"Son dövrlərdə yeniyetmələrdə depressiya halları çoxalıb" - Nevroloq Sevinc Məmmədova
23.06.2021 16:26

Yaşadıqlarımız ruhumuzda izlər qoyur. Bəziləri gözəlliklər yaradarkən, bəziləri travmalara çevrilib şüuraltımızda yaşayır. Üstünə də müasir həyat və gətirdiyi problemlər, əsəb və gərginliklər əlavə olur. İnsan ruhunun yorulduğu vaxtda nevroloq onun köməyinə çatır.

 

Nevroloq Sevinc Məmmədova müsahibəsində insanların daha çox əziyyət çəkdikləri psixoloji vəziyyətlərdən danışıb.

 

-  Sevinc xanım, nevroz insan münasibətlərinə ən çox ziyan verən xəstəlikdir. Bu xəstəlikdən dərmanlarla birdəfəlik müalicə mümkündür ya təsir müvəqqətidir?

 

- Biz buna funksional mənşəli nevrotik pozuntular deyirik. Bu pozuntular həm həyat keyfiyyətinə, həm də sağlamlığa ziyan vurur. Bu xəstəlik müalicə oluna biləndir. Əvvəlcə gərək nevrotik pozuntunun dərəcəsi, nə qədər müddətdir davam etdiyi, yanaşı gedən xəstəliyin olub-olmadığı müəyyənləşsin. Xəstəliyin yeni başladığı xəstələrə dərman yox, həyat rejimini düzəltmək, psixoloji yardıma müraciət etməsini məsləhət edirik. Amma daha irəliləmiş nevrotik pozuntularda mütləq şəkildə dərman müalicəsi edirik. Dərman kurslarla verilir və xəstə bu ardıcıllığa tam riayət etməlidir. Çox vaxt bu rejimə əməl etmirlər. Məsələn, 2-3 ay sonra təkrar həkimə gəlməlidirsə, gəlmir və ya dərmanı birdən kəsir. Bu da xəstəlikdən sağalmağı təxirə salır. Xəstə sağalsa belə düzgün həyat yaşamalıdır ki, xəstəlik qayıtmasın.

 

Statistikaya əsasən, 5 insandan biri depressiyadan əziyyət çəkir. Dərman müalicəsi bu xəstəlikdə effektivdir ya əsas həyat tərzinin dəyişməsidir? Yəni dərman kəsildikdən sonra insan yenə öz melanxoliyasına geri dönür?

 

- Son dövrlərdə yeniyetmələrdə depressiya halları çoxalıb. Bu da bəzən intiharla bitir. Bu da nevrotik pozuntuların içində ən təhlükəlisi olduğunu göstərir. Biz də müalicə apararkən xəstəliyin dərəcəsindən asılı olaraq dərman seçirik. Psixoloji yardım almağı xəstəyə məsləhət edirik. Dərman müalicəsi və dayandırılması düzgün qaydada aparılmalıdır. Bu şəxslər nəzarətdə olmalıdılar. Depressiyanın növündən asılı olaraq müalicə seçilir. Bəzən ailədə problem olduğuna görə insan depressiya yaşayır və ya ailə ilə bağlı problem yoxdur, amma xəstədə genetik yatqınlıq var. Serotonin hormonunun azlığı da buna səbəb ola bilər. Buna bioloji səbəb deyirik. Ya da uşaqlıqda yaşanmış hansısa psixoloji travmalar yarada bilir. Yəni, bunların hamısının əhəmiyyəti var. Əgər depressiyadan əziyyət çəkən yaxınınız varsa, mütləq şəkildə müalicə götürməyi məsləhət görürük. Əlbəttə, müalicə uzunmüddətli olacaq amma yenə də xəstəlikdən xilas olmağın yolu budur. Dərmanı da həkimin nəzarətində kəsmək lazımdır, birdən kəsilərsə xəstəlik qayıda bilər. Müalicə bitdikdən və xəstə sağaldıqdan sonra yenə stressli həyata qayıtdıqda xəstəlik qayıda bilir. Həkimin vəzifəsi xəstəni sağaltmaq,  xəstəninki isə özünü qorumaqdır.

 

- Azərbaycanda insanlar daha çox hansı növ baş ağrılarından əziyyət çəkir?

 

- Tək ölkəmizdə yox, bütün dünyada ən geniş yayılmış gərginlik tipindəki baş ağrılarıdır. Əhalinin 40%-i gərginlik baş ağrılarından əziyyət çəkir. Ümumiyyətlə, baş ağrısı ilə gələn xəstələr çoxdur. Bütün nevroloji xəstəlikləri götürsək, 30%-i baş ağrısından əziyyət çəkir.

 

- Ölkənin nevroloji xəritəsi haqda nə deyə bilərsiz? İnsanımız nədən əziyyət çəkir?

 

- İnsanımız daha çox funksional mənşəli nevrotik pozuntulardan, baş ağrıları, onurğa problemlərindən, başgicəllənmədən əziyyət çəkir.

 

- Əl uyuşmaları, keyiməyə səbəb olaraq çox vaxt qan laxtalanmasını göstərirlər. Bu doğrudurmu?

 

- Xeyr, doğru deyil. Əllərdə uyuşma və keyimə varsa, buna səbəb sinir şikayətidir. Qan laxtalanması əldə uyuşma yaratmaz, bu mifdir. Əldə gizilti, ağrı olanda bu sinir problemi ilə bağlı olur və biz bunu aydınlaşdırmaq üçün elektroneyromioqrafiya müayinəsi edirik.

 

- Başgicəllənmələr üçün ən yaxşı müalicə hansıdır?

 

- Başgicəllənmələrin mərkəzi və periferik növləri var. Periferik tipdə olan başgicəllənmələrinə xoşxassəli pozisyonal vertigo deyirik. Daxili qulaqda olan müvazinət kristallarının yerindən oynaması nəticəsində yaranır. Bunun müalicəsində bir neçə testdən, manevrlardan istifadə edirik. Eyni zamanda müəyyən dərman preparatları ilə müalicə edilir. Amma mərkəzi mənşəli başgicəllənmələr mərkəzi sinir sistemi, beyində olan dəyişikliklərə bağlı olur. Bəzən insultlar, şişlər, damar anomaliyasında bu hal baş verir. Eyni zamanda funksional mənşəli nevrotik pozuntularda da başgicəllənmələr olur. Biz ona fobik postural başgicəllənmələr deyirik. Səbəb bilinəndən sonra müalicədə ona uyğun olur.

 

- Epilepsiyanın müalicəsi varmı?

 

- Əlbəttə ki, var. Müalicə xəstəliyin formasından asılıdır. Yəni, epilepsiyada epileptik sindrom, generalize, fokal olub-olmamasından asılı olaraq fərqli tipdə müalicələr aparılır. Epilepsiyanın hansı sindrom və forma olmasını müəyyən etmək üçün elektroensofaloqrafiya müayinəsi aparırıq. Mən özüm bu müayinəni aparıram. Bunu və başqa neyrofizioloji müayinələri bacarmağım xəstənin operativ şəkildə diaqnozunu qoymağıma kömək olur.

 

- Səbəbsiz halsızlıq- müasir insanın əziyyət çəkdiyi xəstəlikdir. Buna səbəb nədir?

 

- Günümüzdə buna xroniki yorğunluq sindromu səbəb olur. Bu da iş gərginliyi, rejimin düzgün qurulmamasına görədir. Bəzən endogen faktorlar da səbəb ola bilər. Hansısa vitamin çatışmazlığı, metabolik pozğunluqlar, bəzi xəstəliklər nəticəsində yarana bilər.

 

- İş prosesində sizə qəribə gələn, üzünüzü güldürən hansı hadisəni bizə danışa bilərsiz?

 

Düzü, iş prosesində məni təəccübləndirən hansısa hadisə yadıma gəlmir. Amma üzümü güldürən çox hadisə olub. Xəstələrimin məmnun qalması, müsbət dinamika əldə etməsi mənim üzümü güldürür. Müalicə gedişatı 50% bizdən asılıdırsa, 50%-də pasiyentdən asılıdır. Necə ki, müəllim yanına hazırlığa uşaq qoyursan. Burda necə hər şey müəllimdən asılı deyilsə, bizim də işimizdə belədir. Xəstə-həkim birliyi uğurun sirri, sağalmanın açarıdır.

 

- Koronavirusdan əvvəlki vaxtla indini müqayisə etsək necə mənzərə yaranır? Virus, karantin insanlara necə təsir edib?

 

- Aradakı fərq kifayət qədərdir. Xüsusilə sərt karantin vaxtı panik atak, həyəcan təşviş pozuntularına daha çox rast gəlirdik. İnsanlarda qorxu, fobiya var idi. Xəstəlik, ölüm, yaxınlarına bir şey olacaq qorxusu onları rahat buraxmırdı. Bu hallarda azalma olsa da indi kovid keçirmiş insanların xəstəlikdən sonra yaranan ağırlaşmalarına rastlayırıq. Hansı ki, həmin ağırlaşmalara əvvəllər daha az rast gəlirdik. Post kovid dövründə insanların beynində ciddi dəyişikliklər yaranıb.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən