Varikoz damar xəstəliyinin 100%-lik müalicəsi mümkündür - Cərrah-fleboloq İsmayıl Əsgərov  
31.07.2020 15:25

Damar və venaların xroniki xəstəlikləri dünyada ən çox yayılmış xəstəliklər sırasındadır. Bunlar arasında daha çox varikozun adı çəkilir.

 

Cərrah-fleboloq İsmayıl Əsgərov Aztibb.az-a müsahibəsində bu xəstəliklərin yaranma səbəbi, profilaktikası, müayinə və müalicəsi haqqında danışıb.

 

- Varikozun əmələ gəlməsinin əsas səbəbi nədir?

 

- Varikoz xəstəliyinin yaranmasında başlıca amil irsi genetik faktordur. Yəni pasiyentlərin 30 faizinin birinci və ya ikinci dərəcəli qohumlarında damar genişlənməsi olduğu aşkarlanır. Lakin bu o demək deyil ki, varikoz xəstəliyi bütün hallarda genetik bir problemə bağlıdır. Elə olsaydı biz bir ailənin, bir nəslin bütün üzvlərində genişlənmiş damar xəstəliyini izləyə bilərdik.

 

Məhz bu xəstəliyə meyilli orqanizmlər müəyyən şəraitə düşdükdə, xəstəlik özünü daha asan biruzə verməyə başlayır. Məsələn, bir idman zalında 10 nəfər ağır işlə məşğuldur. Hamısında deyil, yalnız 1-2 nəfərdə genişlənmiş damarlar müşahidə edilir. Bu onu göstərir ki, ağır fiziki iş bütün hallarda hər kəsdə damar gənişlənməsinə səbəb olmur. Müəyyən orqanizmlərdə, sanki həssas bədənlərdə bu xəstəlik təzahür edir.

 

Yaxud da qadınlar həyatının bir dönəmində hamiləlik dövrü yaşayır. Bu o demək deyil ki, bütün hamiləlik keçirmiş qadınlarda genişlənmiş damarları izləyəcəyik. Hamiləlik varikoz xəstəliyinin biləvasitə səbəbi deyil, sadəcə problemin qabarmasının başlıca səbəbidir. Hamiləlik keçirməyən 40-50 yaşlı xanımlarda da varikoz müşahidə edilir. Sadəcə onlar 20 yaşlarında hamilə qalsaydı, 40-50 yaşlarında gördüyü problemi daha erkən yaşlarında müşahidə edərdilər. Bundan başqa, üzün müddət ayaq üzərində durmaq, artıq çəki varikozun inlişafına səbəb olan amillərdəndir.

 

- Varikoz xəstəliyinin ilkin əlamətləri nədir?

 

- Varikoz damar xəstəliyi ayaqlarda müxtəlif ölçülərdə genişlənmiş damarların izlənməsi ilə xarakterizə edilir. Bu çox kiçik kapilyarlar, nisbətən böyük redikulyar vena dediyimiz mavi damarlar və çox böyük geniş qıvrım damarlar formasında təzahür edə bilər.

 

Bəzən isə dərialtı piy qatı qalın olan insanlarda sadalanan əlamətlər olmadan ayaqlarda şişkinliyin olması, topuq nahiyəsində, baldırın aşağı hissələrində qaralma, bərkimənin əmələ gəlməsi varikozun ilk əlamətləri kimi özünü göstərə bilir.

 

 - Bu xəstəliyi 100% faiz müalicə etmək mümkündür?

 

- Varikoz xəstəliyinin müalicə metodu venaların doplerultrasəs müayinəsindən sonra müəyyənləşdirilir. Bu vaxt genişlənmiş damarların haradan qaynaqlanmasını, başlanğıcını, başqa sözlə desək kökünü aşkarlamaq olur.

 

İnsanların təxminən 80 faizində əsas damarlar normal olduğu halda, sadəcə dəri səviyyəsində genişlənmiş kapilyarlar izlənilir. Həmin kapilyarlar demək olar ki, sağlamlıq baxımından təhlükəsiz, sadəcə estetik narahatlıq yaradan damarlardır. 29 faiz insanlarda isə genişlənmiş damarlar ayaqlarda iç damarlara bağlı olur ki, bunlar da xəstəliklə müşahidə edilə bilir. Yəni topuqlarda qaralma, yaranın əmələ gəlməsi, tromblaşma, qanaxma və sair.

 

Əgər dopler müayinədə ana damarlar nomaldırsa, ancaq kapilyarların genişlənməsi izlənilirsə, onların müalicəsindən sonra təkrarlanmaların olma ehtimalı yüksəkdir. Yəni estetik varikoz aradan qaldırılandan sonra da təkrarlanma ehtimalı var.

 

Amma sağlamlıq baxımından problem yaradan, iç damarlara bağlı olan varikoz damar xəstəliyi zamanı onların yox edilməsindən sonra təkrarlanma ehtimalı yoxdur, 100%-lik müalicə mümkündür.

 

- Varikoz xəstəliklərində zəli istifadəsinin faydası varmı?

 

- Varikoz damar problemi genişlənmiş damarın bu və ya digər dərəcədə ölçüsündən və mərhələsindən asılı olmayaraq hər hansı tablet, məlhəm kompression corab, yaxud da xalq təbabəti üsullarından olan zəli tətbiqi birmənalı şəkildə faydasızdır.

 

Zəli bildiyimiz kimi şirin sularda yaşayan kiçik canlılardır. Onlar ağız hissədə hirudin adlanan qandurulducu maddə ifraz edir. Bu da ümumi orqanizm səviyyəsində deyil, zəlinin yapışdığı kiçik səth boyunca əhatə edir. Əgər ana damarlar dopler müayinəsində sağlam görünürsə, yalnız dəridə genişlənmiş kapilyarlar müşahidə edilirsə, o zaman zəlinin istifadəsi ilə bir müddət damarların azalmasını izləyə bilərik. Səbəb həmin sahədə kapilyarda qanın donluğunun azalmasıdır. Nə qədər ki, insan yaşayır həmin kapilyarlar qanla dolacaq və bu problem təkrar baş verəcək. Ümumiyyətlə, varikoz xəstəliyinin yaranması qanın qatılaşması ilə əlaqədar deyil. Buna görə də qanın yerli və ya ümumi orqanizm səviyyəsində durulaşdırılması da varikoz xəstəliyinə hər hansı fayda verməz. Yoxsa qandurulaşdırıcı tablet və ya inyeksiyalar ilə varikoz xəstəliyinin müalicəsinə cəhd edilərdi. Yalnız tromblaşma baş verərsə, qandurulaşdırıcılardan istifadə edilə bilər.

 

Görüntü baxımından çox böyük qıvrım damarların varlığı onlarda trombun varlığı demək deyil. Tromb baş verərsə, həmin sahədə qızartı, bərklik, ağrı, yerli hərarətin yüksəlməsi baş verir. Bu isə həyati baxımından çox təhlükəli məsələdir. Belə halda mütləq cərrah-fileboloqa müraciət etmək lazımdır. Varikoz əleyhinə tabletlər hissiyatı narahatçılığı aradan qaldırır, məlhəmlər ümumiyyətlə faydasızdır. Trikotaj dediyimiz varikoz damar corabların, əgər ana damarlarda problem varsa, yəni insanın sağlamlığı baxımından təhlükə törədəcək varikoz xəstəliyi varsa, o zaman həmin iç damarlarda olan problem aradan qaldırılacağı müddətə qədər istifadəsi məsləhət görülür. Lakin kompression corablar hər hansı genişlənmiş vena damarını yox etmir.

  

- Belə xəstələr ilkin mərhələdə nə etməlidir? Hansı məsləhətləri verərdiz?

 

- Ayaqda görüntü baxımından damar genişlənməsi izlənilirsə, tövsiyə olunan fleboloq-cərrah dopler müayinəsi aparmalıdır. Xüsusən gənc yaşlarda, xəstəliyin ilkin mərhələsində görüntü baxımından estetik qüsur hesab edilən varikoz, gələcəkdə, xüsusilə hamiləlik planlaşdıran xanımlarda birbaşa fəsadlarla təzahür edə bilər. Bu problemin ağırlaşması baş vermədən, ilkin mərhələdə müəyyənləşdirilməsi və aradan qaldırılması tövsiyə olunur.

 

 - İdmanla məşğul olmağın varikoz xəstələrinə hansı təsiri var?

 

- İdmanın varikoz xəstələrinə təsiri, bu idmanın hansı növ məşğuliyyətinin olmasından asılıdır. Məsələn, idmanın ağır yük qaldırmaq növü damarların daha da genişlənməsinə səbəb olacaq. Üzgüçülük, velosiped sürmək, sürətli yürüyüş, yeyin hərəkət varikoz xəstəliyinin şikayətlərini maksimum azaldacaq.

 

Bu idman növləri problemli damarı müalicə etməyəcək, lakin xəstənin ayağında olan şişkinlik, qıcolma, tez yorulma, ağırlıq hissi kimi narahatlıqları aradan qaldıracaq.

 

Burada vacib məsələ baldır əzələlərinin fiziki aktivliyini artırmaqdır. Velosiped sürərkən və ya yürüyüş zamanı ayağın dizdən tam qatlanıb açılması baldır nahiyəsində əzələ nasos funksiyasını yüksəldir. Bu isə orada durğun qanın olmasını maksimum azaldır və xəstə ümumi vəziyyətində yaxşılaşma hiss edir.

 

 - Varikoz xəstəliyinin əməliyyatı necə aparılır? Əməliyyat edildikdən sonra bu xəstəliyin yenidən əmələ gəlməsinin səbəbi nədir?

 

- Varikoz damarları əməliyyat etməyin 2 əsas üsulu var:

 

  • Klassik metod - pasiyentə narkoz verilir, kəsik, tikiş icra etməklə problemli damarlar çıxarılır, aradan qaldırılır.
  • Müasir metod - lazerlə damar əməliyyatı. Bu, kəsik, tikiş narkoz olmadan, yerli anesteziya ilə, xəstə klinikada qalmadan icra edilən bir prosedurdur.

Lazerlə əməliyyat bütün gedişatı boyunca dopler müayinəsinin nəzarəti ilə ekranda izlənilməklə aparılır. Ona görə də problemin kökünü millimetr dəqiqliklə görmək olur. Bu isə, əlbəttə ki 100 faizlik nəticə deməkdir.

 

- Varikoz xəstəliyinin əməliyyat sonrası təkrarlanmasının 3 səbəbi var:

 

  • Diaqnostik səhv - problemin kökü dopler müayinəsi zamanı düzgün dəqiqləşdirilmir. Bu problemi aradan qaldırmaqdan ötrü tövsiyə olunur ki, əməliyyatı edən cərrah mütləq venaların dopler müayinəsini özü etməlidir. Cərrah problemin haradan qaynaqlanmasını digər həkim yoldaşın qərarı, fikri əsasında deyil, öz gözü ilə görməsi əsasında dəqiqləşdirsin, müəyyənləşdirsin.
  • Əməliyyat zamanı taktik yanaşmanın səhv olması - yəni standart müalicə üsulunun tətbiqi pasiyentlərin individual qiymətləndirilməməsidir.
  • Xəstəliyin proqressivləşməsi - bu zaman əməliyyat həkim tərəfindən mükəmməl icra olunur. Lakin bu orqanizmdə icra olunan əməliyyat sahəsindən və ya digər yerlərdən təkrar damarlar qabarır, inkişaf edir.

 

- Bu xəstəliklə qarşılaşmamaq üçün nələrə diqqət edilməlidir?

 

- Dediyimiz kimi 30 faiz genetik faktor rol oynayır. Biz irsiyyətimizi dəyişə bilmərik. Və ya bir qadın varikozun yaranmamasına görə qətiyyətlə hamiləliyə qarşı çıxmalı deyil. Ona görə doğru addım risk qruplarından - irsi genetik meyillilik olan, ağır işlə məşğul olan, uzun müddət ayaq üstə qalan insanlarda və yaxud artıq bu və ya digər dərəcədə damarlar izlənməyə başlayan şəxslər dopler müayinədən keçir. Bu problemin olub-olmaması və necə aradan qaldırılması araşdırılır. Lakin biz xəstəliyə genetik meyllilik var deyərək ömür boyu damar corabı geyinə bilmərik. Əgər xəstəlik yaranarsa o zaman aradan qaldırılar və ya məhz riskli dönəmlərdə kompression corabın istifadəsi tövsiyə edilir. 

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub