Təbii qidalanan uşaqların mövsümi virusları tutma ehtimalı aşağıdır
26.10.2021 16:14

Uşaqlarda rast gəlinən xəstəliklərin bir qismi mövsümi xarakter daşıyır. Yaz-yay aylarında adətən immunitet güclənir, orqanizm möhkəmlənir. Payız və qışda isə daha çox problemlər özünü büruzə verməyə başlayır, soyuqdəymə, allergik xəstəliklər narahatlıq doğurur. Xüsusilə immun sistemi zəif olan uşaqların səhhətində arzuolunmaz hallar müşahidə edilir.

Aztibb.az xəbər verir ki, bu məsələyə Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti Ülviyyə Hacıyeva aydınlıq gətirib: “Mövsümi xəstəliklər problemi təcrübəli həkimlərin daim diqqət mərkəzindədir. Bu xəstəliklərin əksəriyyəti soyuq mövsümlərdə artan kəskin respirator virus infeksiyalarıdır ki, (KRVİ) mövsümi xəstəliklərin 90 faizini təşkil edir. Statistikaya əsasən, yetkinlik yaşına çatan hər bir şəxs il ərzində ən azı 2 dəfə qrip və ya başqa KRVİ keçirir, uşaqlarda isə bu göstərici 6-8 dəfəyə çata bilər. Mülayim bölgələrdə aparılan epidemioloji araşdırmalara görə, respirator virusların bir çoxunun yayılmasında əsas səbəb mövsümi dəyişikliklərdir. Ümumiyyətlə, mövsümilik alimlər tərəfindən bir çox virus infeksiyaları üçün aşkar olunmuş bir xüsusiyyətdir”.

Həkim qeyd edib ki, virusların mövsümi xüsusiyyətləri müxtəlif xarakter daşıyır, onlara təsir edən amillərə qlobal ətraf mühiti, xüsusilə iqlim dəyişikliyini də aid etmək olar: “Tədqiqatçılar tərəfindən aparılan araşdırmalar temperatur və rütubətin tənəffüs yolları infeksiyaları törədən virusların sabitliyinə və ötürülmə sürətinə təsirini göstərib. Meteoroloji və ya ətraf mühit şəraitinin insan orqanizminin infeksiyalara qarşı həssaslığına birbaşa təsiri bir çox tədqiqatlarda sübut edilib. İmmunitetin zəifləməsində soyuq havanın rolu da müzakirə mövzusudur. Elmi araşdırmalar soyuq və quru mühitin insan orqanizminə immunosupressiv təsir etdiyini və bununla da infeksiyalara yoluxma riskini artırdığını ortaya qoyub. Rütubət soyuqdəymələrin yayılmasına da təsir edə bilər. Çünki əksər virus infeksiyaları qış aylarında aşağı rütubətli şəraitdə inkişaf edir. Mövsümi temperatur dəyişikliklərinin burun və yuxarı tənəffüs yollarının selikli qişasının yerli immun reaksiyasına, mukosiliar klirensinə mənfi təsir etdiyi məlumdur. Həmçinin qışda Günəş şualanmasının azalması şəraitində tənəffüs yollarının xəstəliklərinə qarşı müqaviməti artıran, həm anadangəlmə, həm də adaptiv immun cavabların əsas modulyatoru olan D vitamininin səviyyəsində azalma qeyd olunur. Buna görə də belə yoluxmaların sayını azaltmağa yönəldilən tədbirlər müasir dövrdə də öz aktuallığını saxlamaqdadır”.

“Mövsümi infeksiyaların qarşısını almaq üçün nə etməliyik” - sualını cavablandıran Ü.Hacıyeva bildirib ki, ilk növbədə valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər: “Uşaqların qidalanmasının düzgün təmin edilməsi, bir yaşa qədər olan körpələrin ana südü ilə bəslənməsi faydalıdır. Belə ki, təbii qidalanan uşaqların mövsümi virusları tutma ehtimalı və xəstələndiyi halda ağırlaşmaların olması riski çox aşağıdır. Böyük yaşlı uşaqlar dəyərli, vitaminlərlə zəngin qidalar qəbul etməlidir. Bununla belə, bəzən təcrübədə rastlaşdığımız kimi, tropik meyvələrin ifrat dərəcədə qəbul edilməsi doğru deyil. Xüsusilə bu meyvələrə qarşı allergik reaksiyası olan uşaqlar tərəfindən. Soyuq aylarda hər hansı bir insanın mövsümi virusa yoluxma ehtimalı onun xəstə ilə təmasda olması ilə yanaşı, həm də soyuqlaması faktoru ilə bağlıdır. Bunun üçün valideynlər övladlarının geyiminə xüsusi diqqət etməlidirlər. Uşaqlar xəstələndiyi təqdirdə, mütləq izolə olunmalı, vaxtında həkimə müraciət edilməli, həkim göstərişi olmadan valideynlər heç bir dərman preparatından istifadə etməməlidir. Yəni özünümüalicə - həkimsiz antibiotiklər verilməsi faydasız və hətta ziyanlı ola bilər”.

Həkimin sözlərinə görə, uşaqlar bu infeksiyalara yoluxduğu və xəstələndiyi zaman ağırlaşmaların inkişaf etmə riskinin azalması üçün həkimlər tərəfindən vitamin və mikroelement defisitinin vaxtında aşkar edilib müalicə olunması məqsədəuyğundur. Valideynlər evdə ümumi gigiyenik qaydalara əməl etməli, tənəffüs yolu infeksiyası simptomları olan bütün şəxslərin tənəffüs və əl gigiyenasına, öskürək etiketinə riayət olunmalıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev