ÜST: Spirtli içkilər pankreas xərçəngi riski yaradır
27.05.2025 11:17

Spirtli içkilər mədəaltı vəzi (pankreas) xərçəngi riski yaradır.

 

Aztibb.az www.news-medical.net-ə istinadla istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xərçəng Araşdırmaları Mərkəzinin rəhbərlik etdiyi tədqiqatın yekunları üzrə bu qənaət hasil edilib. Araşdırma zamanı Asiya, Avstraliya, Avropa və Şimali Amerikada təxminən 2,5 milyon insanın məlumatları birləşdirilib.

 

Tədqiqat zamanı alkoqol istehlakının cinsiyyətindən və ya siqaret çəkməsindən asılı olmayaraq, insanlarda mədəaltı vəzi xərçənginin inkişaf riskini artırdığı aşkarlanıb.

 

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin apardığı bu tədqiqatın baş müəllifi və ÜST Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) Qidalanma və metabolizm şöbəsinin rəhbəri Pietro Ferrari deyib: “Alkoqol istehlakı məlum kanserogendir, lakin indiyədək onu xüsusilə mədəaltı vəzi xərçəngi ilə əlaqələndirən sübutlar qeyri-müəyyən hesab olunurdu. Yeni araşdırmalar isə konkret faktlarla bu əlaqəni təsdiq etdi”.

 

Mədəaltı vəzi həzm üçün fermentlər və qan şəkərini tənzimləyən hormonlar istehsal edən həyati bir orqandır. Bu daxili orqanda yaranan bədxassəli şiş gec diaqnoz qoyulması səbəbindən ən ölümcül xərçəng xəstəlikləri sırasında yer alır.

 

ÜST qeyd edir ki, spirtli içki içənlərin hamısı risk altındadır. IARC araşdırması göstərib ki, gündə istehlak edilən hər əlavə 10 qram spirt mədəaltı vəzi xərçəngi riskində 3 faiz artımla əlaqələndirilir. Gündəlik 15-30 qram alkoqol istehlak edən qadınlar üçün risk yüngül içənlərlə müqayisədə 12 faiz artıq olub. Kişilər arasında gündə 30-60 qram içənlər 15 faiz, gündə 60 qramdan çox istehlak edənlər isə 36 faiz daha çox risklə üzləşiblər.

 

P. Ferrari əlavə edib: “Alkoqol tez-tez tütünlə birlikdə istehlak edilir və bu, siqaretin əlavə risk yaratması ilə bağlı suallar doğurur. Ancaq təhlilimiz göstərdi ki, spirt və mədəaltı vəzi xərçəngi riski arasındakı əlaqə hətta siqaret çəkməyənlər üçün də mövcuddur və bu, alkoqolun özünün müstəqil bir risk faktoru olduğunu göstərir”. O əlavə edib ki, ömürboyu spirt istehlakının təsirini, o cümlədən içki içmə və erkən yaşda məruz qalma kimi nümunələri daha yaxşı başa düşmək üçün əlavə araşdırmaya ehtiyac var.

 

Pankreas xərçəngi dünyada ən çox rast gəlinən on ikinci onkoloji xəstəlikdir, amma yüksək ölüm nisbətinə görə bu səbəbdən ölümlərin 5 faizini təşkil edir.

 

2022-ci ildə Avropa, Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və Şərqi Asiyada pankreas xərçəngindən xəstələnmə və ölüm nisbəti digər bölgələrə nisbətən beş dəfəyə qədər yüksək olub. Spirtli içkilərin istehlakının qadağan edildiyi ölkələrdə isə bu göstəricilər aşağıdır.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub