Modernanın hazırladığı yeni peyvənd mövsümi qripə qarşı daha effektiv qoruma vəd edir
21.06.2026 12:12

Koronavirus pandemiyası dövründə öz effektivliyini sübut edən mRNT (messenger RNT) texnologiyası artıq mövsümi qripə qarşı mübarizədə də istifadə olunacaq.

 

Aztibb.az "News-medical" portalına istinadən yazır ki, ABŞ-nin Food and Drug Administration (FDA) yanında fəaliyyət göstərən məsləhətçi komitə tibb tarixində mühüm hadisə hesab olunan qərar qəbul edərək, Moderna tərəfindən hazırlanmış ilk mRNT əsaslı qrip peyvəndi – mFlusiva üçün təsdiq verilməsini tövsiyə edib.


Mütəxəssislərin fikrincə, yeni texnologiya xüsusilə qrip virusunun sürətli mutasiyaya uğradığı və mövcud peyvəndlərin virus ştammları ilə tam uyğun gəlmədiyi dövrlərdə ağır xəstəlik hallarının və hospitalizasiyaların sayını əhəmiyyətli dərəcədə azalda bilər.

Qış mövsümü ərəfəsində yaşlı əhalinin qorunmasını hədəfləyən peyvəndlə bağlı yekun qərarın avqust ayının əvvəlində verilməsi gözlənilir.

Nobel mükafatı ilə qiymətləndirilmiş mRNT texnologiyası əsasında hazırlanan peyvəndlərin əsas üstünlüyü onların çox qısa müddətdə istehsal oluna bilməsidir. Bu xüsusiyyət daim dəyişən qrip virusuna qarşı yeni vaksinlərin hazırlanmasında böyük üstünlük hesab edilir.

40 min nəfərin iştirakı ilə aparılmış klinik tədqiqatların nəticələrinə görə, Moderna-nın mRNT peyvəndi hazırda istifadə olunan ənənəvi qrip peyvəndləri ilə müqayisədə qrip hallarını təxminən 27 faiz daha çox azaltmağa nail olub.

ABŞ-də hər il on minlərlə insanın ölümünə səbəb olan qrip infeksiyasına qarşı yeni peyvəndin ilk növbədə ən riskli qrup hesab edilən yaşlı şəxslərdə tətbiqi planlaşdırılır.

Şirkət 50–64 yaş qrupu üçün tam təsdiq, 65 yaş və üzəri insanlar üçün isə əlavə araşdırmalar davam edərkən təcili istifadə icazəsi verilməsini istəyib.

FDA-nın məsləhətçi komitəsi yekdilliklə belə qənaətə gəlib ki, peyvəndin faydaları potensial riskləri əhəmiyyətli dərəcədə üstələyir. Ekspertlər xüsusilə yaşlı insanlarda müşahidə olunan güclü immun cavabın ümidverici nəticə olduğunu vurğulayıblar.

Aparılmış qiymətləndirmələr zamanı peyvəndlə əlaqəli ciddi təhlükəsizlik problemi aşkar edilməyib. Bununla belə, inyeksiya yerində ağrı, hərarət, baş ağrısı və halsızlıq kimi keçici reaksiyaların ənənəvi qrip peyvəndləri ilə müqayisədə bir qədər daha tez-tez müşahidə edildiyi bildirilib.

FDA ekspertlərinin sözlərinə görə, bu cür reaksiyalar mRNT peyvəndləri üçün xarakterikdir və əslində immun sisteminin vaksinə cavab verdiyini göstərir.

Əgər peyvənd rəsmi təsdiq alarsa, Moderna 65 yaşdan yuxarı 400 min nəfərin iştirak edəcəyi, iki il davam edəcək genişmiqyaslı müşahidə proqramına da start verəcək.

Mütəxəssislər hesab edirlər ki, mRNT texnologiyasının qrip peyvəndlərinə tətbiqi gələcəkdə mövsümi infeksiyalarla mübarizədə yeni mərhələnin başlanğıcı ola bilər. Bu yanaşma virusun dəyişən ştammlarına daha sürətli uyğunlaşmağa və risk qruplarını daha effektiv qorumağa imkan verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır