Mükəmməl qankəsici vasitə - Boymadərən bitkisinin FAYDALARI
22.06.2021 15:16

Qədim tarixə görə Axill, Patrokl, Xiron, Telef və Dioskorid kimi filosof və təbiətşünaslar Adi boymadərəni “ecazkar bitki” adlandırırdılar. Azərbaycanda ağ (bozumtul) və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də tibbdə ağ (bozumtul) boymadərən tətbiq olunur.

 

Aztibb.az xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun İnnovasiya və elmi-istehsalat şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərov və həmin institutun Zooloji tədqiqatlar şöbəsinin kiçik elmi işçisi Gülşad Məmmədovanın həmmüəllifi olduqları məqalədə məlumat verilir. 

 

Adi boymadərən Avropa, Qafqaz, Qərbi və Şərqi Sibir, Uzaq Şərq və Orta Asiyada geniş yayılmışdır. Azərbaycanda Böyük Qafqazın şərq və qərb zonaları, Kiçik Qafqazın şimal, mərkəz, cənub və Lənkəran dağlıq ərazilərində bitir. Naxçıvan Muxtar Respublikasının əsasən aşağı və orta dağlıq ərazilərində quru dərələrdə, çaybasar çəmənliklərdə, talalarda, yol kənarlarında, təzə salınmış meşə zolaqlarının ətraf ərazilərində və yaşayış məntəqələrinə yaxın yerlərdə  9 növü yayılmışdır.

 

Bitki çiçəkləmə fazasında (iyun və avqustun birinci yarısı) yarpaq və 15 sm uzunluğunda gövdələri, qalxanşəkilli çiçəkqrupu və 2 sm uzunluğunda səbətciyi kəsilməklə toplanılır. Kök və cavan pöhrələrini qətiyyən qazaraq çıxarmaq olmaz! Bitkinin toplanıldığı sahələrin təkrar istismarı 1-2 ildən sonra mümkündür. Quru hava şəraitində toplanılmış xammalı qısa müddətdə qurutmağa çalışmaq lazımdır. Xammalın qurudulması havası yaxşı dəyişələn açıq çardaqlarda, asan hava keçirən kağız və ya parça üzərində sərməklə aparlır.

 

Otun və çiçəklərin tərkibində 0,8% efir yağı, başlıca komponent olan millefolid, xamazulin, axillin, aşı maddələr, K vitamani və flavonoidlər vardır. Yeraltı hissələrində və çiçəklərində flavanonlar, axıllein alkaloidi, kumarinlər, akonit turşusu, acı və aşı maddələr, qatran, üzvi turşular, inulin, asparagin, askorbin, mineral turşular, filloxinon, karotin və xolin vardır. Toxumların tərkibində 21% piyli yağlar, yarpaqlarının tərkibində 0,85% efir yağı, monoterpenoidlər 8-10% sineol, kamfora, tuyol, seskiterpenoidlər - axillin, kariofillin, azulen, mürəkkəb efirlər, L-borneol, β-pinen, L-limonen, tuyol və bornilasetat maddələrindən ibarətdir. Efir yağının tərkibində salisil, qarışqa, sirkə, izovalerian turşuları və K vitamini vardır.

 

Keyfiyyətli xammalı onun yarpaq və çiçəkləridir. Çiçəklərinin tərkibində efir yağı, mürəkkəb efir, azulen, tuyol, sineol, kamfora, kariofillen, qarışqa və izovalerian turşuları olur. Tərkibində eyni zamanda qatran, acı və aşı maddələr, vitaminlər, fitonsid və digər maddələr də vardır. Boymadərən qankəsici olduğundan ağciyər, bağırsaq, uşaqlıq, böyrək, burun qanaxmalarında, yanıq, trofik yara, xroniki furunkulyoz və dəri xəstəliklərinin müalicəsində istifadə edilir. Bitki və çiçəkləri qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində, enterokolit, nefrit, spesifik olmayan kolit, mədə və bağırsağın spazmında çox yaxşı təsir edir. Boymadərən maddələr mübadiləsini normallaşdırır, hipertoniya, ateroskleroz və piylənmə zamanı əvəzedilməz bitkidir. Bu bitkinin qəbulu qanda trombositləri artırır. Tromboz zamanı qəbulu yolverilməzdir. Qanın laxtalanmasını artırdığından antiallergik xüsusiyyətinə görə diatez, ekzema, qızılyel və bronxial astma xəstəliklərində müvəffəqiyyətlə istifadə edilir. Nevrozlarda, süd vəzinin iltihabında, qıcolma və qusma hallarında olduqca faydalıdır.

 

Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik edən mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. Bunun üçün 50 q. boymadərən xammalı 500 ml suda dəmlənir və ilıq şəkildə tənziflə bütün bədənə sürtülür. Bu prosedura dəridə olan parazitləri məhv edir, pis qoxuları aradan qaldırır və dərini təravətləndirir. Dəmləməsi böyük qan dövranı pozulmalarında faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşütməni aradan qaldırır. Eyni zamanda ürəkbulanma və konyuktivitdə (göz xəstəliyi) də istifadə olunur. Bütün iltihabi xəstəliklərdə sulu dəmləməsi daxilə qəbul olunur. Təbabətdə qankəsici, kolit, mədə və 12 barmaq bağırsaq xorası zamanı bakterisid təsirə malikdir. Xalq təbabətində isə qankəsici, yarasağaldıcı malyariya, böyrəkdaşı və qaraciyər xəstəlikləri zamanı (virus hepatiti) təyin edilir. Boymadərən həm də dərman, ədviyyat, dekorativ və balverən bitki kimi də tanınır.

 

Hazırlanması: 2 çay qaşığı bitki xammalı 250 ml qaynar suda 15 dəqəqə ərzində dəmləyərək (termosda) gündə 2 fincan (sutkalıq doza) qəbul etmək məqsədəuyğundur. Xaricə tətbiqi zamanı 3 xörək qaşığı bitki 1,5-2 stəkan qaynar suda dəmlənilir. Öd, mədə və bağırsaq xəstəlikləri zamanı 20 qram boymadərən, 50 qram çobanyastığı və 50 qram nanə ilə birlikdə dəmlənilməklə qəbul edilir. Bəzi xarici ölkələrdə yağ və ət məhsullarının (kolbasa) hazırlanmasında boymadərəndən geniş istifadə edilir.

 

Xalq və ənənəvi təbabətdə qaraciyər, podaqra, revmatizm, limfa vəzilərinin vərəmi zamanı istifadə edilir. Eyni zamanda qıcolmalar, irinli yaralar, anemiya, ağciyər xəstəliklərində də müvəffəqiyyətlə tətbiq edilir. Hamiləlikdə əks göstərişdir.

 

 

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər