Xalq təbabəti – Türkəçarə  müalicə  üsulları / İkinci yazı
10.08.2021 16:49

Türkəçarə müalicə üsulları əlacı tapılmayan xəstəliklər üçün hər zaman ümid olub. Üsəlik xəstənin psixoloji vəziyyətini müsbət auraya kökləmək baxımından müalicə ilə yanaşı duaların edilməsi  də xəstənin sağalmasına əhəmiyyətli təsir edib.

 

Aztibb.az xalq müalicə üsulunda türkəçarənin müxtəlif sahələri və faydaları haqqında növbəti yazını təqdim edir.

 

Türkəçarəçilər uzunmüddətli təcrübələri nəticəsində bitki çiçəklərinin, yarpaqlarının, toxumlarının, meyvələri­nin və köklərinin müalicəvi  xüsusiyyətlərini tapıblar. İlin isti fəsllərində bu bitkilər toplanır, qurudulur sonra isə istifadə edilir. Əgər bitki vaxtında toplanmasa, onun tərkibi dəyişir və təsiri azalır.  

 

Bitkilərin saxlanması qaydasını da bilmək çox vacibdir. Dərmanın hazırlanması üçün lazım olan bitkiləri onu tanıyan, bilən adam toplayır və xüsusi yerlərdə saxlayır.  

 

Məlum məsələdir ki, hər bir dərman bitkisinin insan orqanizminə müəyyən təsiri onun tərkibində olan təsiredici maddələrin az və ya çox olması ilə qiymətləndirilir. Dərman bitkilərinin tərkibində olan təsiredici maddələrin miqdarı həmin bitkilərin inkişaf dövrü ilə əlaqədardır. Təsiredici maddələr adətən dərman bitkilərinin müəyyən hissələrində-köklərində, gövdələrində, yarpaqlarında, çiçəklərində müxtəlif vaxtlarda, müxtəlif miqdarda olur. Buna görə də bitkilərdə olan dərman xammalının ancaq lazımi hissələri toplanaraq tədarük edilir.

 

 

 

Bitkilər yağışlı, sisli və rütubətli havalarda yığılmamalıdır. Yalnız təmiz və ləkəsiz olan bitkiləri toplamaq lazımdır. Qurudulmaq üçün yığılan bitkilər (köklər xaric) qəti yuyulmamalıdır! Bitkinin yığıldığı yerlərin təmizliyi də çox vacibdir. Şəfalı bitkilər avtomobil yolu kənarından yığılmamalıdır. Bitkilərin dərmanlanmamış ərazidən yığılmasına diqqət etmək lazımdır. Əkin sahələri yaxınlığındakı bitkilərin üzərinə gübrə və dərmanların külək vasitəsilə gəlib çatması ehtimalı olduğundan, belə ərazilərdən şəfalı bitkiləri yığmaq olmaz.

 

Dərman  bitkilərindən hansının  faydalı  olub  olmamasını müəyyənləşdirmək  o qədər  də  asan  olmayıb və uzun zamanla əldə  edilmiş  təcrübə  xalqın  yaddaşında günümüzədək qorunub  saxlanılıb və bitkinin  hər bir hissəsinin təsir vasitəsi öyrənilib.

 

Müalicə məqsədilə istifadə edilən mədəni və yabanı dərman bitkilərinin ağac, kol və ya otşəkilli nümayəndələri olur. Yabanı dərman bitkiləri - çöllərdə, meşələrdə bitir. Bunlara itburnu, sürvə, kəklikotu, andız, çobanyastığı, çöl qatırquyruğu, bağayarpağı və s. aiddir. Mədəni dərman bitkiləri - zəfəran, nanə, boranı, gülümbahar kimi bitkilər insanlar tərəfindən becərilir. Müalicə məqsədilə bir çox kənd təsərrüfatı bitkilərinin müəyyən hissələrindən də istifadə edilir.

 

Zaman  keçdikcə bitkilərlə bərabər  heyvanat aləminin  və  mineralların xüsusiyyətləri  dərindən  öyrənilib və  müalicə üsullarında onlardan  da  istifadə edilib. Beləliklə türkəçarə müalicədə  bitki,  heyvan  və  mineral mənşəli maddələr geniş  yer tutub.  

 

XIX əsrin ikinci yarısından başlayaraq kimya elminin və yüngül sənayenin sürətlə inkişafı kimyəvi preparatların yüksək dərəcədə istehsalını və tətbiqini genişləndirdi. Nəticədə bəzi xəstəliklər, xüsusilə yoluxucu xəstəliklər keçmişdə kəskin formada keçirdisə, sonralar xroniki formalarda rast gəlindi. Bunun da əsas səbəbi xəstəliklər zamanı kimyəvi dərman preparatlarının həddən çox və lüzumsuz yerə tətbiq olunması idi.

 

Baxmayaraq ki, müasir tibb durmadan inkişaf edir, dünyada etnobioloji üsulların effektivliyinin öyrənilməsi istiqamətində də tədqiqatlar genişlənməkdədir. Belə qənaətə gəlinib ki, etnobiologiyanın bir qolu sayılan etnobotanikadan, başqa sözlə, xalq təbabətindən istifadə etmək daha effektiv və ziyansızdır.

 

Hazırda da xalq təbabəti, təbii müalicə üsulları ilə məşğul olan təbiblərimiz var. Kimyəvi dərmanın faydalı tərəfi ilə yanaşı, zərərli təsirlərinin də çox olduğu bilindiyindən,  xəstəliklərin müalicəsi zamanı bitki mənşəli dərmanlara, uzunmüddətli təcrübəyə əsaslanan qaydalara geniş yer verilir.

 

Təbii  vasitələlərlə  müalicə  aparılarkən  xəstəliyin əlamətləri  dəqiq  müəyyən  edilir,  sonra  ona  uyğun  dərman hazırlanır.  Müalicə həkim  tərəfindən və ya  onun məsləhəti və  nəzarəti altında aparılmalıdır.  Belə  olduqda müalicənin nəticəsi  daha  səmərəli  olar.  

 

Dünyanı bürüyən xəstəliklər, epidemiya və pandemiyalar zamanı müasir tibb belə bir virusun əlində aciz qalır və belə hallarda insanlar yenə də üzünü təbiətin onlara bəxş etdiyi “yaşıl dünya”ya tuturlar.

 

Hələ ötən il COVID-19 pandemiyası başlanan ərəfədə Çində xəstəxanalara yerləşdirilənlərin hamısına adi müalicə ilə yanaşı, Çin təbabətinin ənənəvi üsulları da tövsiyə olunurdu. Müalicə formulu Hançjou şəhərinin Səkkizinci Xalq Xəstəxanasında hazırlanırdı. Regional hakimiyyətin təsdiqindən keçən bu formul Quandun əyalətinin Elm və Texnologiya Nazirliyi tərəfindən rəsmən tanındı. Xəstələrə həm bəlğəmə görə, həm də iltihaba qarşı ənənəvi vasitə təyin olunurdu. Bu ənənəvi dərman iynəyarpaq və biyan kökü də daxil, müalicəvi bitkilər əsasında hazırlanırdı.

 

Bu gün tibb mütəxəssisləri xəstəliklərin müalicəsində biotənzimləyici təbabət metodikasından da istifadə edirlər ki, bu metodika  orqanizmin tarazlığı pozulmuş biosistemlərinin bərpasına yönəlib. Dünyada bu metodikanı tətbiq edən klinikalar mövcuddur və hər birinin də fəaliyyəti bioloji təbabətə əsaslanır. Bu sahə xalq təbabətindən fərqlənir. Biotənzimləyici sistemli təbabət perspektivli sahə olaraq getdikcə inkişaf edir və sübut olunmuş elmi tədqiqat bazasına söykənib.

 

Əslində türkəçarə dediyimiz sahə də böyük elmi əsası olan qədim türk təbabətidir. Mütəxəssislər də bildirir ki, səhiyyə təşkilatları tərəfindən təsdiq olunmuş, dövlət reyestrindən keçmiş, elmi cəhətdən əsaslandırılmış türkləçarə metodları müalicə vasitəsi kimi istifadə oluna bilər. Bu üsullar dünya təcrübəsində farmakologiya üsulları kimi təsdiq edilir və dövlətlərin səhiyyə qurumlarının reystrində olur.

 

 

 

Ölkəmizin florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə esiblər. Belə xüsusiyyətə malik  bitkilər 1800-dən çox  növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 40%-dən çoxunu təşkil edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir.

 

Hazırda Azərbaycan alimlərinin аpаrdıqları еlmi tədqiqаtlаr nəticəsində ölkədə 178 fəsil və 740 cinsi təmsil edən dərmаn bitkisi аşkаr еdilib, 400-ə qədər bitki təbаbətdə sınаqdаn kеçirilib, 90 növün sənаyе əhəmiyyətli olduğu öyrənilib. 100-dən çох qiymətli dərmаn mаddələrinin yеni mənbələri müəyyən edilib. Аlınаn mаddələr və dərmаn prеpаrаtlаrı alimlərimiz tərəfindən pаtеntləşdirilib.

 

Türkəçarə  müalicəsi  ilə  bağlı başlıca vəzifələrdən biri onun təcili toplanıb sistemləşdirilməsi  və  elmi  təbabətdə istifadə edilməsidir. Unutmaq  olmaz ki,  bu müalicə  üsulunun  bilicilərinin  sayı gündən-günə azalmaqdadır.

 

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”