Müdafiə naziri Xocavənd rayonu ərazisində yeni istifadəyə verilən hərbi hospitalın açılışında olub
10.07.2022 11:56

Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu quruculuğu üzrə şəxsi heyətin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sağlamlıqlarının qorunması istiqamətində inamlı islahatlar həyata keçirilir, ordunun maddi-texniki təminatı daha da gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur qurulur.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məruzəyə əsasən, 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib. Qeyd olunub ki, burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və əşya anbarları, əsgər yeməkxanası, hamam-camaşırxana-qazanxana kompleksi, avtopark, nəzarət buraxılış məntəqəsi inşa edilib. Ərazidə yaşıllaşdırma işləri aparılıb, abadlıq işləri görülüb, asfalt örtüyü salınıb.

 

Hərbi hospitalda üçmərtəbəli müalicə diaqnostika korpusunun da inşa edildiyi diqqətə çatdırılıb. Korpusda qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, altı nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul bölməsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomatologiya, oftalmologiya, yuma-dezinfeksiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermatologiya bölmə və kabinetləri yaradılıb.

 

Bildirilib ki, dünyanın inkişaf etmiş ölkələrində istehsal edilən, müasir avadanlıqlarla təchiz olunmuş palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur.

 

Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

 

Hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri burada müalicə alan hərbi qulluqçular və tibbi heyətlə görüşərək onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Hospitalın şəxsi heyəti üçün qurbanlıqlar kəsilib və bayram sovqatları təqdim olunub.
Daha sonra general-polkovnik Z.Həsənov hərbi hospitalın ərazisində tibbi heyət və onların ailə üzvləri üçün hazırlanmış yaşayış binalarının açılış mərasimində iştirak edib.

 

Müdafiə nazirinə məruzə olunub ki, yeni istifadəyə verilmiş, hər biri 2 və 3 otaqlı mənzillərdən ibarət ikimərtəbəli binalar kommunikasiya xətləri və mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. Müasir standartlara cavab verən tam təmirli mənzillərdə mebel və lazımi avadanlıq quraşdırılıb. Ərazidə yarımstansiya, su anbarı tikilib, binaların ətrafına asfalt döşənib. Hasara alınmış yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün lazımi şərait yaradılıb.

 

Sonda müdafiə naziri şəxsi heyətin məişət şəraitinin daha da yaxşılaşdırılması, sağlamlığının qorunması və tibb xidmətinin daha səmərəli təşkil olunması ilə bağlı müvafiq tapşırıqlar verib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır