Mama-ginekoloq: Cərrahi əməliyyatlardan sonra çanaq orqanlarının iltihabi xəstəliklərinin yaranma ehtimalı daha yüksəkdir – MÜSAHİBƏ
15.01.2024 14:11

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Yeganə Axundova müsahibəsində çanaq orqanlarının iltihabi xəstəliklərinin risk faktorları, əlamətləri və müalicəsi ilə bağlı bilməli olduğumuz məqamlara aydınlıq gətirib.

Aztibb.az səhiyyə nazirliyinin saytında dərc edilən müsahibədə qeyd olunan mövzuda həkimin tövsiyələrini oxucuları üçün paylaşır.


- Yeganə xanım, ilk öncə bilmək istərdik ki, çanaq orqanlarının iltihabi xəstəlikləri nə zaman yaranır?

- Çanaq orqanlarının iltihabi xəstəlikləri infeksiyaları uşaqlıq yolundan və uşaqlıq boynundan uşaqlıq boşluğuna fallop boruları ilə keçməsi nəticəsində yaranır. Belə infeksiyalara cinsi yolla ötürülən qonoreya, xlamidiya, trixomoniaz, eləcə də mikoplazma genitalium aid edilir. Həmçinin, belə iltihabi prosesləri bağırsaq çöpləri, streptokoklar, qardinella, peptostreptokokus və s. kimi infeksiyalar yarada bilər.

- İltihabi xəstəlikləri yaradan risk faktorları haqqında bilmək istərdik...

- Doğuşdan, xüsusən də cərrahi doğuşdan (qeysəriyyə) uşaqlıqdaxili vasitələrdən istifadə, histerektomiya, histerosalpinqoqrafiya kimi cərrahi əməliyyatlardan sonra kiçik çanaq orqanlarının iltihabi xəstəliklərinin yaranma ehtimalı daha da yüksək olur.

- Bu zaman xəstələrdə hansı əlamətlər olur?

- Uşaqlıq borularının yüngülvari iltihab prosesi mövcuddursa, sağ və sol qalça çuxurlarında ağrı, bədən hərarətinin yüksəlməsi, titrəmə, qusma kimi əlamətlər ortaya çıxır. Endometriozun olduğu təqdirdə, belin və qarının aşağı hissəsındə ağrılar yarana bilər. Bundan başqa, xəstələri irinli ifrazat, sidik ifrazının tez-tez və ağrılı olması narahat edə bilir. Ağır hallarda irinli intoksikasiya əlamətləri, yəni ümumi zəiflik, taxikardiya, əzələ ağrıları, ağızda quruluq, dispepsiya kimi simptomlarının da yaranma ehtimalı var. Çanaq dibinin irinli iltihabi xəstəlikləri cinsi əlaqənin ağrılı olması ilə də özünü büruzə verə bilər.

- Belə xəstəliklər zamanı hansı müayinələr təyin edilir?

- Uşaqlıq yolundan gələn axıntının miqdarı və tərkibi müəyyən edilir. Ehtiyac olunduğu təqdirdə, yaxmada cinsi yolla keçən infeksiyaların polimer zəncirvari üsulu ilə təyini, həmçinin yaxmanın əkilməsi ilə materiallar götürülür. Eyni zamanda, xəstələr bimanual müayinə olunurlar. Bu zaman uşaqlıq və onun artımlarının vəziyyəti qiymətləndirilir. Xəstələrə qanın və sidiyin ümumi analizi, qanda C-reaktiv zülalın miqdarı təyin edilir, transvaginal ultrasəs müayinələr aparılır.

Ağırlaşmış hallarda isə rentgen, sistoskopiya, kolonoskopiya, laporoskopiya kimi diaqnostik müayinələr də təyin edilə bilər.

- Xəstəliyin müalicəsi necə aparılır?

- Xəstəlik yüngül formadadırsa, müalicə ambulator şəraitdə aparıla bilər. Bu zaman xəstə nəzarətə alınır və ona antibakterial, iltihabəleyhinə, immun sistemini gücləndirən dərmanlar təyin edilir. Əgər cinsi yolla ötürülən infeksiyalar varsa, uyğun antibiotik seçilir və pasientə mümkün qədər cinsi əlaqədən uzaq durmaq məsləhət görülür. Eyni qaydada partnyor da müvafiq müalicə proqramına cəlb edilir.

Aparılan müalicədən 3 həftə sonra təkrar olaraq infeksiyaların müayinəsi üçün laborator analizlər aparılır. Əgər cütlükdə müayinə zamanı heç bir problem aşkarlanmırsa, hər ikisi tam sağalmış hesab olunur. Lakin xəstəlik ağırlaşmış olarsa, o zaman stasionar müalicə planı təyin olunmalıdır.

Stasionar müalicə planı da effektsiz olarsa, artıq cərrahi əməliyyat icra oluna bilər. Bu zaman artımların iltihaba uğramış tubovarial törəmələrin xaric edilməsi əməliyyatı icra olunur, qarın boşluğu drena edilir və xəstə bir müddət stasionar şəkildə müalicə alır.

- Çanaq orqanlarının iltihabi xəstəliklərinin qarşısını necə almaq olar?

- Bunun üçün reproduktiv yaş dövründə olan qadınlar arasında maarifləndirmə işlərinin geniş şəkildə aparılması vacibdir. Uşaqlıq yolundan axıntı, xoşagəlməz qoxu, sidik ifrazının tezləşməsi, qarında ağrı və s. kimi əlamətlər olduqda, tez bir zamanda ginekoloqa müraciət edib vaxtında müalicə almaq məsləhət görülür.


Aşkar edilən xəstəliklərin müalicəsinin vaxtlı-vaxtında və düzgün qaydada aparılması üçün müalicə periodu və dərman təyinatı həkimin nəzarəti altında olmalıdır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Həyat yoldaşına böyrəyini bağışladı
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”