Yod çatışmazlığı zamanı tiroid hormonlarının normal sintezi pozulur - Həkim-endokrinoloq
21.05.2021 10:51
Qalxanvari vəz insan orqanizminin ən böyük endokrin vəzilərindən olub boyunun ön tərəfində yerləşir. Sağlam insanın bədənində 15-20 mq yod var. Bunun da 70-80%-i qalxanvari vəzdə yığılır və tiroid hormonlarının sintezi üçün zəruri bir komponent kimi istifadə edilir.
 
Yoda olan gündəlik ehtiyac yaş dövründən asılı olaraq 100-200 mkq arasında olur. Bədən üçün yod ehtiyacının artdığı dövrlər yeniyetməlik, hamiləlik və laktasiya dövrüdür. Yod orqanizmə əsasən qida məhsulları ilə daxil olur və bunun demək olar ki, hamısı mədə və onikibarmaq bağırsaqdan sürətlə sorulur.
 
Aztibb.az-ın xəbərinə görə, ATU-nun Tədris Terapevtik Klinikasının həkim-endokrinoloqu Könül İsmayılova bu barədə məlumat verib.
 
Həkimin sözlərinə görə, yodla ən zəngin olan qida məhsulları dəniz məhsullarıdır. Dəniz yosununda yodun miqdarı 0,3%-ə çatır. Dəniz balıqlarının da tərkibində çoxlu yod var. Kambala, siyənək, levrək, ton balığı, qızıl balıq yodla xüsusilə zəngindirlər. Gündə 180 qr balıq yeməklə yoda olan gündəlik tələbatı ödəmək olar. Limon, narıncı, portağal, feyxoa, xurma, mərcanı, qara gavalı, pomidor da yodla zəngin məhsullardır.
 
Ətraf mühitdə (torpaq, su, qida) yod çatışmazlığı zamanı tiroid hormonlarının normal sintezi pozulur. Bu çatışmazlıq uzun müddət davam edərsə qalxanvari vəzin yod çatışmazlığı xəstəliklərinin meydana çıxmasına səbəb olur. Yod defisitli xəstəliklər insanın qeyri-infeksion xəstəlikləri arasında ən geniş yayılmış xəstəliklərdəndir. Bütövlükdə 1,5 milyard Yer əhalisinin yaşadığı mühitdə yod çatışmazlığı var. Yod çatışmazlığı ağıl kəmliyinin qarşısı alına biləcək ən geniş yayılmış forması olan kretinizmə səbəb olur. Azərbaycan yod defisitinə görə orta ağırlıq dərəcəsi olan regiondur.
 
Nə üçün ölkəmizin bütün ərazisində orta ağırlıqda yod defisiti müəyyən edilir?
 
- Məhsuldar torpaqda və bitkilərin tərkibində yod praktiki olaraq yoxdur.
- Bitki və heyvan mənşəli qidaların tərkibində yod çox azdır.
- Dəniz balıqlarının və digər dəniz məhsullarının istifadəsi azdır.
 
Nəticədə yaş dövründən asılı olaraq müxtəlif patoloji hallar meydana çıxır.
 
Döldə yod çatışmazlığı spontan abort, ölü doğuş, anadangəlmə anomaliyalar, artan perinatal ölüm/xəstələnmə, uşaq ölümünün artması, nevroloji/miksedematoz kretinizm, psixomotor qüsurlara, anadangəlmə hipotireoidizm, endemik zəka geriliyi, uşaq və yeniyetmə dövründə ur (subklinik hipotiroidizm), zehni, fiziki və cinsi inkişaf geriliyi, yaddaşın zəifləməsi, böyüklərdə ur, yodla əlaqəli hipertireoidizm riski, hipotireoz kimi hallar meydana çıxır. Fiziki müayinə zamanı diffuz olaraq böyümüş qalxanvari vəz aşkarlanır.
 
Yod çatışmazlığı olarsa, T4 aşağı, T3 normal və ya yüksək, TSH normal və ya üst sərhəddə ola bilir. Anti TPO önəmlidir və USM mütləqdir.
 
Müalicə yod preparatları ilə aparılmalıdır. Levotiroksin istifadə edilməməlidir. Uşaqlarda və yeniyetmələrdə Levotiroksin istifadə oluna bilər. Böyük substernal, traxeya/qida borusuna təzyiq edən urlarda əməliyyat düşünülə bilər.
 
Bəs yod defisitinin qarşısını necə almaq olar?
 
Bunun üçün müxtəlif profilaktika metodları mövcuddur:
 
- Kütləvi profilaktika – qida məhsullarının, ilk növbədə xörək duzunun yodlaşdırılması.
- Qrupşəkilli profilaktika – yod defisitli xəstəliklər inkişafına görə risk qruplarında yod tərkibli preparatların qəbulu.
- Fərdi profilaktika – gündəlik fizioloji yod tələbatını təmin edən dozalanmış preparatların profilaktik qəbulu.
 
Qeyd edək ki, ölkəmizdə duzun yodlaşdırılması haqqında qanun qəbul edilib və qida məhsulu kimi yalnız yodlaşdırılmış duz satılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev