Daun sindromlu uşaqların inkişafı üçün doğru dəstək vaxtında göstərilməlidir
22.03.2021 10:03

Martın 21-i dünya səviyyəsində Daun sindromu Fərqindəlik Günü kimi qeyd olunur. Daun sindromu, xromosom sayındakı fərqlə meydana çıxan bir xromosom anomaliyasıdır. Normalda biz öz valideynlərimizin hər birindən 23 xromosom alır və cəmi 46 xromosoma sahib oluruq. Daun sindromlularda bu xromosom sayı 21-ci cüt xromosomda 2 deyil, 3 olmaqla, cəmi 47 xromosom olur və tibbi ədəbiyyatda 21-ci xromosomun trisomiyası da adlandırılır. Bu səbəbdən BMT-nin qərarı ilə hər ilin 3-cü ayının 21-ci günü Dünya Daun Sindromu Günü kimi qeyd olunur. Hüceyrə bölünməsi zamanı yanlış bölünmənin nəticəsində 21-ci xromosomda bir xromosomun artıqlığı ilə meydana gələn bu xromosom anomaliyası yüngül və ya orta səviyyəli zehni və fiziki geriliyə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva deyib.

 

N.Sədiyevanın sözlərinə görə, Daun sindromunun meydana gəlmə amillərini araşdıran zaman ədəbiyyatda bu gün daha çox əhəmiyyət verilən etioloji faktor ananın hamiləlik yaşıdır:

 

"35 yaşdan yuxarı hamiləliklərdə risk yüksəlir . Lakin statistik göstəricilər gənc analar arasında doğumların çox olması ilə əlaqədar Daun sindromlu körpələrin 75-80 faizinin gənc anaların körpələri olduğunu göstərir. Bu gün dünyada 6 milyona yaxın Daun sindromlu şəxs yaşayır. Daun sindromunun yaranması sosial-iqtisadi vəziyyətlərdən, ölkələrdən və milliyyətlərdən asılı deyil. Bu sindromun bir neçə forması var. Bunlar 21-ci xromosumun trisomiyası, translokasiya və mozaisizmdir. Daun sindromunun diaqnozu həm doğuma qədər, həm də doğumdan dərhal sonra qoyula bilər. Daun sindromlu körpələr bəzi fiziki xüsusiyyətləri - gözlərinin quruluşu, basıq burunları, qısa barmaqları, qalın ənsələri, ovuclarının içində tək cizginin olması və ayaq baş barmaqlarının digər barmaqlardan daha açıq olması ilə fərqlənir. Daun sindromlu körpələr daha yavaş böyümə və inkişafa malikdirlər, hipotonik olur və tez-tez xəstələnə bilirlər. Bunları nəzərə alaraq pediatrik baxışlarda xəstələnmələrinin minimuma endirilməsi, onların inkişaflarına, xüsusilə, zəka və nitq inkişaflarına maksimal dəstək olmaq planlaşdırılmalıdır. Həmin körpələrin tez-tez xəstələnmələrinin qarşısının alınması məqsədilə sağlamlıq kontrolları vaxtında aparılmalı, peyvəndlər təxirə salınmamalı, inkişaflarına dəstək olmaq üçün isə xüsusilə, erkən yaşları təxirə salmadan inkişaf dəstəkli proqramların və mütəxəssislərlə məşğələlərin planlaşdırılması həyata keçirilməlidir. Burada əsas hədəf hər uşaq fərqli olduğu kimi daun sindromlu uşaqların da fərqli zəka və inkişaf xüsusiyyətləri nəzərə alınaraq onların inkişafın maksimal səviyyəsinə çata bilmələri üçün doğru dəstəyi vaxtında almalarıdır. Daun sindromlu uşaqlarla məşğul olmaq üçün bu gün ölkəmizdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, "Azərbaycana Birgə Yardım" Təşkilatı və bir sıra başqa tibb müəssisələri tərəfindən ailələrə xidmət göstərilir. Bu gün Daun Sindromu Fərqindəlik Günündə "əsil dostlar xromosom saymaz" deyərək hər kəsi Daun sindromlu uşaqların fərqinə varmağa, onların böyümə və inkişafın tam potensialına çatmaları, cəmiyyətə inteqrasiya oluna bilmələri üçün dəstək göstərməyə səsləyirəm".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama