"Heç bir təhlükə və narahatlıq barədə düşünmədən peyvənd olunmaq lazımdır”
16.02.2021 10:25

Bir həkim-infeksionist kimi mən virus infeksiyasının, indiki halda yeni növ koronavirusun (COVID-19) necə dəhşətli və əzablı bir xəstəlik olduğunu yaxşı bilirəm. Ona görə də infeksiyanın həyatımıza daxil olduğu bir ilə yaxın müddətdə həm özümü, həm də ailə üzvlərimi ondan qorumağa, uzaq tutmağa çalışıram. Şükürlər olsun ki, ailəmizdən heç kəs onun məhrumiyyətlərini yaşamadı.

 

Bunu Mərkəzi Kliniki Xəstəxananın həkim-infeksionisti Maisə Heybətova deyib.

 

Həkim-infeksionist söhbətinin davamında bildirib: “Bizim ailədə COVID-19-a yoluxan olmasa da, çox yaxın ailəvi dostlarımızdan biri infeksiyaya yoluxdu. Həm özü, həm həyat yoldaşı xeyli müddət xəstəliklə mübarizə aparandan sonra lap bu günlərdə sağalaraq xəstəxanadan evə qayıdıblar. Onların amansız xəstəliklə apardıqları mübarizədən və bu mübarizədən qalib çıxmaq üçün hansı çətinliklərlə üzləşdiklərindən yaxşı xəbərdaram. Ailəvi dostlarımız sağalıb evə qayıdınca biz də çox böyük narahatlıqlar yaşadıq. Şükür ki, hər şey yaxşılıqla qurtardı. Deməyim nədir? Dünyamızı sınağa çəkən COVID-19 infeksiyası elə bir bəladır ki, onun heç kəsin qapısını döyməyini arzulamıram. İstər yoluxma zamanı, istər xəstəliyin kəskinləşən dövründə, istərsə də xəstəlikdən sonrakı bərpa prosesində yaşananların hamısını görmüşəm. Ona görə deyirəm ki, çalışıb bu xəstəlikdən mümkün qədər qorunmaq və yoluxmamaq lazımdır. Amma ona yoluxmamaq barədə kim sığortalanıb ki? Virus infeksiyası elədir ki, obyektiv və subyektiv səbəblərdən hər kəsin yoluxmaq ehtimalı var. Bu ehtimalı aradan qaldırmağın yalnız bircə yolu var ki, o da peyvənd olunmaqdan ibarətdir. Ən yaxşı yol şəxsi nümunədir. Özüm lap birincilər sırasında peyvənddən əvvəl qanda anticisimlərin səviyyəsini müayinə etdirdim və həmin göstəricinin 0,3 olduğunu öyrəndim. Ona görə də mən də Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi vurdurdum. Heç bir əks təsir və narahatlıqla da üzləşmədim. Artıq ikinci dozanın vaxtı çatıb. Yaxın günlərdə onu da vurduracağam”.

 

Müsahibimiz öz fikrini belə bir müraciətlə yekunlaşdırıb: “Obrazlı çıxmasın, qorxu içində yaşamaqdansa, qorxunun üzərinə getmək lazımdır. İndiki halda qorxunun üzərinə getmək deyəndə peyvəndin vurulmasını nəzərdə tuturam. Peyvənd belə xəstəliklər zamanı xəstəlikdən qoruyan, onu təhlükədən uzaq tutan yeganə bir vasitədir. Bu sahədə az-çox təcrübəsi olan bir həkim kimi deyirəm: yubanmadan, heç bir təhlükə və narahatlıq barədə zərrə qədər də düşünmədən peyvənd olunmaq lazımdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər