Qazilərlə bağlı mərkəzlər yaradılır - FƏRMAN
25.06.2021 18:54

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb. 

 

Aztibb.az xəbər verir ki, fərmanda deyilir:

 

1. Şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” (bundan sonra – Mərkəz) yaradılsın.

 

2. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

3. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunsun.

 

5. Müəyyən edilsin ki:

 

5.1. Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilir;

 

5.2. Mərkəzdə xidmətlər birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada təşkil edilir.

 

6. Mərkəzin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil edilsin.

 

7. Bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanları (qurumları):

 

7.1. Mərkəzdən daxil olmuş müraciətlərin icrasını, o cümlədən vaxtında və tam (əhatəli) cavablandırılmasını təmin etmək məqsədilə mövcud ştat vahidləri çərçivəsində müvafiq struktur bölməsi yaratsınlar və ya bununla bağlı səlahiyyətləri mövcud struktur bölməsinə həvalə etsinlər;

 

7.2. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş xidmətlərin göstərilməsinin və hüquqmüəyyənedici sənədlərin verilməsinin Mərkəz vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Mərkəzin fəaliyyət göstərdiyi yerləri dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün müəyyən edilmiş büdcə təxsisatları çərçivəsində zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər, habelə həmin resursların zəruri dövlət informasiya sistemlərinə (ehtiyatlarına) çıxışını təşkil etsinlər;

 

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

 

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

8.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə həmin dövlət orqanları (qurumları) rəhbərlərinin müavinlərinin təmsil olunduğu Əlaqələndirmə Komissiyasının yaradılmasını təmin etsin;

 

8.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

9. Nazirlik:

 

9.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının Mərkəzdə müvafiq xidmətlər göstərmələri üçün zəruri şərait yaradılmasını və digər tədbirlər görülməsini təmin etsin;

 

9.2. Mərkəzdə xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirməni Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsini üç ay müddətində təmin etsin;

 

9.3. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, Mərkəzə daxil olan müraciətlərin icra vəziyyətinin monitorinqi və onların icrasına dair hesabatlılığın təmin edilməsi məqsədilə Katiblik yaratsın;

 

9.4. Mərkəzin fəaliyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

9.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır