Yazgül Abdıyeva: "COVID-19-un mutasiyaya uğramış variantları virusun özündən daha təhlükəlidir"
05.03.2021 09:43

“Koronavirusun mutasiyaya uğraması gözlənilən idi, viruslar, adətən, ayda bir dəfə dəyişiklikliyə uğraya bilər, bu da ildə 12 –20 dəfə mutasiya deməkdir. Lakin son zamanlarda koronavirusun mutasiyası nəticəsində yaranan hər üç variantda bir ildə baş verə biləcək qədər mutasiya var və onların genləri haqqında məlumat yoxdur. Virus təkamül keçirdiyi müddətdə onun genetikasının necə dəyişdiyi tədqiqatçı alimlər tərəfindən hələ ki, öyrənilməyib”.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva son zamanlar virusun mutasiyası ilə bağlı söylənilən faktlara münasibət bildirərkən deyib.

 

Mutasiya nəticəsində yaranan yeni variantların xəstəliyin gedişinə təsiri, eləcə də ölkədə başlanan könüllü peyvəndləmə kampaniyasından bəhs edən həkim vurğulayıb ki, koronavirusla mübarizədə vaksinasiyanın başlaması ümidləri artırıb:


"Böyük Britaniya, Cənubi Afrika və Braziliyada ortaya çıxan yeni mutasiyalar elm dünyasını ciddi narahat edir. Türkiyə Səhiyyə Nazirliyinin Koronavirus Elmi Şurasının üzvü, professor Kənan Midilli iddia edir ki, virusun mutasiyası böyük ehtimalla immun sistemi zəif olan, yəni, virusa asanlıqla cavab reaksiyası verə bilməyən və ya qan plazma müalicəsi almış xəstələrdə yaranıb və ondan sonra insanlar arasında yayılmağa başlayıb. COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə - yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır".

 

Onun sözlərinə görə, digər infeksion xəstəliklərdə olduğu kimi, yeni koronavirus zamanı da anadangəlmə, qazanılmış immun çatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən ölümlə nəticələnir. Bu səbəbdən də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır.


Yazgül Abdıyeva immun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr verib: "İllik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmaq olmaz. Qida maddələrinin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət etmək, gecə yuxusunu normal təmin etmək lazımdır. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immunitetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Normal qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır".

 

O, həmçinin COVID-19-un mutasiyaya uğramış variantlarının virusun özündən daha təhlükəli olduğunu bildirib. Qeyd edib ki, virusun mutasiyasından danışarkən unutmamalıyıq ki, İngiltərədə birinci, Cənubi Afrikada ikinci və Braziliyada üçüncü variant mutasiyaların hər üçünün oxşar xüsusiyyəti daha sürətli ötürülmə və yayılma tempinə malik olmalarıdır. Alimlər bildirirlər ki, İngiltərə variantının əvvəlki COVID-19 virusundan ən az 30 faiz daha artıq yoluxucu olması müəyyən edilib. Lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni variantların yoluxuculuq qabiliyyətinin daha yüksək olmasına baxmayaraq, onlar əvvəlki virusla eyni dərəcədə ölüm və ya ağırlaşmalar yaradır. ÜST vaksin istehsalçılarına tövsiyə edir ki, COVID–19 əleyhinə peyvənd istehsalında yeni variantları da nəzərdə saxlasınlar. Bəzi peyvəndlər var ki, onların tərkibinin dəyişdirilməsinə ehtiyac olmur, məsələn qızılcaya qarşı peyvənd. Lakin elə peyvəndlər var ki, məsələn, qripə qarşı peyvəndlərin strukturu hər il yayılan ştammlara uyğun olaraq dəyişdirilməlidir. Mövcud peyvəndlərin yeni variantlar üzərində nə qədər effektiv olacağı barədə araşdırmalar davam etdirilir, lakin onların ağırlaşma hallarından qoruya biləcəyi də istisna edilmir. İlin əvvəlində bir çox ölkələrdə yoluxma sayının azalması müşahidə olunsa da, hazırda ən çox yoluxma Portuqaliya, İsveçrə və Danimarkada qeydə alınır və Portuqaliyada yoluxan şəxslərin 60 faizində virusun İngiltərə variantına yoluxma olduğu bildirilir. Yaz aylarında İngiltərə variantının bütün Avropada yayılması ilə virusun 3-cü dalğasının yaşanması ehtimal olunur.

İctimai birliyin sədri hesab edir ki, koronavirusun üç müxtəlif mutasiya variantının meydana gəlməsi ilə peyvəndləmə prosesi daha da sürətlənməli, qısa bir zamanda peyvəndlər bütün ölkələr üçün əlçatan olmalıdır. Bununla yanaşı, peyvənd istehsalı da sürətlənməlidir. Üçüncü dalğanın nə vaxt gələcəyini demək çətindir, dünya hazırlıqlı olmalı, əvvəlki yayılma dönəmlərindən öyrənilmiş dərslərə əsasən hər kəs qaydalara əməl etməlidir. Tövsiyə olunan karantin rejimlərinin yumşaldılması ilə infeksiyaya nəzarət tədbirləri, fərdi qorunma vasitələrindən istifadə davam etdirilməlidir. Maskadan istifadə, əllərin təmiz saxlanılması və ara məsafəsinin gözlənilməsi virusla mübarizədə sübut olunmuş effektiv və asan qorunma vasitələridir.


Mütəxəssisin fikrincə, gigiyena qaydalarına əməl edilməli, peyvənddən qorxmamalı, vaksinasiya prosesi cəmiyyətdə təşviq edilməlidir: "Hətta kifayət qədər peyvənd olarsa, fikrimcə, prioritet əhali qrupunun həcmini daha da artırmaq mümkün idi. Bu istiqamətdə hər gün ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində olan, evdən işləmək imkanı olmayan insanlara da vaksin vurulmasını tövsiyə edərdim. Çünki ictimai nəqliyyatda yoluxma riski həmişə yüksək olmuşdur. Səhər və axşam saatlarında ictimai nəqliyyatdakı sıxlıq potensial yoluxma məkanıdır".

 

Y.Abdıyeva “koronavirusdan sağaldım” – deməklə xəstəliyin bitmədiyini bildirib: "Çin alimləri COVID-19-dan sağalmış 1733 qadın və kişi üzərində geniş masştablı araşdırmaların yekununda bu nəticəyə gəliblər ki, koronavirusdan tam sağalma uzun prosesdir. Sağalan xəstələr 6 ay və daha uzun müddətdə zəiflik, yorğunluq, yuxu pozulması, depressiya, təşviş, baş ağrılarından şikayətlənir. Koronavirusun təsiri və zərbəsi elan olunandan sonra 20 – 30 gündən daha çox müddət insanla qalır. Ona görə bu xəstələrin reabilitasiyasına diqqət yetirmək vacibdir. Alimlər, həmçinin virusa yoluxub sağalan xəstələri 6 ay sonra tibbi baxışdan keçirib, funksional testlər, analizlər götürüblər. Məlum olub ki, virusun uzun müddətli mənfi simptomu tez yorulmaq, əzələ zəifliyi, sinir ağrılarıdır. 23 faiz xəstələrdə depressiya və təşviş, 27 faizində isə yuxu pozulması olub. Qadınlar kişilərə nisbətən daha çox şikayətlənib. Həkimlər pasiyentlərin gələcək durumuna görə narahat olduqlarını bildirib. Doktor Liksue Huanqa deyib: “Müayinə olunanların hər 5 nəfərindən 3-də fizioloji və psixoloji şikayətlər var idi. Biz hələ də bilmirik, koronavirusdan tam sağalmaq üçün nə qədər vaxt lazımdır, tam sağalmaq ümumiyyətlə mümkündürmü?” Bu, həm də COVID-19 virusunun nə dərəcədə ciddi, ağır olduğunu bir daha sübut edir".

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən