Bu şikayətlərlə müraciət edənlərdə bronxoektatik xəstəliyi gözləniləndir - MÜSAHİBƏ
12.02.2024 12:37

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun şöbə müdiri İlqar Mustafayev müsahibəsində bronxoektatik xəstəliyi, yaranma səbəbləri, müayinə və müalicəsi barədə əhəmiyyətli məqamlara aydınlıq gətirib.

Aztibb.az Səhiyyə Nazirliyinin saytında dərc edilən müsahibəyə diqqət çəkib.

- İlqar müəllim, ilk öncə bronxoektatik xəstəliyi barədə məlumat verərdiniz…

- Bronxoektatik xəstəlik – patoloji genişlənmiş və deformasiyaya uğramış bronxların xroniki geridönməz irinli ilthabi xəstəliyidir. Bronxoektatik xəstəliyin təsnifatı müxtəlif kriteriyalara görə aparılır. Belə ki, etiologiyasına görə xəstəlik birincili, yəni anadangəlmə və ikincili, qazanılmış olur. Eyni zamanda, quruluşuna görə silindrik, torbavari və qarışıq, yayılmasına görə isə tək-tək və çoxsaylı ola bilər. Bundan əlavə, bronxoektatik xəstəlik kliniki gedişinə görə bronxitik mərhələ, əhəmiyyətli dəyişikliklər mərhələsi, fəsadlar mərhələsinə bölünür.

Bronxların genişlənməsi və bronxial möhtəviyatın evakuasiyasının ləngiməsi ilthabın inkişafına təkan verir. Bronxların divarında baş verən geridönməz dəyişikliklər bronxoektaziyа ilə nəticələınir. Bronxoektaziya əsasən kiçik bronxlarda inkişaf edir.

- Bronxoektatik xəstəlik hansı hallarda əmələ gələ bilər?

- Bronxoektatik xəstəliyi anadangəlmə və qazanılmış qruplara ayırmaq olar. Anadangəlmə faktorlara genetik meyillilik (кistik fibroz - mukovissidoz), alfa1-antitripsin çatışmazlığı (hərəkətsiz kirpiciklər sindromu), bronxial ağacın qüsurları (Uilyam-Kembel sindromu), ağciyərlərin kistoz hipoplaziyası (polikistoz), birincili immun çatışmazlığı aiddir.

Qazanılma faktorlara isə respirator traktın xroniki infeksion xəstəlikləri, respirator traktın infeksion zədələnmələrinin qeyri-adekvat və ya natamam müalicəsi və yad cisim daxildir.

- Xəstələr əsasən hansı şikayətlərlə müraciət edirlər?

- Xəstənin əsas şikayətləri əksər hallarda produktiv öskürəkdir. Remissiya dövründə bəlğəm selikli, selikli-irinli, kəskinləşmələrdə isə irinli ifrazatla müşayət edilir. Quru bronxoektazlar deyilən formalarda öskürək quru, az bəlğəmli olur. Səhər daha çox miqdarda bəlğəmin olması və kəskinləşmə zamanı onun miqdarının artması diaqnostik meyardır. Bəzi hallarda qanhayxırma, təngnəfəslik, ümumi intoksikasiya simtomları qeyd olunur.

Belə xəstələrdə qiymətləndirmə anamnezdən, baxışdan başlamalıdır. Eyni zamanda, fiziki müayinə də çox əhəmiyyətlidir. Xəstələrin bir çoxunda əsasən orta ağır və ağır gedişli formalarda emfizematoz döş qəfəsi, çubuqvari barmaqlar və saat şüşəsinə bənzər dırnaqlar, peroral və akrosianoz qeyd olunur.

Perkutor göstəricilər patoloji prosesin miqyası və mərhələsindən asılı olaraq müxtəlifdir (kütləşmə, timpanit, qutuvari səs). Ağciyərlərin auskultasiyasında zədələnmə həcmindən asılı olaraq, bronxoektazlar üzərində bir tərəfli, iki tərəfli quru və yaş xırıltılar eşidilir.

- Bronxoektaziyaya şübhə nə vaxt yaranır?

- Həkimlər xroniki öskürək və bəlğəm ifrazı, qanhayxırma, təkrarlanan pnevoniyalar ilə müraciət edən xəstələrdə mütləq bronxoektatik xəstəliyi nəzərlərində tutulmalıdır. Obyektiv müayinədə ağciyərlərin üzərində eşidilən daimi yaş xırıltılar da bu xəstəliyə bir işarədir.

- Bronxoektatik xəstəliyin təstiqlənməsində, hansı laborator instrumental müayinələrindən istifadə olunur?

- Təbii ki, laborator müayinələrdə qanın ümümi analizi, qanın biokimyəvi analizi əhəmiyyətlidir. İnstrumental diaqnostikada ilkin olaraq ağciyərlərin rentgenoqrafiyası icra olunur. Lakin diaqnostikada qızıl standart yüksək tezlikli komputer tomoqrafiya müayinəsi hesab olunur. Müalicə və diaqnostikada bronxoskopiya, ağciyərlərin xarici tənəffüs funksiyalarını dəyərləndirmək üçün spirometriya müayinəsi aparılır.

- Bronxoektatik xəstəliyin müalicəsi nədən ibarətdir?

- Bu xəstəliyin müalicə prinsipi konservativ və cərrahi olaraq qeyd etməliyik.

Konservativ müalicədə kəskinləşmələrdə virus əleyhinə preparatlar, antibiotiklər, mukolitiklər, bronxolitiklər, dezintoksikasion tədbirlər, oksigen, müalicəvi bronxoskopiya, remissiya dövründə isə postural drenaj, vibrasion massaj, mukolitiklər, immunomodulyatorlardan istifadə olunur.

Cərrahi müalicə patoloji proses birtərəfli olsa (1 və ya bir neçə seqment, hissə) rezeksiyasından (çıxarılmasından) ibarətdir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir