən qorunmağın yolları kimi mövzularda Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay Məmmədova ilə müsahibəni təqdim edir.

 

- Günay xanım, bu gün kardioloji xəstəliklər tibbin başlıca problemlərindən biri olmaqla bərabər, həm də sosial problemə çevrilib. Cavanlaşmaqda olan ürək-damar xəstəliklərinin risk amilləri barədə danışardınız.

 

- Təbii ki, günümüzdə sıx rast gəlinən bu xəstəlik böyük sosial problemə çevrilib. Ürək-damar xəstəliklərinə səbəb olan bəzi risk amillərinin qarşısını almaq mümkündür. Çünki sadalayacağım  risk amillərini dəyişmək bizim əlimizdədir. Misal olaraq, tütün çəkməkdən imtina etmək, hansı ki, əsas risk faktorlarındadır. Bədən çəkisi, düzgün qidalanmamaq, aktivliyin aşağı olması - bunlar dəyişdirilə bilinən risk faktorlarıdır. Dəyişdirilə bilinməyən faktorlar isə genetik, yaş və cinslə əlaqədar faktorlardır.

 

- Xüsusən gənc yaşlarda ürək xəstəliklərindən qəfləti ölümün qarşısını almaq üçün nələrə diqqət yetirilməlidir?

 

- Gənc yaşlarda ürək xəstəliklərindən qəfləti ölümə səbəb aritmiyalar, yaxud ürək ritminin pozğunluqları ola bilər. Bundan əlavə, müəyyən hallar və xəstəliklər sonrası ürəkdə ortaya çıxan fəsadlar da ani ölümə səbəb olur. Cavan yaşlarda qəftəti ölümün qarşısını almaq üçün öncə profilaktik müayinələr aparılmalıdır.

 

- Anadangəlmə ürək qüsurlarının təməl səbəbləri nədir?

 

- Anadangəlmə ürək qüsurlarının təməl səbəblərindən biri xromosom anomaliyalarıdır ki,  əsasən 5%, digər səbəblərdən olan gen mutasiyaları isə 2-3 % təşkil edir. Bundan başqa, ananın yaşının 40-dan yuxarı olması, diabet xəstəsi olması, belə hallarda doğulan uşaqlarda daha çox qüsura rast gəlinir, eləcə də bətn daxilində məxmərək, adenovirus, vərəm kimi infeksion xəstəliklər keçirən hamilə qadınlarda risk artır. Bəzi dərman vasitələrinin istifadəsi, xüsusilə alkoqollar, amfetaminlər, qıcolma əleyhinə pereparatlar qəbul edən şəxslərdə döldə anadangəlmə ürək qüsurlarının formalaşması baş verir.

 

- Mütəxəssislərin bildirdiyinə görə, koronavirus infeksiyası infarkta və ürək əzələsinin iltihabına səbəb ola bilər. COVID-19 ürək-damar xəstəliklərində hansı əlamətlərlə özünü göstərir?

 

- Koronavirus xəstələrində müayinələr zamanı qan təhlillərinin nəticəsində troponin İ-nin yüksək olması aşkarlanıb ki, bu fakt da ürək əzələsində zədələnməni göstərir.

Koronavirus ürəkdə miokardit yaradır. Bildiyimiz kimi, miokardit də ürək əzələsinin iltihabi infeksion xəstəliyidir. Bu xəstəlik zamanı ürəkdə divar hərəkət qüsurları və ürək funksiyasının aşağı düşməsi halı baş verir.

İlkin olaraq, angiqrafiya müayinəsi zamanı damarlarda bir problem görünmür. Yəni, səbəb ürək əzələsində baş verən iltihabi bir prosesə bağlı olur. Yekun olaraq qeyd edim ki, koronavirus infeksiyası infarkta və ürək əzələsinin iltihabına gətirib çıxara bilər.

 

- Xəstə döş qəfəsində ağrı hiss etdikdə infarktın baş verib-vermədiyini necə anlaya bilər?

 

- Qəflətən baş vermiş, sinədə yayılmış və 5 dəqiqədən artıq davam edən kəskin xarakterli ağrılar zamanı biz artıq bilməliyik ki, təcili olaraq kardioloqa müraciət etmək lazımdır. Əgər ağrı yayılıbsa, heç nəyin fonunda keçib getmirsə, qəfləti və kəskin başlayıbsa, döş qəfəsində yayılırsa, artıq burada ciddi bir əlamətin olduğu bilinməkdədir.

 

- Kəskin respirator virus infeksiyası xəstəliklərinin müalicəsində istifadə olunan dərmanlar ürəyə zərər verirmi?

 

- Belə xəstəliklərin müalicəsində istifadə olunan dərmanların ürəyə hər hansı bir ziyanı ola bilər. Lakin bu zaman fayda və zərər nisbəti nəzərə alındıqda, faydanın üstünlüyü daha çox əhəmiyyət kəsb edir, nəinki zərərli tərəfləri.

 

- Bəs koronavirus peyvəndinin ürək-damar xəstələri üçün əks-təsiri ola bilərmi?

 

- Sağlam insanla müqayisədə ürək-damar xəstəlikləri olan insanlar vaksinasiyaya daha çox ütünlük verməlidir. Çünki koronavirus ürək-damar xəstəlikləri arasında ölüm hallarını artıran bir xəstəlikdir. Əgər xəstəlik kəskin bir dönəmdə deyilsə, ürək-damar xəstələri də vaksin vurdura bilərlər. Onu da bildirim ki, vaksinasiya olunmazdan öncə mütəxəssis rəyi vacibdir.

 

 

 

- Təcrübənizdə ürək xəstəliklərinin müalicəsi və diaqnostikasında son yenilikləri özündə əks etdirən hansı müasir terapevtik və cərrahi üsullar tətbiq edirsiniz? 

 

- Ümumiyyətlə, tibbin sürətlə inkişaf etdiyini nəzərə alsaq, ürək xəstəliklərinin müalicəsi və diaqnostikası zamanı da kardiologiyanın son nailiyyətlərini tətbiq etmədən uğurlu nəticəyə varmaq çətindir. Ürəkdə sadədən başlayaraq, mürəkkəbə kimi elektrokardioqrama, exokardioqrama, treadmill testi, koranar angiqrafiya, kardio-MRT, kompüter tomoqrafiya, kopüter angiqrafiyası və bu sahənin tətbiq edilən digər yeniliklərini sadalaya bilərik.

Mən, əsasən, ürək-damar xəstəliklərinin terapevtik müalicəsi ilə məşğulam. Exokardioqrafiya, treadmill test və Holter monitorinqini aparıram.

 

- Xəstə ürək orqanizmimizlə birgə həyat fəaliyyətimizi də dəyişir. Özümüzü necə qorumalı? Bir mütəxəssis olaraq tövsiyələriniz qiymətlidir.

 

- Piyada gəzmək ürək-damar sağlamlığı üçün faydalıdır.  Əgər ürək xəstəliyimiz varsa, yaxud da profilaktik olaraq, gün ərzində 4-5 km gəzmək məsləhətdir.

Ürək xəstələrində doğru qidalanma çox əhəmiyyətlidir.  Minimal olaraq 2-3 pors tərəvəz və bir o qədər də meyvə yemək. Bədən çəkimizə diqqət etmək və bunun üçün yemək miqdarını azaltmaq.

Tütün məmulatlarından istifadəni məhdudlaşdırmaq. Çünki siqaret oksigenin ürək əzələsinə getməsinə mane olur.

Həmçinin alkoqoldan, digər zərərli vərdişlərdən çəkinməklə ürək-damar xəstəliklərindən qoruna, eyni zamanda mövcud xəstəliklərin inkişafının qarşısını ala bilərik.

Hər şey öz əlimizdədir. Sağlam olun, sağlam qalın!

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Məlahət Əzizova
Şəkərli diabet xəstəliyinin əlamətləri nələrdir?  
Tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova Xətai Tibb Mərkəzində fəaliyyət göstərəcək