Tədris Stomatoloji Klinikada elmi və texnoloji yeniliklər uğurla tətbiq edilir - Fotolar
26.01.2022 10:08

"Keyfiyyətli və müasir stomatoloji xidmətə dəyər verən pasiyentlər klinikamızı seçməkdə yanılmırlar".

 

Aztibb.az xəbər verir ki, ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov müsahibəsində belə deyib. Həmin müsahibəni təqdim edirik. 

 

- Mahir müəllim, əvvəlcə klinikanın maddi-texniki imkanları, kafedra işçiləri də daxil olmaqla burada fəaliyyət göstərən tibbi personal haqqında məlumat verməyinizi istərdik.

 

- Klinikamızın bazasında Ortopedik stomatologiya, Terapevtik stomatologiya və Uşaq stomatologiyası kafedraları yerləşir.

 

Pandemiya ilə əlaqədar bir müddət dərslərə fasilə verilsə də, artıq tədris prosesi öz axarına düşüb. Kafedralarda dərslər müntəzəm olaraq həm əyani, həm də distant formada keçirilir. Eyni zamanda praktik işlər aparılır.

 

Poliklinika şöbəsində isə kafedraların profillərinə uyğun ortopedik, terapevtik və cərrahi işlər görülür. Burada çalışan həkimlərin hamısı yüksək səviyyəli, sertifikasiyadan keçmiş təcrübəli mütəxəssislərdir. Təsərrüfat hesabı ilə işləməyimizə, pandemiyanın yaratdığı bəzi çətinliklərə baxmayaraq, ortaya çıxan problemləri universitet rəhbərliyinin və kollektivin dəstəyi ilə zamanında həll edirik.

 

Universitetimizin rektoru klinikanın maddi-texniki bazasının yaxşılaşdırılmasını və ən müasir avadanlıqlarla təchizatını daim diqqətdə saxlayır. Elə bu diqqətin nəticəsidir ki, bu günlərdə stomatologiyanın vacib sahəsi sayılan rentgen müayinələrinin aparılması üçün 3D kompüter tomaqrafiya aparatı alınaraq klinikaya gətirilib. Həm kafedralarda, həm də poliklinika şöbəsində bu aparata uyğun proqramlar hazırlanır, həkim-stomatoloqlar təkmilləşdirilir. Tədris proqramına salındığından, həkimlərimizlə yanaşı, rezidentlərimiz və tələbələrimiz də 3D aparatı ilə müayinə aparmağa nail olurlar. Digər ən müasir stomatoloji avadanlıqlar da tibbi personalın istifadəsindədir. İstər elmi, istərsə də texniki yeniliklər klinikamızda uğurla tətbiq edilir.

 

- Məlumdur ki, ölkəmizdə stomatoloji xidmət üzrə fəaliyyət göstərən özəl klinikalar, ixtisaslaşmış kabinetlər çoxdur. Bu nöqteyi-nəzərdən pasiyentlər hansı üstünlüklərinə görə ATU-nun Stomatoloji Klinikasını seçməlidir?

 

- Əvvəla, bu bizim statusumuzdur. Yəni ATU-nun rəsmi klinikası olmağımız. İkincisi, tariximizdir. Xatırladım ki, indiki Tədris Stomatoloji Klinikası əvvəllər Bakıda ilk açılan stomatoloji poliklinikalardan biri olub və 4 saylı poliklinika kimi tanınıb. Yaddaşlarda, xatirələrdə də öz ənənələri ilə qalıb. Yəni bura nostalji hisslərlə müraciət edənlər də çoxdur. Bunlarla yanaşı, əsas fərqimiz burada peşəkar həkimlərin, respublika miqyasında tanınan mütəxəssislərin çalışmasıdır. Klinika əvvəlki nüfuzunu qoruyub saxlamaqla yanaşı, həkimlərimizin peşəkarlığı və daha yüksək səviyyəli stomatoloji xidmət sayəsində əlavə üstünlüklər qazanıb.

 

Klinikamızın sahəsi genişdir, kabinetlərimizin sayı çoxdur. Bu həcmdə işləri öz gücümüzlə aparmaq bir qədər çətin olsa da, öhdəsindən gəlirik. Demək olar ki, kabinetlərimizin hamısı təmir olunub. Müasir stomatologiyaya aid bütün aparatlarımız var. Dişlərin müalicəsi, ağardılması və yonulması prosesi ən müasir səviyyədə aparılır. Əvvəlki illərdən fərqli olaraq sement sistemindən deyil, özü işıqla bərkiyən plomblardan istifadə olunur. Yəni müasir stomatologiyaya aid bütün elmi və texnoloji yeniliklərdən bəhrələnə bilirik. Elmi dərəcəli mütəxəssislərin, professorların, kafedra müəllimlərinin praktik həkimlərlə birgə çalışması da klinikamızın reytinqinə müsbət təsir göstərir. Ona görə də hesab edirəm ki, keyfiyyətli stomatoloji xidmətə dəyər verən pasiyentlər bizim klinikanı seçməkdə yanılmırlar.

 

- Artıq 2 ildir ki, bütün klinikalar pandemiya şəraitində fəaliyyət göstərir. Əsas risk qrupuna aid olan stomatoloqların koronavirusdan qorunması istiqamətində hansı tədbirlər görülür?

 

- Doğrudur, stomatoloqlar pandemiya şəraitində daha çox yoluxmaya məruz qalan risk qrupuna daxildir. Çünki onlar ağız boşluğunda işləyirlər. Belə bir deyim də var: “Mədəniyyət də, sağlamlıq da ağız boşluğundan başlanır”. Ən çox infeksiya ilə zəngin olan orqan da ağız boşluğudur. Ağız boşluğunda hələ bizə məlum olmayan mikrofloralar yaşayır. Ona görə də stomatoloqlarımızı koronavirusdan qorumaq üçün bütün vasitələrdən maksimum istifadə etməyə çalışırıq. Gördüyünüz kimi, klinikaya daxil olan pasiyentlərin hərarəti yoxlanılır, maskaların taxılmasına, əllərin tibbi işlənilməsinə və ayaqlara baxillərin geyinilməsinə ciddi nəzarət olunur. Xüsusi tibbi məhlulların sayı artırılıb və praktik həkimlərimiz onlardan daha çox istifadə edirlər. Ancaq görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, risk həmişə var. Təəssüf ki, həkimlərimizdən koronavirusa yoluxanlar da, dünyasını dəyişənlər də oldu. Əlbəttə, pandemiya şəraitində bütün mümkün vasitələrdən istifadə etmək vacibdir. Lakin istənilən halda koronavirusdan qorunmağın ən etibarlı yolu peyvəndləmədir ki, bu prosesdən kənarda qalan işçilərimiz yoxdur. Həkimlərimizin çoxu peyvəndin 3-cü, hətta 4-cü dozasını qəbul ediblər.

 

- Daha çox rast gəlinən stomatoloji xəstəliklər hansılardır? Bu xəstəliklərə qarşı aparılan profilaktik və müalicə tədbirlərini qənaətbəxş hesab etmək olarmı?

 

- Stomatologiyanın tarixinə də nəzər salsaq görərik ki, ağız boşluğu xəstəlikləri içərisində dişlərlə bağlı problemlərə həmişə xüsusi önəm verilib. Daha sonra diqqət çəkən selikli qişa xəstəliklərinin diferenzasiyası, müalicəsi çox çətindir. Çünki ağız boşluğunda olan bəzi diş əti xəstəliklərinin etimalogiyası, yəni yaranma səbəbi hələ də məlum deyil. Müalicə yalnız müəyyən mülahizələr, müxtəlif dövrlərdə tibbi institutlarda, akademiyalarda çalışan alimlərin verdiyi təsnifatlar əsasında qurulur. Müasir dövrdə isə internet resurslarından yararlanaraq dünyada baş verən yeniliklər haqqında daha tez məlumat alırıq. Aparılan araşdırmalar da göstərir ki, selikli qişada əmələ gələn xəstəliklərin gedişi də, klinikası da tamam dəyişib. Dişlərlə bağlı problemlər isə selikli qişadakı problemlər qədər çətin deyil. Kariyes, mina qatının zədələnməsi, diş pulpasının iltihabı və digər diş xəstəlikləri ağrısız, təhlükəsiz, ən effektiv üsullarla müalicə olunur. Diş - yalnız müalicəsi mümkün olmayanda çıxarılır. Bundan sonra isə implantlar, çıxan və çıxmayan protezlər vasitəsi ilə həm də estetik baxımdan bərpa olunur.

 

Həkim-stomatoloqlarımız təkcə ağız boşluğunun sağlamlığını qorumaqla, dişləri müalicə və bərpa etməklə kifayətlənmir, eyni zamanda pasiyentlər arasında vaxtaşırı maarifləndirmə işi aparırlar. Düşünürəm ki, bu istiqamətdə aparılan profilaktik və müalicə tədbirləri qənaətbəxşdir.

 

- Universitet klinikası olaraq burada həm də tədris aparılır. Kadr hazırlığı baxımından tələbələr və rezidentlərlə iş necə qurulur?

 

Rezidentura və magistratura şöbəsində aparılan bölgüyə uyğun olaraq rezidentlər klinikamızın bazasında yerləşən kafedralarda rotasiya keçirlər. Burada çalışan təcrübəli müəllimlərimiz onlarla işləmək məsuliyyətini öz üzərilərinə götürüblər. Bazamızda klinik bacarıqlarını artırmaq üçün rezidentlərə hər cür şərait yaradılıb. Onlar ortopedik və terapevtik stomatologiya, uşaq stomatologiyası, eləcə də cərrahiyyə ixtisasları üzrə mənimsədikləri bilikləri təcrübədə tətbiq edirlər. Həmçinin tədris korpusundakı xüsusi stomatoloji avadanlıqlardan istifadə etməklə sərbəst şəkildə pasiyent qəbul edə bilirlər. Əminliklə deyə bilərəm ki, klinikamızda hazırlıq keçən bütün rezidentlərimiz rezidenturanın sonunda tam formalaşmış həkim-stomatoloq kimi fəaliyyətə başlayırlar. Yuxarı kurs tələbələrinə də imkan yaratmışıq ki, təhkim olunduqları həkimlərin köməyi ilə praktik vərdişlərini artırsınlar. Əvvəlki dövrlərdə tələbələr 1 il müddətində internatura keçirdilər. Bu bir stomatoloji məktəb idi. İndi isə rezidentura sisteminin tətbiqi, hazırlıq müddətinin 3 il olması klinik bacarıqların keyfiyyətini daha da yüksəldib.

 

- Stomatologiya həm də ən çox yenilənən sahədir. Yerli mütəxəssislərimiz dünyada tətbiq olunan yeni üsul və vasitələrdən, yüksək texnoloji imkanlardan yetərincə yararlana bilirmi? Yaxın gələcəkdə nələri planlaşdırırsız?

 

- Ümumiyyətlə, stomatologiya həmişə perspektivli, inkişaf edən sahə olub. Tətbiq olunan hər yenilik dişlərin sağlamlığı ilə yanaşı, həm də ağız boşluğunun estetik, kosmetik nöqteyi-nəzərdən mükəmməl görünüşünə hesablanır.

 

Diqqətinizə çatdırım ki, pandemiyadan əvvəl stomatoloqlarımız xarici ölkələrə işgüzar səfərlər edir, beynəlxalq simpoziumlara, konfrans və konqreslərə, sərgilərə qatılırdılar. Pandemiya dövründə gediş-gəlişlə bağlı problemlərin yaranması səbəbindən stomatoloqlarımızın xarici səfərləri məhdudlaşsa da, onlayn görüşlər, təlimlər keçirilir, qarşılıqlı təcrübə mübadiləsi aparılır.

 

Qeyd edim ki, stomatologiya sahəsinə aid dünyada baş verən ən son yeniliklər çox qısa müddətdə ölkəmizdə, o cümlədən klinikamızda tətbiq olunur. Şəxsi müşahidələrimə görə də deyə bilərəm ki, Azərbaycanda stomatologiya tibb sahəsinin ən proqressiv, ən inkişaf etmiş sahələrindən biridir. Xarici ölkələrdəki sərgilərdə ilk dəfə nümayiş etdirilən hansısa alətin, preparatın aradan 1-2 ay keçməmiş respublikamızda tətbiq edildiyinin dəfələrlə şahidi olmuşam.

 

Axır vaxtlar uşaq stomatologiyasının böyük vüsətlə inkişaf etdiyini xüsusi vurğulamaq istərdim. Əvvəllər ağız boşluğunda olan qüsurların aradan qaldırılması  üçün dişlər yonulur, müəyyən kosmetik qapaqlarla düzəldilirdi. Artıq breket deyilən üsulla bu qüsurlar heç bir zədələnmə olmadan tam bərpa edilir. Beləliklə, kiçik yaşlarından başlayaraq pasiyentlərdə sağlam dişlərin bünövrəsi qoyulur. Necə deyərlər, effektiv nəticələr özünü axırda göstərir.

 

Müasir stomatologiyanın ən aktual sahələrindən biri də implantologiyadır. Bu sahənin inkişaf etmədiyi dövrlərdə bir diş çəkilirdisə, yan tərəfdəki sağlam dişlər də yonulurdu. Hazırda bir və ya iki diş çəkildikdə, həmin hissəyə birbaşa implantlar qoyulur, əlavə zədələnmələrin qarşısı alınır.

 

Yaxın gələcəkdə xarici şirkətlərlə işləyən distribüterlərin köməyi ilə beynəlxalq səviyyədə tanınmış mütəxəssisləri klinikamıza dəvət etməyi planlaşdırırıq. Hesab edirəm ki, onların burada həm həkimlərimizə, həm də tələbələrimizə kurs keçmələri olduqca vacibdir. Hələ görüləsi işlərimiz çoxdur. Dünyada stomatologiya inkişaf etdikcə, biz də bu yolla gedərək fəaliyyətimizi təkmilləşdirəcəyik.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib