"Virusun yayılmasının qarşısını almaq üçün müasir texnoloji imkanlardan da istifadə olunur" - Millət vəkili
05.02.2021 18:09

“Xəstəliyin yayılmasının qarşısının alınması üçün ən əsas şərtlərdən biri ictimai məsuliyyət hissinin formalaşmasıdır. Artıq COVID-19-a ciddi yanaşmağın nə qədər vacib olduğunu hər kəs başa düşür. Sadəcə, qaydalara əməl etmək, özünü və ətrafını qorumaq üçün vətəndaş məsuliyyəti nümayiş etdirmək lazımdır”.

 

Bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov deyib.

 

Millət vəkili bildirib ki, Azərbaycanda COVID-19 xəstələrinin başqa vətəndaşları da yoluxdurmasının qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə zəruri dəyişikliklər edilib: “Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişiklik olunub. Eyni zamanda Cinayət Məcəlləsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə məsuliyyəti müəyyən edən 139-1 maddəsi əlavə edilib. Ötən il karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmaları faktlarına görə 700-ə yaxın şəxs saxlanılıb. Qanunvericiliyə uyğun olaraq, hüquq-mühafizə orqanları belə hallara qarşı bütün mümkün zəruri tədbirləri görür”.

 

Soltan Məmmədov qeyd edib ki, virusun yayılmasının qarşısını almaq üçün müasir texnoloji imkanlardan da istifadə olunur. O, ictimai yerlərdə olarkən ətrafınızdakı insanların potensial virus daşıyıcısı olub-olmaması barədə xəbərdar edən “E-təbib” mobil tətbiqinin məhz bu məqsədə xidmət etdiyini vurğulayıb: “Bu sistem evdə müalicə olunan xəstələri izləmək imkanı verir. Eyni zamanda bildiyiniz kimi, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə də davamlı olaraq maarifləndirici tədbirlər, kampaniyalar həyata keçirilir”.

 

Deputat bildirib ki, digər pandemiyalar kimi, COVID-19-un da yayılmasının qarşısının alınmasında qanunların sərtləşdirilməsi, maarifləndirmə və təbliğat işləri paralel şəkildə aparılır: “Bütün dünyada, o cümlədən Avropa ölkələrində, qonşu Rusiyada, Türkiyədə müəyyən fərqlərlə eyni üsullardan istifadə edilir. Lakin ən effektiv yol vətəndaşların həmrəylik nümayiş etdirməsi, xəstəliyin təhlükəlilik dərəcəsini düzgün qiymətləndirməsidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib