ATU-da ilk dəfə iki ixtisas üzrə magistr buraxılışı olub  
13.07.2022 13:16

Azərbaycan Tibb Universitetində 2021/2022-ci tədris ili üçün magistratura təhsil pilləsində yay sessiya imtahanları yekunlaşıb. İmtahanlarda 3 əsas (əczaçılıq, klinik psixologiya, səhiyyə menecmenti) ixtisas olmaqla, 5 alt ixtisaslaşma (əczaçılıq kimyası, farmakoqnoziya, toksikoloji kimya, əczaçılıq texnologiyası, əczaçılığın təşkili) üzrə 1-ci kurslarda toplam 40 fəndən biliklər qiymətləndirilib.

 

İxtisaslar üzrə əsas fənlərdən imtahanlar bilet üzərindən şifahi olmaqla, canlı formatda müvafiq kafedralarda təşkil olunub. Yalnız əczaçılıq ixtisasında tədris olunan Əczaçılığın tarixi və metodologiyası fənni üzrə imtahan test mərkəzində reallaşıb.

 

2021/2022-ci tədris ilində magistratura təhsil pilləsində 2-ci kursu bitirən 31 nəfər (əczaçılıq ixtısası üzrə 15 nəfər, klinik psixologiya üzrə 10 nəfər, səhiyyə menecmenti üzrə 6 nəfər) dissertasiya işlərini müdafiə edərək magistr dərəcəsinə layiq görülüb. Bu il ilk dəfə olaraq universitetimizdə magistr dissertasiyaları plagiat proqramında yoxlanılıb və nəticələr qənaətbəxş olub.

 

Onu da qeyd edək ki, bu, ATU-da klinik psixologiya və səhiyyə menecmenti ixtisasları üzrə magistratura pilləsində ilk buraxılışdır.

 

Onlardan səhiyyə menecmenti ixtisası üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında keçirilib. Müdafiə prosesində İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvləri ilə yanaşı, ATU-nun Müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova və şöbə müdirinin müavini, dosent Əfsanə Məmmədova da iştirak ediblər. Magistrantlar öz çıxışlarını prezentasiya formasında təqdim edərək, onlara verilən sualları hərtərəfli cavablandırıblar. Rəyçilərin fikirləri iştirakçılar tərəfindən dinlənilərək mövzu ətrafında geniş diskussiyalar aparılıb.

 

Təqdim olunan dissertasiya işlərinin mövzuları kafedranın 5 illik elmi-tədqiqat işinin planına uyğun olaraq ictimai sağlamlığın və səhiyyə sisteminin aktual problemlərinə həsr edilib. Bundan başqa, işgüzar karyera və mümkün olan münaqişələrin idarəolunması, menecmentdə liderliyin rolu, tibbi marketinqin əsasları kimi müasir problemlər də dissertasiya işlərinin əsas mövzularından olub.

 

Müdafiə zamanı məlumat verilib ki, 2020-ci ildən etibarən kafedrada I və II kurs tələbələri səhiyyə menecmenti ixtisası üzrə təhsil alırlar. Magistr təhsilinin dissertasiyasının müdafiəsinə hazırlıq işi kafedranın professor və müəllimlərinin elmi rəhbərliyi ilə aparılır. Bu məqsədlə magistrlər üçün son iki ildə kafedrada 2 dərslik və bir neçə metodiki vəsait hazırlanıb çap edilib. Nəzərə çatdırılıb ki, bu yaxınlarda kafedranın əməkdaşları tərəfindən hazırlanmış “Səhiyyə menecmenti. Testlər” adlı metodiki vəsaitdə menecmentin bir çox məsələləri test şəklində öz əksini tapıb.

 

Magistrantların iki il ərzində elmi-tədqiqat hazırlığı elmi proqramın rəhbəri, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, professor Rafiq Çobanov, elmi rəhbərlər - həmin kafedranın professorları Anar Ağayev və Musa Ələkbərov, dosentlər Kamran Babayev, Rəna Nağıyeva və Yaqut Hacıyeva tərəfindən həyata keçirilib.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub