Rezidentin malyariya ilə bağlı məruzəsi dinlənilib  
27.01.2024 12:20

ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası Rezidentura və Magistratura şöbəsi ilə növbəti birgə seminar keçirib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, tədbirin aparıcısı, assistent Namiq Xəlilov mövzunun aktuallığını vurğulayaraq seminarın malyariya xəstəliyinə həsr edildiyini bildirib və tələbələri məruzəni diqqətlə dinləməyə, müzakirələrdə aktiv olmağa çağırıb.

 

Kafedranın professoru Rafiq Çobanov ölkəmizdə malyariyanın tarixinin çox qədim dövrlərə təsadüf etdiyini, Makedoniyalı İsgəndərin dövrünə gedib çıxdığını söyləyib. Bildirib ki, Kür-Araz, Samur, Dəvəçi, Lənkəran və Naxçıvan ərazilərində tropik malyariya halları aşkar edilib. XX əsrdə isə respublikamızda 5 epidemioloji vəziyyət qeydə alınıb. Hətta son illərdə adətən yay mövsümündə ölkəmizdə  malyariya ilə bağlı ciddi problemlər yaşanır.

 

Müasir dövrdə malyariyanın dünyanın 107 ölkəsində yayıldığını deyən R.Çobanov qeyd edib ki, onların da yarıdan çoxu Afrikada, Saxara səhrasından cənubda yerləşir. Yer kürəsinin 3 milyarddan artıq əhalisi yoluxma riski təhlükəsi altındadır, onlardan 300-500 milyonu isə hər il bu təhlükəli xəstəliklə xəstələnir. Malyariyadan hər il 1,5-2,7 milyon şəxs həlak olur. Malyariya yalnız böyüyən əhalinin fiziki və mənəvi inkişafının ləngiməsinə səbəb olmur, həmçinin bir sıra ölkələrin sosial-iqtisadi inkişafında əhəmiyyətli maneə sayılır.

 

Seminarda çıxış edən Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev vurğulayıb ki, malyariyanın törədiciləri meymunlarda, gə­mi­ricilərdə və digər heyvanlarda aşkar olunur: “İnsanın təbii şəraitdə meymunlarda parazitlik edən plazmodiumların bəzi növləri ilə yoluxmasının yalnız bir neçə halı təsvir edilib. Bu hallarda xəstəlik yüngül keçib və tezliklə sağalıb. İstənilən yaşda olan şəxslər onlarda xəstəliyin kəskin formaları, residivləri və ya parazitgəzdirmə halları varsa, malyariya zamanı törədicinin infeksiya mənbəyi rolunu yerinə yetirə bilərlər. İsti iqlimli ölkələrdə malyariya ocaqlarında uşaqlar epidemioloji baxımdan onlarda immunitetin kifayət dərəcədə inkişaf etməməsi səbəbindən daha təhlükəlidirlər. Bu, uşaqların qanında qamontların böyük miqdarının sirkulyasiya etməsi və böyüklərlə müqayisədə qamont­gəz­dirmənin daha uzun müddət davam etməsinin səbəblərindən biridir. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, uşaqlar ağcaqa­nadların hücumu və dişləməsi üçün daha əlçatandırlar”.

 

Məruzəçi rezident Vüsalə Sərxanlı bu xəstəliyin epidemiologiyası, etiologiyası, patogenezi, immuniteti, klinik əlamətləri, diaqnostika və profilaktikası haqqında məlumat verib. O bildirib ki, müraciət etdiyi mövzu anemiya ilə müşayiət olunan kəskin yoluxucu xəstəlikdir: “Ədəbiyyatda olan məlumatlar bunu deməyə əsas verir ki, malyariya zamanı törədicilərin infeksiya mənbəyi qanında parazitin cinsi formaları – qamontlar sirkulyasiya edən insandır. Üçgünlük, dördgünlük və oval-malyariya zamanı qamontlar şizontlarla eyni vaxtda əmələ gəlir və qandan da onlarla eyni vaxtda yox olurlar. Qan parazitləri plazmodiumlar tərəfindən törədilən, qızdırma tutmaları, hepatosplenomeqaliya, proqressiv inkişaf edən anemiya və residivlərlə gedən kəskin infeksion xəstəlikdir. İqlim faktoru əhəmiyyətli rol oynayır. Belə kı, əgər havanın istiliyi 15C-dən yuxarı olan günlərin sayı 30-dan azdırsa, belə regionlarda yayılması mümkün deyil.

 

2009-cu ildə Azərbaycan və Gürcüstan nümayəndələrinin transsərhəd əməkdaşlıq məsələləri üzrə müşavirəsi keçirilib. 2015-ci ildən isə bu ölkə ilə yoluxucu xəstəliklərə dair sistemli informasiya mübadiləsi aparılır. Hal-hazırda qonşu ölkələrdə də malyariya xəstəliyi qeydə alınmadığı üçün, onunla mübarizə üzrə birgə tədbirlər də həyata keçirilmir”.

 

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva və Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva indiyədək keçirilən seminarları yüksək qiymətləndiriblər, bu tədbirlərin rezident və tələbələrin tədris-təcrübəni daha dərindən mənimsəməsi üçün önəmli olduğunu vurğulayıblar. Onlar əlavə ediblər ki, indi rezident və magistrantlara, eləcə də onların kurator və elmi rəhbərlərinə kafedralarda rahat şərait yaradılıb və daim dəstək verilir.

 

Seminarda Vüsalə Sərxanlının elmi rəhbəri, assistent Gülxanım Əliyeva onun çalışqan olduğunu, elmə böyük maraq göstərdiyini söyləyib. Tədbirdə İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müəllimələri və rezidentləri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır