Həkim reportajı:  Yenidoğulmuşlarda təcili əməliyyat tələb edən qüsurlar yüksək ölüm riski yaradır
01.09.2021 17:23

Yenidoğulmuşlarda təcili əməliyyat tələb edən inkişaf qüsurları vaxtında və düzgün müalicə zərurəti yaradan çox ciddi patologiyalardır.

 

Uşaqlarda patologiyaların əksəriyyəti anadangəlmə olsa da, bir sıra sonradan qazanılan cərrahi müdaxilə tələb edən xəstəliklər də var. Belə xəstəliklər arasında daha çox təsadüf olunanları qazanılan bağırsaq keçirməzlikləri, kəskin apendisit və onun fəsadları, destruktiv pnevmoniyalar, kəskin hematogen osteomielitlərdir. Bu problemlərin klinik əlamətləri, gedişi və müalicə taktikası böyüklərdən tamamilə fərqlidir.

 

Uşaqlarda cərrahi patologiyaların 70 faizdən çoxunu müxtəlif ağırlıq dərəcəsinə malik anadangəlmə inkişaf qüsurları təşkil edir. Elə inkişaf qüsurları var ki, körpə doğulan kimi ona dərhal yardım göstərilməlidir. Belə patologiyalara ağciyərlərin anadangəlmə malformasiyalarını, diafraqma dəliklərini, qida borusunun atrezisiyasını, anadangəlmə bağırsaq keçirməzliklərini, qarının ön yan divarının inkişaf qüsurlarını misal göstərmək olar. Ümumiyyətlə, uşaq cərrahiyyəsi 150-dən artıq müxtəlif patologiyaları özündə cəmləşdirir.

 

Artıq uşaqlarda və yenidoğulmuşlarda bir çox inkişaf qüsurları laparoskopik əməliyyatla korreksiya edilir. Uşaqlarda kəskin apendisit və onun fəsadlaşmış növləri, müxtəlif formalı bağırsaq keçirməzlikləri, qarın boşluğu orqanlarının və ağciyərin sistoz törəmələri, anadangəlmə hipertrofik pilorostenoz, bir sıra anadangəlmə inkişaf qüsurları, Hirşprunq xəstəliyi, abdominal kriptorxizm, varikosele, qasıq yırtığı kimi xəstəliklər zamanı laparoskopik əməliyyat icra olunur.

 

Uşaq orqanizmi inkişafda olduğuna görə laparoskopik əməliyyatların icrası daha məqsədəuyğundur. Bundan əlavə, əməliyyat zamanı geniş kəsik açılmır, proses 3-5 millimetrlik dəlik vasitəsilə həyata keçirilir. Buna görə də çapıq qalmır. Açıq əməliyyatdan fərqli olaraq pasiyent uzun müddət xəstəxanada yatmalı olmur, qısa müddətdən sonra evə buraxılır.

 

Xəstəliklərin elə növləri var ki, hamiləlik dövründə diaqnoz qoyulmalıdır, hamilə qadınlar isə ginekoloq nəzarəti altında olmalıdır. Sonra da, körpə dünyaya gələn kimi neonotoloqların və uşaq cərrahlarının iştirakı ilə kollegial şəkildə yerində əməliyyat edilməlidir. Məsələn, körpələrdə anadangəlmə inkişaf qüsuru olan qastroşizis varsa, qarının ön divarında defekt olduğuna görə mədə və bağırsaqlar xaricdə yerləşir. Belə uşaqlara vaxtında yardım göstərmədikdə avtomatik olaraq bədən temperaturu 30-32 dərəcəyə qədər enir.

 

Əgər doğulan uşaq bir klinikadan digərinə köçürülərsə, o müddət ərzində bağırsaqların quruması və infeksiyalaşma təhlükəsi meydana gəlir. Bu zaman yerində əməliyyat icra edilməlidir, çünki köçürülən xəstələrdə ölüm riski yüksək olur. Anadangəlmə bağırsaq keçirməzlikləri zamanı dölyanı mayenin miqdarı çox olduğundan belə uşaqlar vaxtından əvvəl az çəki ilə doğulur.

 

Ginekoloqlar hamilələrdə dölyanı mayeni çəkərək həmin maddənin miqdarını azaltmaqla uşaqların vaxtında doğulmasına və əməliyyatın daha uğurlu keçməsinə şərait yaradırlar. Qastroşizis zamanı dünyanın inkişaf etmiş ölkələrində belə bir klinikadan digər klinikaya köçürmə nəticəsində ölüm halları 90 faizə qədər yüksələ bilir.

 

tibb elmləri doktoru Ramiz Poluxov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev