Loqoped-defektoloq Xavər Abdullayeva: "Kəkələmələr bir çox hallarda psixoloji travmalar səbəbindən baş verir"  
19.01.2024 16:37

Düzgün və gözəl nitq övladlarımızın hərtərəfli inkişafı üçün olduqca vacibdir. Uşaqlarda nitq qüsurlarının xüsusi təşkil edilmiş təlim vasitəsilə qarşısının alınması və aradan qaldırılması isə loqopedik məşğələlər sayəsində mümkündür.

 

Həmsöhbətimiz Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasının təsisçisi, Beynəlxalq Psixologiya Akademiyasının fəxri doktoru, Sankt-Peterburq şəhərinin Elmi-Tədqiqat İnstitutunun həqiqi üzvü, defektoloq-loqoped Xavər Abdullayeva ilə uşaqlarda nitqin inkişafı problemi, fəsadları və müalicəsi mövzusunda danışdıq.

 

- Xavər doktor, uşaqlarda nitq geriliyi hansı səbəblərdən baş verir?

 

- Son zamanlar əksər valideynlər uşaqların kiçik yaşlarından etibarən əcnəbi dildə cizgi filmlərini izləməsinə şərait yaradır və bunun övladlarının inkişafına müsbət təsir edəcəyini düşünürlər. Lakin bu, uşağın nitqinə mənfi təsir göstərə bilən amillərdəndir.

 

Adətən uşaqlara  nitq ləngiməsi diaqnozu iki yaşdan sonra qoyulur. Bəzi valideynlər isə loqopedə övladlarının bir yaşında müraciət edirlər. Bu yanlış yanaşmadır. Valideynlər uşağı hər hansı loqoped,  yaxud psixoloq yanına yalnız iki yaşdan sonra apara bilərlər. Ümumiyyətlə, valideyn özü ilk mərhələdə loqoped, yaxud psixoloq olmalıdır. Valideyn əvvəlcə bu sahədə maariflənməli, uşaqla daha çox öyrədici suallar ətrafında məşğul olmalıdır.

 

- Kəkələmənin başlama yaşı müalicə üçün nə dərəcədə önəmlidir?

 

- Kəkələmənin başlama yaşı nitq açıldıqdan sonra bilinir. Bu, söz bazasının birdən birə çox olması, qorxu, nitq həyəcanı və hər hansı bir psixoloji travmanın yaşanması səbəbindən olur. Növbəti mərhələlərdə bu hal özünü daha aydın büruzə verir.

Ümumiyyətlə, kəkələmə ən çox 2-6 yaş arasındakı uşaqlarda görülür. Çünki bu yaşlar dil biliklərinin ən çox inkişaf etdiyi dövrdür. Bütün uşaqların təxminən 5-10%-i ömürlərinin bir müddətində bir neçə həftədən bir neçə ilə qədər davam edən kəkələmə ilə qarşılaşırlar.

 

 

- Hansı əlamətlərə əsasən valideynlər uşaqda davranış pozuntusunun olduğunu anlaya bilərlər?

 

- Uşaqlarda davranış pozuntusunu yaş kateqoriyalarına görə bilmək olur. Məsələn, 4-5 yaşdan sonra uşaqlarda aqressiv hərəkətlər – hər şeyi yerə atmaq, sındırmaq vərdişləri müşahidə olunur. Bəzən uşaqlar bu kimi davranış pozuntusunu kənarda, başqalarının yanında deyil, yalnız öz ailəsinə göstərir, bəziləri isə bu davranışı hər yerdə nümayiş etdirir. Hər iki halda bu, uşaqlarda psixoloji davranış pozuntusu hesab edilir. Birinci halda, artıq valideynlər dörd yaşdan sonra uşaqları mütəxəssis müayinəsinə aparmalıdırlar.

 

- Nitq ləngiməsi, kəkələmə, davranış pozuntusu kimi qüsurları olan uşaqlar bəzi psixiatrik problemlər baxımından risk altındadırlar. Bu problem xüsusilə məktəbəqədər dövrdə nəzərə çarparsa valideynlərə nələri tövsiyə edərdiniz?

 

- Ümumiyyətlə, uşaqlarda məktəbəqədər dövrdə kəkələmə varsa, öncə bu hal aradan qaldırılmalıdır. Əgər uşaqda təkcə hərf problemi varsa, 5-10 arası hərfi tələffüz edə bilmirsə, sonradan disqrafiya, disleksiya problemləri yaşanmasın deyə uşaq mütləq 4 yaşından loqopedə getməlidir. Yaxud, uşaq “r” hərfini tələffüz etmə vərdişini özü 5 yaşa qədər formalaşdıra bilməzsə, mütəxəssisə müraciət olunması tövsiyə edilir. Mütəxəssislər isə uşaqla məşğul olduqları müəyyən mərhələdə kəkələmə probleminin psixoloji və ya psixiatrik əsaslı olması barədə valideynləri məlumatlandırırlar.

 

Tövsiyə edərdim ki, uşağınız iki yaşdan sonra normal şəkildə inkişaf edirsə, onun sosiallaşmaq imkanlarını artırmaq üçün bağçaya, yaxud məktəbəqədər hazırlığa aparasınız. Çox vaxt valideynlər uşaqlarının ictimai yerlərdə tez-tez xəstələnə biləcəyini bəhanə gətirirlər. Lakin anlamalıdırlar ki, uşaq evdə də xəstələnə bilər və bağçanın, məktəbin uşaqların cəmiyyətə adaptasiyasında rolu böyükdür. Yəni, uşaq erkən yaş dövründə artıq uyğunlaşmış olur, özündə heç bir kompleks yaşamır. Məhz bu kimi çatışmazlıqlar valideyn və mütəxəsssisin birgə köməkliyi ilə aradan qaldırılmalıdır.

 

- Müasir tibbdə dil və nitq pozğunluğu olan uşaqlar üçün hansı müalicə üsullarına, yaxud nitq terapiyasına müraciət edilir?

 

- 2015-ci ildə tərəfimizdən Rusiyanın Sankt-Peterburq şəhərindən ölkəmizə “BOS-Abeleton” cihazı gətirilib. Ümumiyyətlə, bu aparatın rəsmi distribyutoru yalnız Səlis Danışıq, Nitq və Psixologiya Mərkəzidir. Sözügedən aparatın kəkələyən uşaqların müalicəsində olduqca böyük faydaları var. Çox vaxt uşaqlarda nəfəs diafraqması pozulmuş olur və onlarda daxili gərginlik formalaşır. Aparat şəffaf şəkildə bunu bizə nümayiş etdirir və müdaxilə taktikasının müəyyən edilməsinə dəstək verir.

 

Əvvəllər diafraqmanın düzgün fəaliyyətini şam, yaxud hansısa nəfəs alətlərindən istifadə ilə müəyyən edirdiksə, bu gün qeyd etdiyim aparatın sayəsində diafraqmanın fəaliyyətini daha dəqiq izləyə bilirik.

 

 

- Bildiyimiz kimi, Səlis Danışıq, Nitq və Psixologiya Akademiyası 18 ildir fəaliyyət göstərir və peşəkar kollektivi ilə seçilir. Akademiyada kəkələmə, autizm spektr pozuntusu, nitq ləngiməsi, davranış pozuntusunun müalicəsi üçün hansı  müasir tipli avadanlıqlar tətbiq olunur?

 

- Mərkəzimizdə pasiyentlərimiz “Soundsory” cihazının imkanlarından faydalana bilərlər. Bu cihaz sayəsində hiperaktiv diqqət əksikliyi, oxu-yazı problemi, autizm spektr pozuntusu olan uşaqlarda ümumi öyrənmə  və koqnitiv qabiliyyətləri təkmilləşdirmək mümkündür.

 

Əksər hallarda qeyr-peşəkar mütəxəssislər tərəfində uşaqlara xəstəlikləri ilə bağlı yanlış diaqnoz qoyulur və bu, onların valideynlərində də sarsıntı yaradır. Səhv və ya gecikmiş diaqnoz ciddi fəsadlara səbəb ola bilər. Çünki bu, uşaqlarda vəziyyətin pisləşməsinə şərait yaradır, eyni zamanda pasiyenti lazımsız müalicə və dərmanlara məruz qoyur.

Ümumiyyətlə, uşaqlar üzərində belə məqsədlərlə biznes qurulmamalıdır. Səhv diaqnoz nəticəsində düzgün olmayan müalicədən sonra artıq həmin uşağın yenidən doğru müalicəyə cəlb edilməsi çətin prosesdir. Valideynlər bütün ümidlərini itirir, heç bir nəticənin əldə olunmayacağını fikirləşirlər. Bu məqsədlə mərkəzimizdə belə valideynlərlə saatlarla söhbət aparılır, övladlarının müalicə müddətində onlarla mütəmadi görüşlər keçirilir. Valideynlər müalicənin müsbət gedişatı barədə məlumatlandırılırlar. Eyni zamanda, valideynlər özləri də  bunun şahidi olurlar.

 

- Bu yaxınlarda Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasının Sumqayıt filialı fəaliyyətə başlayıb. Burada Sumqayıt sakinləri üçün hansı güzəştlər nəzərdə tutulub?

 

- Yeni filialımızı Sumqayıt sakinlərini nəzərə alaraq açdıq. Qeyd etdiyim cihazlar vasitəsi ilə müalicə bu filialda da mümkündür, həmçinin pasiyentlər üçün güzəştli və sərfəli müalicə paketləri mövcuddur. Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Rəşid Mahmudov yalnız Sumqayıt filialımızda fəaliyyət göstərir.

 

Peşəkar həkimlərin iştirakı ilə apardığımız iş, tətbiq etdiyimiz proqramlar və ən əsası işimizdəki ciddiyyət və məsuliyyətə güvənərək, hər ay ən ağır diaqnozlarla müraciət edən pasiyentlərdə müsbət nəticə əldə etməyi vəd edirik.

 

- Səlis Danışıq, Nitq və Psixologiya Akademiyasının bölgələrimizdə aksiyalar təşkil etməsi nəzərdə tutulurmu?

 

Bu yaxınlarda Əməkdar müəllim Rəşid Mahmudovun iştirakı ilə mütəxəssislərimiz Biləsuvar, Ağsu və Salyanda pasiyentləri qəbul edəcəklər. Belə aksiyaların digər bölgələrdə də keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, bölgələrdə həmkarlarımızın bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təlimlərin təşkilini də planlaşdırırıq.

 

Gələcəkdə işğaldan azad edilmiş ərazilərdə də əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə xeyriyyə aksiyasının keçirilməsini nəzərdə tuturuq.

 

Qeyd edim ki, Füzulidə Diaqnoz Tibb Mərkəzində mərkəzimizin bir mütəxəssisi üçün şöbə ayrılıb və həmin mütəxəssis hazırda orada fəaliyyətini davam etdirir.  Səlis Danışıq, Nitq və Psixologiya Akademiyası qazilərimiz üçün də ödənişsiz tibbi xidmət göstərir.

 

Müsahibəni apardı: Nərgiz Qəhrəmanova

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb