AQTİ mütəxəssisləri tərəfindən fındıqda bakterioz xəstəliyinin ekspress risk təhlili aparılıb
20.12.2022 08:09

Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin mütəxəssisləri tərəfindən fındıqda bakterioz xəstəliyinin ekspress risk təhlili həyata keçirilib. Təhlil zamanı müəyyən olunub ki, yüksək iqtisadi zərər verə bilən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər davam etdirilməlidir.

 

Aztibb.az xəbər verir ki, fındıqda bakterioz xəstəliyi dünyanın bir çox ölkəsində, əsasən də yüksək yağıntı və rütubət müşahidə olunan ərazilərdə cavan fındıq ağaclarının zərərli xəstəliyi kimi tanınır. Bakteriya ilk dəfə 1913-cü ildə Amerika Birləşmiş Ştatlarının Oreqon ştatında aşkarlanıb və patogenliyi sübut edilib. Sonra isə bakteriyanın sirayətlənmiş əkin materialları ilə dünyanın digər ölkələrinə yayıldığı müəyyən olunub.

 

Ölkəmizdə Fındıqda bakterioz xəstəliyi 2007-ci ildə karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısına salınıb. Lakin respublikamızda bu xəstəliyin aşkarlanması ilə əlaqədar rəsmi məlumat qeydə alınmayıb.


Xəstəliyə əsasən adi fındıq bitkisində rast gəlinir. Lakin fındığın ağac və ya ayı fındığı, iri fındıq və C.pontica növləri də xəstəliyə həssaslıq göstərir.

 

Fındıqda bakterioz xəstəliyindən bitkinin tumurcuqları, yarpaqları, budaqları, gövdəsi, bəzən də meyvələri zərər görür. Xüsusilə yarpaq və çiçək tumurcuqları xəstəliyə çox həssasdır. Belə ki, əvvəlcə üst tumurcuq pulçuqları sirayətlənir, sonra bakteriya tumurcuğun içinə hərəkət edir. Sirayətlənmiş tumurcuqlar qismən zərər görə və ya tamamilə məhv ola bilər. Həmin tumurcuqlardan çıxan zoğlar da sirayətlənmiş halda olur. Yarpaqların üzərində ləkələr (nekrozlar) dairəvi və ya nizamsız şəkildə olub, ölçüsü 1-2 millimetrdir. Həmçinin yeni əmələ gəlmiş ləkələr əvvəl sarımtıl-yaşıl rəngdə olur, sonra isə qırmızımtıl-qəhvəyi rəngə çevrilir. Sirayətlənmiş zoğlar isə xaricdən qurumuş kimi görünür. Yarpaqlar belə budaqların üzərində qıvrılaraq quruyur və asılı halda qalır. Budaqlardakı yaraları təsbit etmək çətin olur, lakin diqqətlə baxıldıqda qabığın zəif çökdüyünü və qırmızımtıl-qəhvəyi rəngə çevrildiyini müşahidə etmək mümkündür.

 

Fındıqda bakterioz xəstəliyinin yayıldığı ölkələrdə yüksək iqtisadi zərər müşahidə olunur. Bu xəstəlik ciddi sirayətlənmə hallarında, xüsusilə yeni salınan bağlarda və tingliklərdə bitkilərin 10 faizindən 100 faizinədək məhvinə səbəb ola bilir. Bunları nəzərə alaraq, yeni populyasiyanın ölkəmizə daxil olmasının qarşısının alınması məqsədilə qonşu dövlətlərlə sərhəd keçid məntəqələrində və həmsərhəd ərazilərdə fitosanitar nəzarətin ciddi şəkildə saxlanması mütləqdir. Eyni zamanda, əkin materialları zərərli orqanizmlərdən azad zonalardan gətirilməli, azad istehsal yeri və ya azad istehsal sahələrində istehsal olunmalıdır.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar