Yeniyetmə qızlar, subay xanımlar USM-ə gəlirsə, demək ki, utanılası problem var...
30.11.2020 17:39

2020-ci ili yaşasaq da, bu gün hələ də hamiləlik zamanı ultrasəs müayinələrinin nə qədər önəmli olduğunu ciddiyə almayan, hər trimestrin ən vacib USM müayinələrinə vaxtında gəlməyən xanımlar var. 

 

Mövzumuza uyğun olaraq, Aztibb.az-ın müsahibi ultrasəs müayinə mütəxəssisi Günay Bayramovadır. Azərbaycanda aldığı yüksək təhsil səviyyəsi ilə kifayətlənməyərək, İngiltərə, Almaniya və Litvada da təhsilini davam etdirib öz sahəsi üzrə ixtisaslaşan, fəaliyyət göstərdiyi müddətdə onlarla ölkədaxili və beynəlxalq konfransların, treninq və seminarların iştirakçısı olan Günay xanım hazırda Baku Medical Plaza klinikasının Babək prospektindəki filialında USM mütəxəssisi kimi çalışır.

 

 - Günay xanım, xanımların əsas qorxusu ultrasəs müayinənin zərərli olması ilə bağlı düşüncələrdir. USM körpəyə zərər vura bilərmi?

 

- Gəlin, burdan başlayaq. "USM zərərlidir” deyə düşünərək müayinəyə gəlməyən və bununla da körpəsinə daha çox zərər vuran analar var. USM-i şüa zənn edib müayinədən qaçır və nəticədə vaxtında aşkara çıxdığı təqdirdə müalicə edilməsi mümkün olan bir sıra problemlərin üzə çıxmasına mane olur və həmin problemləri körpə üçün ciddi fəsada çevirirlər. Mən hər zaman qadınları inandırmağa çalışıram ki, USM şüa deyil, sadəcə səs dalğalarıdır. Dünya təcrübəsində bununla bağlı dəfələrlə ciddi araşdırmalar aparılıb və 99 faiz hallarda USM-in körpəyə zərərinin dəymədiyi qənaətinə gəlinib.

Onu da deyim ki, bir çox hamilə qadınlar evdəki böyüklərin - qayınananın, ananın, hətta qonşu xanımların sözünə qulaq asaraq hamiləliyin 12-ci həftəsi tamam olmadan ümumiyyətlə USM-ə gəlmirlər. Bu, tamamilə yanlış düşüncədir. 12-ci həftə ilk USM üçün çox gec ola bilər. Çünki uşaqlıqdankənar hamiləlik, ölü döl, boş hamiləlik və digər problemləri 3-cü aya qədər aşkara çıxarmadıqda, bu, böyük fəsadlara yol aça bilər. İlk ultasəs müayinə hamiləliyin 5-6-cı həftələrində aparılmalıdır.

 

- USM-ə yalnız hamilə xanımlar gəlirmi? Subay xanımlar, yeniyetmə qızlar ultrasəs müayinədən keçmirlərmi?

- Çox önəmli bir məsələyə toxunduq. Bizim mental düşüncə tərzimizə, əsasən də analarımızın, qayınanalarımızın fikrinə görə, əgər yeniyetmə bir qız uşağını ginekoloq yanına və ya USM-ə gətiriblərsə, demək ki, nəsə utanılası bir problem var. Amma bu o qədər yanlış bir fikirdir ki... Nəinki şikayət, ağrı olduğu təqdirdə, hətta heç bir problemin kiçik bir simptomu belə olmadığı halda qızlarımız müayinə olunmalıdır. Çünki yenə deyirəm, problem ilkin mərhələdə aşkarlanarsa, onun müalicəsi də qısa müddətə bitər. Əgər hər bir ana mənasız fikirlərə qulaq asmasa və qızının keçid dövründə - ilk menstruasiya gördüyü vaxt onu profilaktik həkim müayinəsinə aparsa, bəlkə də illər sonra ailə quracaq övladını bir sıra problemlərdən zamanında qurtara bilər. Bununla ölkədə sonsuzluğun faiz dərəcəsi də xeyli azalar. Amma hələ təəssüf ki, xanımların böyük əksəriyyəti yalnız ailə qurduqdan bir neçə ay, hətta bir neçə il sonra hamilə qala bilmədiyini gördükdə həkimlərə üz tutur.

 

- O zaman check-up müayinələrə gələn yəqin ki, çox olmaz…

 

- Bəli, çox az adam check-up-a gəlir. Gələnlər olur, amma "olmur” deyə biləcək qədər az... Ümumiyyətlə, Azərbaycanda profilaktik müayinə olunmaq səviyyəsi çox aşağıdır. Əsasən də uzun illər xaricdə yaşayan və başqa düşüncə tərzini formalaşdırmağı bacaran pasiyentlər profilaktik müayinəyə üz tuturlar. Çox vaxt qadınlarımız yaşının azlığını, səhhətində hər hansı bir problemin olmadığını əsas gətirərək, müayinəyə də ehtiyac olmadığını düşünürlər. Amma unutmaq olmaz ki, hər bir qadın ildə bir dəfə ultrasəs müayinədən və süd vəzisinin müayinəsindən mütləq keçməlidir.

 

- USM zamanı pasiyentləri ən çox maraqlandıran məsələ, yəni ən çox eşitdiyiniz sual nədir?

 

- Təbii ki, USM-ə gələn pasiyentlərimin əksəriyyətini hamilələr təşkil edir. Hamiləlik zamanı ailə üçün ən vacib və həyəcanverici məqamlardan biri, daha doğrusu birincisi dünyaya gələcək körpənin cinsiyyətidir. Valideynlər bu barədə ən dəqiq məlumatı yalnız ultrasəs müayinə zamanı ala bilirlər. Qız və ya oğlan fərq etməz, əsas odur ki, körpələrimiz sağlam doğulsun.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər