Saçlarınızın təbii görünməsinə icazə verin, bu halda... - Saçlara qulluq ilə bağlı mühüm TÖVSİYƏLƏR/MÜSAHİBƏ  
16.09.2020 13:13

Saç tökülməsinin və keçəlliyin səbəbləri müxtəlifdir. Yaşından aslı olmayaraq, saçın tökülməsi istənilən şəxsdə narahatlıq yaradır.

 

Saç tökülməsinin səbəbləri, bərpa yolları, saça mənfi təsir edən amillər barədə həkim-trixoloq Aytəkin Quliyeva Aztibb.az-a müsahibə verib.

 

- Saç tökülməsinin əsas səbəbi nədir? Tökülmənin qarşısını almaq üçün nə edilməlidir?

 

- Saç tökülməsinin səbəbləri çoxdur. Bunlar fizioloji və patoloji formada olurlar. Səbəblərdən vitamin çatışmazlığı, dərmanların yan təsirləri, hormonal və infeksion xəstəliklər, əsəb-stres, genetik, mexaniki və ya toksiki təsirləri və s. qeyd etmək olar.

 

Bu problemlərin qarşısını almaq üçün saç xəstəlikləri üzrə ixtisaslaşmış trixoloqlara  vaxtında müraciət olunmalıdır.

 

 - Təbii müalicə yollarının xeyri varmı? Yumurta, gicitkan və s. maskalardan, karvaloldan istifadə və ya buğda yeyilməsi nə dərəcədə effektivdir? Həkim məsləhəti olmadan müalicə cəhdi ilə bağlı nə deyə bilərsiz?

 

 - Təbii müalicə yolları fizioloji tökülmələrdə qismən xeyir edir. Patoloji saç tökülmələri isə keçəlliyə gətirib çıxarır. Bu zaman mütləq daxili müalicələr aparılmalı və yanaşı olaraq birbaşa saç kökünə təmas olunmalıdır. Yumurtadan istifadə kimi təbii müalicələr yalnız dərinin üst qatında qalır. Alt qatlara keçə bilmədiyindən var olan xəstəliyi müalicə edə bilməz. Karvalol tərkibindəki maddəyə görə asılılıq yaradır. Həkim məsləhəti önəmlidir. Saçlı dəriyə hər hansı özünü müalicə cəhdi ilə risk etməməkdə fayda var.

 

 - Uşaqların saçının qırxılması doğrudurmu? Keçəl edilmə saç artımına kömək edirmi?

 

 - Uşaqların keçəl edilməsi saç artımına kömək etmir. Tibb elmində belə bir fakt yoxdur. Çünki saçlar genetik kodlaşdırılır.

 

 - Yağlanmanın əsas səbəbi nədir? Qarşısı necə alınmalıdır?

  

- Yağlanmanın səbəbləri çoxdur. İrsiyyət, hormonal pozulmalar, düzgün olmayan baxım, kimyəvi şampunlar, qeyri-balanslı qidalanma, stress, hamiləlik əleyhinə həblər, hormonal preparatlar, antibakterial preparatlar və s. saçların tez yağlanmasına səbəb olur.

 

Tez yağlanma, həmçinin saçlarınızı yuduğunuz su ilə əlaqəlidir. Süzülmüş ya da qaynadılmış su istifadə etdiyiniz halda saçlarınızın daha uzun müddət təmiz qaldığının şahidi olacaqsınız. Suyun temperaturu da vacibdir. Saçlarınızı 38 dərəcədən isti su ilə yumamalısınız.

 

Saça qulluq məhsulları da saçlarınızın yağlı və çirkli görünməsinə səbəb ola bilər. Bu səbəbdən xüsusilə, saç tipiniz kövrək və incədirsə, bu tip məhsullardan uzaq olmağa çalışın.

 

Saçlarınızı daradığınız zaman darağın dərinizə dəyməməsinə diqqət edin və gün ərzində saçlarınıza mümkün olduqca az toxunmağa çalışın.

 

Saçlarınızı istədiyiniz formaya salmaq üçün saça qulluq məhsulları ilə sabitləmək yerinə, təbii görünməsinə icazə verin. Bu halda səhəri gün saçlarınızın daha təmiz göründüyünün şahidi ola bilər, hətta parlaqlığı ilə fəxr edə bilərsiniz.

 

- Saç qripi deyilən xəstəlikdən qurtulmanın yolu varmı?

 

- Saç qripi olaraq adlandırılan bu xəstəlikdə saçlı dəridə qaşınma, yanma və iynə batma kimi hisslər olur. Bu, daha çox uzun və sıx saçlı xanımlarda müşahidə olunur. Bu, saçlar yuyulduqdan sonra nəmli halda uzun müddət qaldıqda da baş verir. Vaxtında müalicə olunmazsa, şiddətli saç tökülməsinə gətirib çıxarır.

  

- Saçların erkən ağrama səbəbləri nələrdir? Ən effektiv mübarizə üsulları barədə məlumat verərdiniz.

 

- Saçların rəngində əsas rol oynayan piqment saçın kökündəki hüceyrədən gəlir. Bu hüceyrələrdə melaninin miqdarı genetik kodlaşdırılır. Lakin müəyyən vaxtdan sonra melaninin istehsalı azalır. Melaninin miqdarında olan azalma saçların ağarmasına səbəb olur. Genetik ağarmanın sehirli bir dərmanı yoxdur. Lakin müəyyən xəstəliklər və defisitliklər səbəbindən erkən saç ağarma olarsa, həkim-trixoloq müdaxiləsi mütləqdir.

 

- Saçlara tətbiq edilən kosmetik vasitələrin, şampunlardan istifadənin nə kimi təsirləri vardır? Uşaq sabunları və ya heyvanlar üçün olan – məsələn, at şampununun saçlara təsiri barədə nə deyə bilərsiz.

 

- Saçlara hər hansı kosmetik vasitələrin tətbiqi və ya şampunlardan istifadə  müalicə metodu deyil, onlar yalnız baxım və yuyucu maddələr kimi qəbul edilməlidir.

 

Usaq sabunları və hər hansı yuyucu şampunlar saç tipinə görə seçilməli, yuyucu maddələrin PH-ı nəzərə alınmalıdır. Qeyd edək ki, saçlı dərimizin PH-ı 5,5 dir. Sabunların PH-ı yüksək olduğundan, onlar saçda quruluq hissi yaradır.

 

- Saçlarda qaşınma, kəpək, saçqıranların yaranmasının səbəbləri və xilas yolu ilə bağlı məlumat verməyinizi istərdik.

 

- Saçlarda qaşınma, kəpək, saçqıranların yaranma səbəbi öncə həyat tərzidir. Qidalanma balanslı və faydalı olmalıdır. Stresi azaltmaq ən mühüm məsələdir. Saçlı dəridə olan qaşıntı, kəpəyə səbəb olan malassezia göbələyi kontrolsuz şəkildə artarsa, ciddi saç problemlərinə gətirib çıxarır. Nəzarətdə saxlanılarsa, heç bir problem də olmaz. Əks halda trixoloq tərəfindən kompleks müalicə tələb olunur.

 

- Orqanizmdə qurdun olması saç tökülməsinə səbəb ola bilərmi?

 

- Qurdun olması saçın tökülməsinin əsas səbəblərdən biridir. Çünki qurd bədəndə olan mineral və vitaminləri bədəndən sovurur. Orqanizmi qurdlardan təmizləmək çox önəmlidir.

 

- Son zamanlarda alopesiyanın daha çox yayılmasının şahidi oluruq. Bunun əsas səbəbi nədir: hansı müalicə metodundan istifadə edilir?

 

- Alopesiya areata ocaqlı dazlıqdır. Bunun etiologiyası elmə hələ ki, məlum deyil. Lakin təcrübələrə əsasən deyə bilərəm ki, bu xəstəliyin yaranmasının ilkin səbəbi əsəbdir. Mütləq həkim müdaxiləsi lazımdır. Bəzən ev şəraitində hər hansı müalicə metodundan, məsələn, sarımsaqdan istifadə edilir. Lakin bu düzgün deyil. Belə olan halda xəstəlik daha da yayılaraq baş dərisini tuta və total alopesiyalara gətirib çıxara bilər. Ümumiyyətlə, kompleks müalicə tətbiq edilməli və sinir ucları blokada olunmalıdır.

 

- Müalicədən sonra yenidən təkrarlana bilər? Birdəfəlik müalicə üsulu mövcuddur?

 

 

- Bu xəstəlik genetikdir, stresdən yaranıbsa, yenidən qayıda bilər. Genetik deyil, hər hansı xəstəlikdən, yaxud başqa səbəbdən əmələ gəlirsə, o zaman birdəfəlik müalicə oluna bilər.

 

- Mezoterapiya kimi müalicə üsullarının effektivliyi varmı? Hansı müalicə metodunun tətbiqini məsləhət görürsüz?

 

- Mezoterapiya kimi müalicə üsullarının effektliyi çoxdur. Müalicə metodunu – pereparatları sırf diaqnoza görə seçirik. Məhlullar, xüsusi özəl inyeksiyaları saç dərisinə yeridir, birbaşa saçın kökünə transfer edirik. Və çox yüksək nəticələr əldə edirik.

 

Ümumiyyətlə, müxtəlif müalicə metodları mövcuddur: fizioterapiya, fitoterapiya, azonaterapiya, mezoterapiya, plazmaterapiya və s. Mütləq kompleks müalicə tələb olunur. Xəstədən geniş şəkildə analiz toplanılır. Bu zaman pasiyentin hər tərəfli  diaqnozu bəlli olur.

 

Müalicə dönəmində saçlar, saç kökləri həssas olduğuna görə heç bir kimyəvi boya və s. istifadəsinə icazə verilmir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər