Həkim reportajı: Azərbaycan qadınlarında rastlanan 5 ginekoloji xəstəlik
05.10.2021 16:07

 

Qadın orqanizmi xüsusi diqqət tələb edir. Mütəmadi olaraq ginekoloqa müraciət olunmalıdır. Yadda saxlamaq lazımdır ki, ilk baxışdan ciddi görünməyən qadın xəstəlikləri təhlükəli xəstəliklərə çevrilə bilər.


Uşaqlıq boynunun eroziyası


Bəzən uşaqlıq boynu tamamilə ideal görünür, lakin analizlər xərçəngönü vəziyyəti göstərir. Müalicə olunmadığı halda o 100% bədxassəli şişə çevrilir. Pasientlərin çoxu eroziya barədə məlumatlıdırlar, lakin ciddi qəbul etməyərək zamanında həkimə müraciət etmirlər. Hər bir qadında, xüsusi ilə eroziyası olan xanımlarda PAP test və kolposkopiya aparılmalıdır.

 

Eroziya ilə birlikdə orqanizmdə İnsan papilomavirusu da (İPV) yer ala bilər, hansı ki, uşaqlıq boynu xərçənginin yaranma riskini artırır. Bu səbəbdən də hamiləlik planlaşdırmadan öncə ginekoloji müayinədən keçmək lazımdır. 

Mioma


Uşaqlığın mioması bəzilərinin düşündüyü kimi təhlükəsiz xəstəlik deyil. Hər şey onun ölçüsü, yerləşdiyi nahiyyədən, qonşu orqanlarla əlaqəli olmasından və s. asılıdır. Müşahidə və ya müalicə etməyə həkim müayinənin nəticələrinə əsasən qərar verir. Bəzi miomaları menopauzayadək müşahidə edirik. Bundan əlavə miomalar,  güclü qanaxmalara və menstrual siklin pozulmalarına səbəb olur.

 

Yumurtalıqların xoşxassəli törəmələri

 

Bəzi hallarda pasient menstruasiya öncəsi USM müayinəsinə gedir və onda kista aşkar olunur. Analiz etmədən kistanın təhlükəli olub olmadığını dəqiq təyin etmək mümkün deyildir. Nə USM, nə də ki, onkomarkerlər kistanın xoşxassəli şiş olduğunu təsdiq edə bilməz. Bəzi hallarda kistanın ölçüləri çox kiçik olur, o isə artıq bədxassəli şişə çevrilir.

Bir çox hallarda pasientlər aybaşı zamanı, siklin ortalarında və ya cinsi əlaqə zamanı güclü ağrılardan şikayət edirlər. Bəzən qadınlar illərlə bu ağrılarla gəzirlər və ağrıkəsici dərmanlar qəbul edirlər.  Əgər kista üç aydan artıq təyin edilirsə, yəni geriyə sorulmursa, bu artıq əməliyyat üçün göstərişdir.


Endometrioz


Bu xəstəlik zamanı uşaqlığın selikli qişasının (endometriumun)  hüceyrələri olmadığı yerə düşürlər. Onlar yumurtalıqlarda, uşaqlıq borularında, kiçik çanaq orqanlarının divarında, bağırsaqda və digər yerlərdə ola bilərlər. Xəstəlik öncəsi ağrılı menstruasiya olur, hətta bayılma, qusma və tünd ifrazatlar da müşahidə olunur. Endometrioz bədənin hər tərəfinə yayıldığı üçün xərçənglə müqayisə edilir.

 

Çanaq dibi əzələlərinin çatışmazlığı (prolapsı) - orqan sallanması

 

Bu vəziyyətdə kiçik çanaq orqanlarının yerdəyişməsi baş verir. İllər keçdikcə xəstəlik daha da inkişaf edir, qadınlarda özünəinam hissi azalır, intim həyatın keyfiyyəti azalır. Çoxları bilmir ki,  bu problemin həlli vaginal yolla aparılan əməliyyatladır. Bu xəstəliyin müalicəsinin digər üsulları da var - seçim xəstənin fərdi xüsusiyyətlərindən asılıdır.

 

Ginekoloqa müraciət etməyi təxirə salmayın. Yadda saxlayın ki, xəstəliyin qarşısının alınması müalicədən yaxşıdır.

cərrah, mama-ginekoloq İlahə Quliyeva

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev