Virtual məkanda mövcud olan ziyanlı kontentlər uşaq psixologiyası və sağlamlığına mənfi təsir edir - TƏDQİQAT
16.03.2021 12:43

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlərin işlənməsi” adlı dissertasiya işinin ilkin müzakirəsinə həsr olunmuş onlayn elmi seminar keçirildi. 

 

Aztibb.az-ın institutdan əldə etdiyi məlumata görə, məruzəni təqdim edən baş mütəxəssis Sabirə Ocaqverdiyeva öncə İnternet mühitində təhlükələrin yaranmasına təkan verən əsas faktorları seminar iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, genişzolaqlı İnternetin inkişafı, İnternet xidmətlərinin sayının artması, İnternetin imkanlarının genişlənərək insanların sosial münasibətlərində geniş yer tutması və İnternetə daxil olan ziyanlı informasiyanın çoxalması, eyni zamanda uşaq və yeniyetmələrin İnternet istifadəçisi kimi fəal olması mütəxəssislərin, beynəlxalq təşkilatların qarşısında virtual mühitdə təhlükəsizliyin təmin olunması ilə bağlı mühüm vəzifələr qoyur.

 

“Virtual məkanda, əsasən də sosial mediada son zamanlar geniş yayılan pornoqrafiya, işgəncə, qəddarlıq səhnələri, narkotik və spirtli içkilərin, terrorizm, vandalizm, pis vərdişlərin təbliğatı, vulqar söz və ifadələrin işlənməsi və s. kimi bəzi arzuolunmaz mənəvi və əxlaqi keyfiyyətləri aşılayan məlumatlarla zəngin ziyanlı kontentlərin mövcud olması uşaq psixologiyasına və sağlamlığına mənfi təsir etməklə onlarda qorxu, təlaş, vahimə kimi hisslərin yaranmasına, uşaqların kibercinayətkarların hədəfinə çevrilməsinə səbəb olur”, – deyə S.Ocaqverdiyeva bildirdi.

 

Məruzəçi qeyd etdi ki, dövlət səviyyəsində uşaqların təhlükəsizliyi ilə bağlı müxtəlif qanunların qəbul olunmasına baxmayaraq, İnternetdən gələn ziyanlı informasiyaya tam nəzarət etmək qeyri-mümkündür. O, həmçinin uşaqların İnternet mühitində qarşılaşdığı təhlükələr və risklərin aradan qaldırılması ilə bağlı təşkil edilən beynəlxalq və ölkədaxili tədbirlər haqqında məlumat verərək, beynəlxalq müstəvidə müvafiq sahə üzrə mövcud qanunvericiliyin, qəbul edilmiş normativ sənədlərin araşdırıldığını diqqətə çatdırdı.

 

S. Ocaqverdiyeva uşaqların İnternet təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə işlərinin tövsiyə xarakteri daşıdığını, texnoloji yanaşmalara böyük ehtiyac olduğunu və etibarlı filtrasiya üsullarının inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Uşaqların zərərli informasiyadan qorunmasını daha səmərəli şəkildə təmin etmək üçün texnoloji tədbirlərin görülməsinə dair təkliflərin işləndiyini, dünyada milli təhlükəsiz İnternet mərkəzlərinin fəaliyyətinin tədqiq olunduğunu bildirdi, müvafiq sahə üzrə müasir vəziyyətin təhlili, mövcud problemlər və onların həlli yolları haqqında danışdı.

 

Məruzəçi qeyd etdi ki, tədqiqat işində Azərbaycanda uşaqların İnternetdə təhlükəsizliyinə dair görülən işlər təhlil edilmiş, müvafiq tövsiyə və təkliflər işlənmişdir. İnternet mühitində uşaqların təhlükəsizliyini təmin edən konseptual model işlənmiş, veb-kontentin filtrasiyası üsulları araşdırılmış və uşaqlar üçün zərərli olan şəkil kontentinin filtrasiyasını həyata keçirən CNN əsaslı metod işlənmişdir.

 

Onun sözlərinə görə, uşaqların İnternetə olan marağı onlarda İnternet-asılılığın yaranmasına səbəb olur. Buna görə də uşaqların İnternetə giriş fayllarının (log-fayllar) təhlili əsasında uşaqların İnternet-asılılıq dərəcəsi qiymətləndirilir. İnternetdə qeyri-etik danışıq, jarqon ifadə, söyüş, təhqir və s. ilə qarşılaşma uşaqların psixologiyasına və vətəndaş kimi dil mədəniyyətinin formalaşmasına öz mənfi təsirini göstərir. Bu səbəbdən həm onlayn, həm də sosial mediada (“Twitter”, “Facebook” və s.) vulqar söz, söz birləşməsi və ifadələrin aşkarlanması üçün daha etibarlı avtomatik mətn aşkarlama metodlarının inkişaf etdirilməsi bu problemin həllində mühüm əhəmiyyət kəsb edir.

 

Uşaq və yeniyetmələrin zərərli informasiya ilə qaşılaşmaması üçün verilənlərin təmizlənməsinə ehtiyac olduğunu və bu məqsədlə sanitarizasiya üsulunun işləndiyini nəzərə çatdıran məruzəçi qeyd etdi ki, cəmiyyətin ən həssas üzvləri olan uşaqların İnternet mühitində mövcud informasiya bolluğu şəraitində zərərli məlumatlardan qorunması son dərəcə vacibdir.

 

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq təcrübə və müasir yanaşmaların öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirdi. Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılması üçün görülməli işləri diqqətə çatdıran alim qeyd etdi ki, bu mərkəzin konseptual modeli işlənib hazırlanmalı, uşaqların İnternet mühitində zərərli kontentdən qorunması üçün Milli Təhlükəsiz İnternet Mərkəzinin texnoloji platforması yaradılmalı, müvafiq istiqamətdə konsultativ, hüquqi, texnoloji və s. kimi mühüm aspektlər dərindən araşdırılmalıdır.

 

İnstitut direktoru mövzunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin tədqiqat işində nəzərə alınmasının önəmini vurğuladı.

 

Sonda məruzə ətrafında müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Yuxunun kifayət qədər olmaması orqanizmi infeksiyalara qarşı həssas edir - MÜSAHİBƏ
Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Astarada tibbi aksiya keçirilib
Xroniki xəstəlik nədir?