“COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda BEYNƏLXALQ KONFRANS keçirilir/FOTOLAR
11.02.2022 14:27

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

 

Aztibb.az xəbər verir ki, xüsusilə mama-ginekoloq, anestezioloq-reanimatoloq, radioloq, psixiatr, infeksionist, neonatoloq, pediatr ixtisasına malik həkimlər üçün nəzərdə tutulmuş tədbirin təşkilində əsas məqsəd COVID-19 virusuna yoluxmuş hamilələrin perinatal dövrdə diaqnostikası, müalicəsi və profilaktikası ilə bağlı müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsidir.

 

Konfrans, həmçinin COVID-19 infeksiyasına yoluxmuş qadınlarda hamiləlik və sonrakı dövr müalicəsində multidisiplinar yanaşmanın vacibliyi barədə maarifləndirmənin həyata keçirilməsini, müxtəlif ixtisaslı həkimlər arasında koronaviruslu hamilələrdə erkən və gecikmiş fəsadların diaqnostika və müalicəsi barədə təcrübə mübadiləsinin təmin edilməsini hədəfləyir.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbirin rəsmi açılışında çıxış edərək toplantının əhəmiyyətini önə çəkib. Bildirib ki, aktual mövzuya həsr olunmuş bu konfrans COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxışın ortaya qoyulmasına töhfələr verəcək.

 

Sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov çıxış edərək bildirib ki, pandemiya dövründə COVID-19 virusu hamiləliklərdə bir çox problemlərin və narahatlıqların yaranmasına səbəb olmuşdur. Bu baxımdan belə bir toplantının keçirilməsi, hamiləlik zamanı COVID-19-un təsirləri ilə bağlı elmi müzakirələrin aparılması zəruridir:

 

“Xüsusilə hamiləliyin ilk və son trimestrlərində koronavirus müəyyən çətinliklər yaradır. Virusa yoluxmuş hamilələrdə dərmanların qəbulu da müzakirə mövzularındandır. Eyni zamanda bütün dünyada və ölkəmizdə fikir ayrılığı yaradan məsələlərdən biri də hamilələrin peyvənd olunması ilə əlaqədardır”.

 

R.Mahmudov bu kimi məsələlərin müzakirəsi və həlli yollarının araşdırılması baxımından konfransın mühüm nəticələrlə yadda qalacağına, elmi cəhətdən faydalı məlumatlar ötürəcəyinə inamını ifadə edib.

 

Məruzəçi belə bir əhəmiyyətli tədbirin təşkilinə görə Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədova və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin minnətdarlığını ifadə edib.

 

Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar elm xadimi Hicran Bağırova öz çıxışında 2 ildir ki bütün dünyanı sarsıdan koronavirusun sərhədləri aşaraq planetin mənzərəsini dəyişdiyini diqqətə çatdırıb.  Bildirib ki, ümumi sosial problemə çevrilmiş bu virusun Azərbaycanda qarşısının alınması məqsədilə ölkə rəhbərliyinin qayğısı ilə ilk günlərdən etibarən qabaqlayıcı tədbirlər görülmüş, yeni tibb müəssisələri açılmış, müasir tibbi avadanlıqlar alınmışdır. Tibb işçiləri gecə-gündüz həyatlarını riskə ataraq bu xəstəliklə mübarizə aparmışlar. Bu mənada Mərkəzi Gömrük Hospitalının da fəaliyyəti xüsusilə təqdirəlayiqdir.

 

Açılış hissədə Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının t.e.d., professoru, I Mamalıq-ginekologiya şöbəsinin müdiri Sədaət Sultanova da çıxış edərək qeyd edib ki, koronavirus bu gün hamımızın həyatıın dəyişmiş, bütün dünyada ciddi bir bəlaya çevrilmişdir. Həkimlərimiz bütün çətinliklərə baxmayaraq əzmlə, cəsarətlə bu virusla mübarizə aparır: “İnanıram ki tədbirdə həkim məuzəçilərimiz dünya protokollarına əsaslanan dəyərli məlumatları paylaşacaqlar, müvafiq istiqamətdə elmin inkişafına töhfələr verəcəklər”.

 

Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid Saracoğlu çıxış edərək son illərdə hamilələrdə təzyiq, erkən doğuş problemləri, eləcə də keysəriyyə əməliyyatlarının vüsət aldığını dedi. Xüsusilə pandemiya dövründə bu məsələlərin aktuallaşdığını söyləyən məruzəçi tədbirdə qeyd olunan problemlərlə bağlı geniş fikri mübadiləsinin aparılacağını diqqətə çatdırıb.

 

Daha sonra tədbirin elmi hissəsində çıxış edən  Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramova hamiləlik zamanı COVID-19-un müalicəsinə dair yeni yanaşmalardan söz açıb.

 

Bildirib ki, hamiləlik zamanı böyüməkdə olan dölə adaptasiya olmaq üçün ananın immun sistemində müxtəlif dəyişikliklər baş verir. Nəticədə ananın hüceyrədaxili patogenlərə, həmçinin virus infeksiyalarına yoluxma ehtimalı daha da artır.

 

O, koronavirus zamanı laborator müayinə üsulları haqqında da məlumat verib. Qeyd edib ki, mümkün olarsa, aşağı tənəffüs yollarından alınan nümunələr üçün traxeal aspirasiya və ya bronsoxkopik nümunələrə üstünlük verilməlidir.

 

T.Bayramova hamiləlikdə koronavirusun proqnostik xüsusiyyətlərinə dair şəxsi təcrübəsindən də bəhs edib. Qeyd edib ki, 2020-ci ilin sentyabrından 2022-ci ilin yanvarına kimi 171 qadın hamiləlik nəzarətində olmuşdur, onlardan 88-də koronavirus aşkarlanmışdır. 88 hamilə qadının 56-da bu virus asimptomatik və yüngül dərəcəli kimi qeydə alınmışdır.

 

Məruzəçi, həmçinin COVID-19-a yoluxmuş şəxslərlə kontaktda olan hamilələrə ilkin yanaşma barədə məlumat verib.

 

Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının t.e.d., professoru, I Mamalıq-ginekologiya şöbəsinin müdiri Səadət Sultanova konfransda “COVID-19: doğuş və ya cərrahi müdaxilə” mövzusunda çıxş edib.  O, COVID-19 və dünya statistikası, Azərbaycanda 2020-ci ildə ölüm səbəbləri, eləcə də 2020-2021-ci illərdə Doğum-Ginekologiya şöbəsinin statistik məlumatlarını diqqətə çatdırıb.

 

Onun sözlərinə görə, COVID zamanı hamiləlik ağırlaşmalarına düşük, vaxtından əvvəl doğuş, dölün distresi, dölün antenatal ölümü, neonatal ölüm və s. daxildir.  

 

Azərbaycan Tibb Universitetinin Anesteziologiya və reanimasiya kafedrasının asisstenti, t.ü.f.d. Namaz İbrahimov  COVID-19-a yoluxmuş hamilələrdə doğuş zamanı anesteziya növünün seçilməsindən bəhs edib. O, öncə Azərbaycan Tibb Universitetinin Tədris Cərahiyyə Klinikasında 2020-ci ilin aprel-sentyabr aylarından həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, bu müddət ərzində klinikaya ümumlikdə 34 hamilə qəbul olunmuş, 8 xəstədə təbii doğuş həyata keçirilmişdir. 26 xəstədə cərrahi doğuş tətbiq edilmiş, 2 xəstədə isə ölüm qeydə alınmışdır.

 

Konfrans öz işini “Hamiləlik zamanı COVID-19 infeksiyası”, “Hamiləlikdə  COVID-19: diaqnostik və müalicə xüsusiyyətləri” və “COVID-19-un qadın reproduktiv sağlamlığına təsiri” başlıqlı 3 paneldə məruzələr, müzakirələr və sual-cavab sesiyaları ilə davam etdirib.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub