Azərbaycanda uşaq cərrahiyyəsinin qısa tarixi – Birinci yazı
17.08.2021 23:14

Dünyada uşaq cərrahiyyəsi 1879-cu ildə bu sahədə yeni texnika və üsulların tətbiqi ilə ilkin inkişaf mərhələsini başladı. Yeniliklərin tətbiq edildiyi xəstəxanalardan biri ABŞ-ın Filadelfiya Uşaq Xəstəxanası idi. 1940-cı illərdən başlayaraq C.Everett Koopun rəhbərliyi altında körpələrin endotrakeal anesteziyası və əvvəllər sağalmayan xəstəliklərin əməliyyatla aradan qaldırılması üçün imkanlar yaradıldı.

 

XX əsrin əvvəllərində Azərbaycanda səhiyyə sistemində uşaqların anadangəlmə inkişaf qüsurlarının cərrahi korreksiyasından və kəskin cərrahi xəstəliklərdən fəsadlar və ölüm faizi yüksək olaraq qalırdı. Təbii ki, belə vəziyyət istər səhiyyə işçilərini, istərsə də alimləri qane edə bilməzdi.

 

Aztibb.az səhiyyəmizin uşaq cərrahiyyəsi sahəsində inkişafının tarixi mərhələləri və alim-cərrahların bu istiqamətdə xidmətləri haqqında yazını təqdim edir.

 

1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda Pediatriya fakultəsi açıldı. Elə həmin ildə də uşaq cərrahlığı kafedrası təşkil olundu. Kafedraya rəhbərlik hospital cərrahiyyə kafedrasında professor B.K.Finkelşteynlə birgə çalışan və 1924-cü ildə onun rəhbərliyi altında doktorluq dissertasiyası müdafiə etmiş professor İsaak Solamanoviç Qinzburqa həvalə edildi.

 

 

Azərbaycanda uşaq cərrahiyyəsi sahəsindəki inkişafı 3 mərhələyə bölmək olar. Bu müddətdə tanınmağa başlayan uşaq cərrahlarının böyük əksəriyyəti məhz uşaq cərrahlığı kafedrasının yetirmələri olublar.

 

1938-ci ildə uşaq cərrahlığı kafedrası Qara şəhərdə indiki M.Ə.Əfəndiyev adına 2 saylı klinik xəstəxananın travmatologiya şöbəsinin nəzdində 30 çarpayıdan ibarət idi. Sonradan uşaq travması və cərrahi patologiyaları ilə olan xəstələrin sayı çoxaldığından və 30 çarpayı azlıq etdiyindən onun sayı 60 çarpayıya çatdırıldı. Kafedra təşkil olunanda cəmi 3 nəfərdən ibarət idi.

 

Uşaq cərrahlığı kafedrasını təşkil edən İ.S.Qinzburq geniş fəaliyyət diapazonuna malik istedadlı bir cərrah kimi uzun müddət operativ cərrahlıq kafedrasına rəhbərlik edib. Həmin illər uşaq cərrahiyyəsi sahəsindəki fəaliyyətin ilkin mərhələsini əhatə edir.

 

İkinci mərhələ Böyük Vətən müharibəsi qurtardıqdan sonra Uşaq cərrahlığı kafedrasının öz işini yenidən köhnə bazada, artıq travmatoloji şöbədə deyil, ümumicərrahiyyə şöbəsinin 60 çarpayılıq bölümündə başladığı dövrü təşkil edir.

 

O illərdə İttifaqın Ali təhsil üzrə Komissarlığının və Azərbaycan Səhiyyə Nazirliyinin xüsusi qərarı ilə pediatriya və sanitar-gigiyena fakultələrində hospital cərrahlığının tədris olunması da uşaq cərrahlığı kafedrasına həvalə olundu. Bu isə əməkdaşların sayının artmasına və elmi-tədqiqat işlərinin planlaşdırılmasına böyük təkan verdi.

 

Beləliklə kafedrada odlu silah yaralanmalarının fəsadlarının, osteoxondritlərin, döş qəfəsinin perixond-ritlərinin, yara distrofiyasının, qarın və döş boşluğu üzvlərinin odlu silah yaralanmalarının yaxın və uzaq nəticələri və s. məsələlərlə ətraflı məşğul olunmağa başlanıldı.

 

Müharibədən əvvəlki illərdə olduğu kimi bu dövrdə də milli kadrların azlığı, dərsliklərin və dərs vəsaitlərinin, elmi-metodik vəsaitlərin, elmi məqalələrin böyük əksəriyyətinin rus dilində nəşr olunması milli kadrların hazırlanmasında böyük çətinliklər yaradırdı.

 

Belə vəziyyət istər Səhiyyə Nazirliyi və Tibb İnsitutunun rəhbərliyi, istərsə də kafedra rəhbərliyi qarşısında milli kadrların daha çox işə cəlb olunmasına və ana dilində dərsliklərin və dərs vəsaitlərinin yazılıb çap edilməsinə diqqəti artırmağı tələb edirdi.

 

Artıq 1946-cı ildən başlayaraq kafedraya müharibədə böyük cərrahi təcrübə əldə etmiş assistentlər, dosentlər, ordinatorlar işə qəbul olunmağa başladılar. Kafedranın elmi və praktiki fəaliyyətinin bərpa olunmasında professor İ.S.Qinzburqun elmi rəhbərliyi altında uşaq cərrahlığının müxtəlif sahələrini əhatə edən ilk namizədlik dissertasiyaları müdafiə etmiş dosent R.Q.Əkbərov, Q.M.Məlik Bağdasarov, Ə.M.Əlizadə, N.Y.Axundov, M.A.Lyas, E.B.Qelfqardin, M.B.Vəzirəliyev, C.Ş.Xəlilov, M.Axundova və A.M.Mustafayevin böyük xidmətləri olub.

 

 

Kafedra 1946-cı ildə Qara şəhər xəstəxanasından N.A.Semaşko adına klinik xəstəxananın cərrahi korpusuna 60 çarpayıda, 1962-ci ildə isə 120 çarpayıda yerləşdirildi. Bu xəstəxanada uşaq cərrahlığı ilə yanaşı pediatriya və sanitar-gigiyena fakultələrinin tələbələrinə hospital cərrahiyyə də tədris olunurdu. 120 çarpayının 100-ü uşaqlar, 20-si isə böyüklər üçün idi.

 

Uşaq cərrahlığı fənni həm pediatriya, həm də müalicə-profilaktika fakultəsində tədris olunduğuna görə və kafedraya bir gündə 450-500 tələbənin gəlməsi ilə yanaşı burada sanitar-gigiyena və pediatriya fakultələrində hospital cərrahiyyənin də tədris olunması xeyli çətinliklər törədirdi. Bunu nəzərə alaraq, artıq 1970-ci ildə uşaq cərrahlığı hospital cərrahlığından ayrılaraq sərbəst fəaliyyət göstərməyə başladı.

 

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ
Xroniki xəstəlik nədir?