Peyvənd olunmayan uşaqlar olunanlara nisbətən daha tez-tez xəstələnirlər - Pediatr Günay Rəsulova ilə müsahibə
17.12.2020 11:40

Peyvəndlər uşağın immun sisteminin bir növ “məşq etməsinə”, xəstəliklərə qarşı qoruyuculuq qazanma qabiliyyətinin formalaşmasına şərait yaradır. Bu səbəbdən, peyvənd olunmayan uşaqlar olunanlara nisbətən daha tez-tez xəstələnirlər. Ana südündə süd vasitəsilə uşağa keçən, onu infeksiyalardan qoruyan çoxlu sayda immun anticisimlər mövcuddur. Buna görə də, peyvənd olunmayan uşaqların immun sistemini möhkəmləndirmək üçün onlar həyatlarının ilk 2 ilində ana südü ilə qidalandırılmalıdır.

 

Bu fikirləri Aztibb.az-a müsahibəsində tanınmış pediatr Günay Rəsulova bildirib.

 

- Son ayların statistikasına əsasən, peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur. Bu, hansı səbəblərdən qaynaqlanır?

 

- Koronavirus pandemiyası səbəbindən bir çox valideynlər uşaqları evdən bayıra çıxarmaqdan, xəstəxana mühitinə aparmaqdan çəkinir. Bu halda uşaqlar həm profilaktik peyvəndlərdən, həm də mütəmadi sağlamlıq vəziyyətinin müayinəsindən geri qalır. Bir müddət sonra belə uşaqların ciddi infeksion xəstəliklərlə üzləşmə riski artır. Sağlamlıq müayinələri olunmadığına görə, uşağın inkişafı, çəkisi, vitamin əksikliyi və s. xəstəliklər ilə bağlı problemlər vaxtında aşkar olunmur. Ona görə də, valideynlər uşaqların müayinələrini və peyvəndlərini mümkün qədər təxirə salmamalıdır.

 

- Peyvənd olunmayan uşaqların immunitetini möhkəmləndirmək üçün hər hansı immunlaşdırıcı tədbirlər həyata keçirilə bilərmi?

 

- Peyvənd uşaqları bir çox infeksion xəstəliklərdən qoruyur. Peyvəndlər uşağın immun sisteminin bir növ “məşq etməsinə”, bu xəstəliklərə qarşı qoruyuculuq qazanma qabiliyyətinin formalaşmasına şərait yaradır. Peyvənd olunmayan uşaqlar olunanlara nisbətən daha tez-tez xəstələnirlər.

 

Ana südündə süd vasitəsilə uşağa keçən, onu infeksiyalardan qoruyan çoxlu sayda immun anticisimlər mövcuddur. Buna görə də, peyvənd olunmayan uşaqlar immun sistemini möhkəmləndirmək üçün həyatlarının ilk 2 ilində ana südü ilə qidalandırılmalıdır. Bundan əlavə, uşağın sağlam, balanslı, vitaminli qidalanmasına fikir verilməli, təmiz havaya çox çıxarılmalıdır. Təmiz hava immunitet üçün əhəmiyyətli faktorlardan biri olduğundan evin, xüsusilə uşağın olduğu otağın havası tez-tez dəyişdirilməlidir. Uşağı qripə yoluxmuş insanlarla kontaktda olmasından qorumaq, məcbur qalmadıqca insanların çox olduğu yerlərə çıxarmaqdan çəkinmək vacibdir. İmmun sisteminin işinin normal fəaliyyəti üçün D vitamini ehtiyacı da tam qarşılanmalıdır. Bu vitaminin çatışmazlığı uşaqlarda immunitetin aşağı düşməsinə səbəb olduğundan profilaktik dozada qəbul edilməsi zəruridir.

 

- Məlumdur ki, pandemiya dövründə ictimai yerlərdə hər kəs tibbi maskalardan istifadə edir. Lakin uşaqlara, xüsusilə 2 yaşdan kiçik uşaqlara maska taxmaq məsləhət görülmür. Bu zaman uşağın virusa yoluxma ehtimal yaranır. Beləliklə, lazımi gigiyenik tədbirləri icra etməsinə baxmayaraq bütün ailənin virusa yoluxması üçün şərait yaranır. Maskadan istifadə olunmayan körpə uşaqların yoluxmasının qarşısını almaq üçün hər hansı preventiv tədbirlər mövcuddurmu?

 

- Pandemiya dövründə uşaqları mümkün qədər ictimai yerlərə aparmaqdan çəkinməli, körpə uşaqları adamların az olduğu, açıq havada olan yerlərə, şəxsi həyətlərə çıxarmaq lazımdır. Əlbəttə ki, uşaqlar valideyn nəzarəti altında tibbi maskalardan istifadə edə bilər. Lakin 2 yaşına kimi körpələrin maskadan düzgün istifadə edə bilməməsi, maskaların onlarda boğulma yarada bilməsi ehtimalı nəzərə alınaraq bu yaşa qədər olan uşaqlarda maska istifadəsi tövsiyə olunmur. Uşağı ictimai yerlərə, xəstəxanalara çıxarmaq məcburiyyəti yarandıqda valideyn öz nəzarəti altında uşağı maska ilə qoruya bilər.

 

- Koronavirusa yoluxmuş qadınlar hansı hallarda övladına süd verə bilər?

 

- Bu barədə çoxsaylı suallarla qarşılaşırıq. Virus uşağa süd vasitəsilə deyil, yalnız hava-damcı yolu ilə keçir. Bu səbəbdən analar maska taxaraq və şəxsi gigiyena qaydalarına əməl edərək körpəni əmizdirə bilər. Belə vəziyyətlərdə körpənin tez-tez ana südü ilə qidalandırılması onun virusdan qorunması üçün çox vacib amildir.

 

- Aparılan tədqiqatlara görə, keysəriyyə üsulu ilə dünyaya gəlmiş uşaqlarda təbii yolla doğulmuş uşaqlara nisbətən astmaya daha çox rast gəlinir. Bu, keysəriyyə ilə doğulmuş uşaqların bağırsaqlarının yetəri qədər faydalı bakteriyalarla təchiz olunmaması nəticəsində mikrofloranın tam formalaşmaması ilə əlaqələndirilir. Astmanın inkişafı riskini aradan qaldırmaq üçün nə kimi tədbirlər görmək olar?

 

- Təbii doğuş vasitəsilə dünyaya gələn uşaqların təbii doğuş yollarından keçərkən burada mövcud olan mikroflora ilə təmasda olması uşaqda bağırsaq mikroflorasının və ilkin immunitetin formalaşmasına imkan verir. Keysəriyyə üsulu ilə doğulan uşaqlar isə bu təmasdan məhrum qaldığından onların bağırsaq florası nisbətən kasad olur. Bundan əlavə, insanın normal bağırsaq mikroflorasına sahib olması onun B qrup vitaminlərlə, eləcə də K vitamini və immun faktorlarla normal təchiz olunması ilə əlaqəlidir. Bütün bunların normal səviyyələrdə olmaması immun sisteminin aşağı olmasına gətirib çıxarır və nəticədə bu uşaqlarda astma və digər allergik xəstəliklər riski də artır. Buna görə də, uşaqların immun sisteminin aşağı düşməməsinə diqqət yetirmək vacibdir.

 

- Uşaqların həyatının ilk aylarında tez-tez rastlaşdığımız mədə şirəsi və möhtəviyyatının qida borusuna qayıtması ilə müşahidə olunan reflüks xəstəliyi hansı hallarda müalicə tələb edir? 

 

- İlk 6 ayda uşaqlarda mədə girəcəyindəki kardial sfinkter tam formalaşmadığına görə, mədə girəcəyi açıq qalır. Təbii fizioloji reflüks adlandırılan bu halda uşaqlar yediklərinin bir hissəsini qaytara bilər. Uşaqların hər yemək sonrası yediklərinin üçdə bir hissəsindən az qisminin qaytarma yolu ilə çıxarması fizioloji hal olduğundan heç bir müalicə tələb etmir. Lakin bu miqdar normadan çox olarsa, uşağın çəkisi, fiziki inkişafı geri qalırsa, tez-tez qusmaya bağlı öskürək və tənəffüs yolları ilə əlaqədar şikayətlər varsa, boğulma və yeməyin fontan şəklində burundan qayıtması halları baş verirsə, belə uşaqlarda reflüks müalicə tələb edir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
Dünya liderlərini bir araya gətirən