Oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günüdür
29.10.2022 09:46

2006-cı ildə Ümumdünya İnsultla Mübarizə Təşkilatı tərəfindən insult xəstəliklərinə qarşı qlobal mübarizədə təcili tədbirlər görülməsinə çağırış məqsədilə təsis edilmiş Ümumdünya İnsultla Mübarizə Günü hər il oktyabrın 29-da bütün dünyada qeyd olunur.

 

Aztibb.az xəbər verir ki, həmin günün yaranma tarixi 2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının insultu qlobal epidemiya elan etdiyi vaxtdan başlanılıb və bundan iki il sonra Ümumdünya İnsultla Mübarizə Təşkilatı yaradılıb. Hazırda həmin quruma dünyanın 90 ölkəsindən 3,5 min fərdi üzv daxildir və onlar insultla mübarizə aparan təşkilat və cəmiyyətlərdə çalışan alimlərdir.

 

İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş-beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir. Statistikaya görə, hər il Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və onların 6,7 milyonu ölümlə nəticələnir. Adətən bu xəstəliyə tutulanların üçdəbiri həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım etməkdir.
İnsult əlamətləri çox sadədir: danışıq anlaqsız olur, güləndə ağız küncləri aşağı əyilir, koordinasiya pozulur, ətraflardan biri zəifləyir. Həmin əlamətlər təcili yardım çağırmaq üçün yetərlidir. Xəstəlik riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlara ehtiyac yoxdur. Bunun üçün sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq lazımdır. İnsultun yaranma riskini artıran üç əsas amil - hipertoniya, yüksək xolesterin və artıq çəkidir.

 

İndi xəstəlik dünyada ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 13 milyon nəfər insultdan əziyyət çəkir və təxminən 5,5 milyon nəfər bu xəstəlikdən dünyasını dəyişir. Damar xəstəlikləri ölümlərin yarıdan çoxunu təşkil edir və əgər son vaxtlar insult əsasən 55-60 yaşdan yuxarı xəstələrdə baş verirdisə, indi bu halların təxminən üçdə biri əmək qabiliyyətli yaşda, yəni 25-50 yaşlılar arasında baş verir. Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir.


Lakin sağlamlığına biganə qalmayan hər kəs sadə profilaktik tədbirlərlə 80 faiz hallarda bu xəstəlikdən qoruna bilər. Problemin qarşısını almaq üçün əsas profilaktik tədbir təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq, aktiv həyat tərzi sürmək və zərərli vərdişlərdən uzaq olmaqdır. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək insanın fiziki qabiliyyətini artırmaqla yanaşı insult riskini də azaldır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib