Azərbaycan dilində yazılan ilk “Göz xəstəlikləri” dərsliyinin müəllifi Ümnisə Musabəyli - "Dahi təbiblər" rubrikası
06.06.2023 09:58

"Dahi təbiblər" rubrikasında bu dəfə görkəmli oftalmoloq alim, Azərbaycan dilində yazılan ilk “Göz xəstəlikləri” dərsliyinin müəllifi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Ümnisə Musabəyli haqqında məlumatları təqdim edirik. 

 
Aztibb.az xəbər verir ki, Ümnisə Süleyman qızı Musabəyli 8 oktyabr 1902-ci ildə Qəbələdə anadan olub. 1926-cı ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirib. 1936-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə edib, 1943-cü ildə professor elmi adına layiq görülüb, 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilib.

 

Əmək fəaliyyətinə Azərbaycan Dövlət Tibb İnstitutunda başlayan Ü.Musabəyli Göz xəstəlikləri kafedrasında 1945-1974-cü illər ərzində assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.
 
O, Azərbaycan oftalmologiya elminin banilərindən, onu beynəlxalq aləmdə tanıdan görkəmli şəxsiyyətlərdən olub. Alimin elmi fəaliyyətinin əsas istiqamətini traxoma və qlaukomanın, görmə siniri patologiyalarının diaqnostikası, klinikası, müalicəsi və profilaktikası, görmə orqanının qəlpəli yaralanmaları, hamiləlik patologiyası və ümumi xəstəliklər fonnunda görmə orqanında gedən dəyişikliklər, onların fiziologiyası, görmənin mühafizəsi, müalicə və profilaktikası təşkil edib. Ü.Musabəyli, həmçinin simpatik innervasiyanın gözün akkomodasiya əzələsinə təsirini və uzağa akkomodasiyada fəal iştirakını aşkarlayıb. Onun rəhbərliyi altında müştərək çəpgözlüyün müxtəlif kliniki formalarında ametropiyaların xarakteri və dərəcəsini aydınlaşdırmaq üçün elmi tədqiqat işləri aparılıb, alınan nəticələr səhiyyə praktikasına geniş tətbiq olunub.
 

Oftalmoloq alim 200-ə yaxın elmi əsərin, ilk dəfə Azərbaycan dilində yazılmış “Göz xəstəlikləri” dərsliyinin, terminoloji lüğətin, elcə də 3 monoqrafi­yanın, dərs və­saitləri və metodik tövsiyələrin müəllifi və həmmüəllifi olub. Onun məsləhətçiliyi və rəhbərliyi altında 3 elmlər doktorluğu, 12 fəlsəfə doktoru dissertasiyası uğurla müdafiə edilib.

 

Ü.Musabəyli Oftalmoloqların 18-ci Beynəlxalq Konqresinin (Brüssel) nümayəndəsi olub, Afrika-Asiya ölkələri göz həkimlərinin 5 konqresində elmi məruzələrlə çıxış edib. Alim keçən əsrin 50-70-ci illərində ABŞ-da, Yaponiyada, Afrika, Asiya ölkələrində beynəlxalq konqres, qurultay, simpozium və konfranslarda Azərbaycan tibb elmini layiqincə təmsil edib, ingilis dilində elmi məruzələr edib, xarici ölkə məcmuələrində dərin məzmunlu məqalələr çap etdirib.

 

O, “Вестник офтальмологии” jurnalının, “Azərbaycan Tibb Jur­nalı”nın, Azərbaycan Sovet Ensiklopediyası redaksiya heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin (1955), Sovet Qadınları Şurasının üzvü, Azərbaycan Oftal­moloqlar Cəmiyyətinin sədri (1957), Ümumittifaq Oftal­moloqlar Cəmiyyətinin üzvü olub, Avrasiya Konqresi Rəyasət Heyətinin yeganə daimi nümayəndəsi seçilib (1960).

 

Həmçinin Ü.Musabəyli 5-6-cı çağırış SSRİ Ali Sovetinin, 4-cü çağırış Azər­bay­can SSR Ali Sovetinin deputatı seçilib, “Lenin” ordeni, “Qafqazin müdafiə­sinə görə”, “Almaniya üzərində qələbəyə görə”, “Böyük Vətən müharibə­sində fədakar əməyə görə” medalları ilə təltif edilib, "Əməkdar elm xadimi" fəxri adına (1957) layiq görülüb.

 

AMEA-nın müxbir üzvü Ümnisə Musabəyli 1974-cü ildə Bakıda vəfat edib.

 

TƏBİB

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev