AQTİ: "Ağır toksik metal kimi tanınan arsen qida təhlükəsizliyi baxımından olduqca aktualdır"
14.03.2022 09:48

Qida məhsullarında rast gəlinən çirklənmələrin fiziki, kimyəvi və bioloji olmaqla üç növü mövcuddur. Kimyəvi çirklənmə növünə aid edilən və ağır toksik metal kimi tanınan arsenin (mərgümüş) səbəb olduğu çirklənmə qida təhlükəsizliyi baxımından olduqca aktualdır.

 

Həmin kimyəvi element Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ictimai sağlamlığı təhdid edən on kimyəvi maddədən biri hesab olunur. Arsen birləşmələrinin üzvi və qeyri-üzvi olmaqla iki növü var. Qeyri-üzvi birləşmələr insan sağlamlığı üçün daha çox təhlükəli sayılır. Onlar qana daxil olan arsen aminturşuları, fermentlər və vitaminlərlə kompleks birləşmələr əmələ gətirərək mənfi təsirlərə səbəb olur. Toxumalarda uzun müddət qalmaqla, arsen onların fəaliyyətini iflic edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi araşdırmalar mərkəzi departamentinin Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisi M.Abdullazadənin hazırladığı elmi məqalədə bəhs olunur.

 

Arsenlə zəhərlənmə hallarında ağızda metal tamının əmələ gəlməsi xarakterik əlamətdir. Kəskin mədə ağrıları ilə müşayiət olunan həmin proses bağırsaq pozuntuları, susuzluq və qusma ilə özünü göstərir. Qaraciyərə toplanan arsen toxuma hüceyrələrinin funksiya pozuntusuna və bununla da serroza səbəb olur. Arsenin yüksək miqdarının uzunmüddətli təsirindən nəinki qaraciyər, eləcə də böyrək, sidik kisəsi, ağciyər və prostat vəzinin xərçəng xassəli xəstəlikləri yaranır.

 

Arsen toksikozlarının nəticələri hətta bir neçə il sonra da özünü göstərə bilər. Belə ki, arsenin sümükdə, dırnaqda və saç tükündə uzun müddət qalması müəyyən edilib.

 

Arsenlə çirklənmiş içməli su ilə hazırlanmış qidalar və bu cür su ilə suvarılan əkinçilik məhsulları insanların arsenə məruzqalma mənbələri sayılır. Heyvan və bitki məhsulları arasında balıq məhsulları, xərçəngkimilər, heyvan və quş əti, süd və süd məhsulları, dənli bitkilər, o cümlədən müxtəlif düyü növləri insanların arsenlə sirayətlənmə mənbələri ola bilər. Dəniz məhsullarında arsen nisbətən az toksiki üzvi birləşmə formasında olur.

 

Dünyada yetişdirilən əsas bitkiçilik məhsullarından biri olan düyü digər bitkilərlə müqayisədə arsenlə daha zəngindir. Odur ki, düyünün çox istehlak edildiyi bölgələrdə yaşayan insanlar həmin elementi daha çox qəbul etmiş olur.

 

ABŞ Qida və Dərman Administrasiyasının (FDA) məlumatına görə, düyünün bişirmə texnikası onun tərkibindəki arsenin miqdarına ciddi təsir göstərir. Qeyd edək ki, plov bişirərkən düyüdə onun miqdarı xeyli azalır. Nəzərə almaq lazımdır ki, düyünü bişirməzdən əvvəl 1 hissə düyü 10 hissə su olmaqla müəyyən vaxt ərzində saxlanılması, sonra bir neçə dəfə yuyulandan sonra bişirilməsi tərkibindəki zərərli maddələrin, o cümlədən arsenin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Qeyd edək ki, ölkəmizdə əhalinin düyüdən istifadə etməsində, o cümlədən ənənəvi plov bişirmədə məhz həmin qaydalara ciddi əməl olunur.

 

Arsenlə zəhərlənmələrdən qorunmaq məqsədilə həssas əhali qrupuna daxil olan təbəqənin, xüsusilə körpələr, hamilə qadınlar və yaşlı insanların yalnız düyüdən istifadə etməklə, birtərəfli qidalanmasına yol verilməməli, qida rasionunda digər taxıl məhsullarının (buğda, qarğıdalı, yulaf, və s.) daha balanslı şəkildə istehlakına diqqət artırılmalıdır.

 

FDA tərəfindən körpələr üçün nəzərdə tutulan qidalarda qeyri-üzvi arsen səviyyəsinin monitorinqinə üstünlük verilir. Belə ki, uşaq qidalarının əsasını düyü təşkil etdiyindən onların arsenə məruzqalma ehtimalı yüksəkdir. Meyvə şirələrindən alma şirəsinin tərkibində arsenə daha çox rast gəlindiyinə görə onun maksimum həddi içməli su ilə eyni olaraq təyin edilib.

 

Arsenin daha çox rast gəlindiyi qida növlərinə gəlincə, həftədə azı bir porsiya tünd rəngli balıq (tom balığı, skumbriya, qızılbalıq, sardina, qılınc balığı) yeyən qadın və kişilərin orqanizmində ayda bir dəfə balıq yeyənlərə nisbətən arsenin 7,4 faiz daha yüksək olduğu müəyyən edilib. Pivə və şərab içki növündə arsenin daha çox olması aşkarlanıb. O da bildirilir ki, həftədə 5-6 stəkan şərab qəbul edən insanların orqanizmində arsenin konsentrasiyası 20 faiz yüksək olur. Xaççiçəklilər fəsiləsinə daxil olan tərəvəzlər arasında Brüssel kələmi arsenin daha çox toplandığı tərəvəz növü hesab edilir. Qida rasionunda bu kələm növündən istifadə edən insanların orqanizmində arsenin miqdarı müqayisəli olaraq çox olub. Digər xaççiçəklilərdə də (brokkoli, gül kələm və s.) arsenin kükürdlü birləşmələrinə çox təsadüf edilir.

 

Ölkəmizdə əhalinin sağlamlığının təmin olunması məqsədilə heyvan və bitki mənşəli qida məhsullarında, eləcə də qida əlavələri, yemlər və yem əlavələrinin tərkibində toksiki elementlərin, o cümlədən arsenin səviyyəsi beynəlxalq tələblərə uyğun olaraq müvafiq limitlər daxilində tənzimlənir.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edir
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub  
 Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 13-cü Regional Konfransı keçirilib   
Xəstəxanadaxili infeksiyaların qarşısının alınması səhiyyə xidmətinin keyfiyyətinin əsas prioritetlərindən biridir