Postpandemiya dövründə qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilməlidir - ÜST
05.09.2020 18:23

Xroniki xəstəliklərdən əziyyət çəkən insanlar üçün xüsusilə təhlükəli olan COVID-19 göstərdi ki, dünyamız 2030-cu ilə qədər diabet, xərçəng və ürək-damar xəstəliklərindən ölüm hallarını 30 faizdən çox azaltmaq hədəfinə nail olmaqdan hələ çox uzaqdır.

 

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, London Kral Kolleci, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Qeyri-infeksion xəstəliklərə qarşı Mübarizə Alyansı tərəfindən aparılmış birgə tədqiqatın nəticəsi bu qənaətə gəlməyə əsas verir.

 

Məlumata görə, qeyri-infeksion xəstəliklər dünyada hər il 40 milyon insanın həyatına son qoyur. Bu, bütün ölüm hallarının 70 faizi deməkdir. Belə xəstəliklərdən ölənlərin 17 milyonu 70 yaşa çatmamış, o cümlədən 15 milyonu 30-70 yaşlarında insanlardır.

 

ÜST bildirir ki, son onillikdə insult, ürək xəstəlikləri və mədə xərçəngindən ölüm ehtimalı azalmaqdadır, diabet, ağciyər, qaraciyər və düz bağırsaq xərçəngindən ölüm göstəriciləri isə ya çox ləng azalır, ya da artır.

 

London Kral Kollecinin professoru, bu araşdırmanın aparıcı müəllifi Majit Ezzati deyib: “Hər hansı bir xəstəlik üzərində diqqət cəmləşdirilsə, heç bir ölkə bu məqsədə çata bilməyəcək. Burada kompleks tədbirlər görülməli, konkret ölkədə vəziyyət nəzərə alınmaqla xəstəliklərin profilaktikasına, erkən diaqnostikasına və müalicəsinə istiqamətlənmiş, yaxşı inkişaf etmiş səhiyyə sistemi olmalıdır”.

 

ÜST xəbərdarlıq edir ki, qeyri-infeksion xəstəliklər yaxın onillikdə 150 milyon insanın həyatına son qoyacaq, indi isə bu xəstəliklər COVID-19-un təsirini gücləndirir. Məsələn, diabetdən əziyyət çəkən insanlarda COVID-19 ilə bağlı ciddi simptomlar yaranması və ya ölüm riski başqa insanlarla müqayisədə üçqat yüksəkdir.

 

Yeni koronavirusun ilk dəfə aşkar edildiyi Uhanda aparılmış araşdırmalar isə xərçəng xəstələrinin, xüsusən qan xərçəngindən əziyyət çəkənlərin ölüm riskinin əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərib.

 

ÜST nümayəndəsi doktor Bente Mikkelsen deyib: “Pandemiyadan sonrakı dövrdə bütün bərpa planlarına qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri daxil edilməlidir. Biz bu ölümcül dalğanı yalnız bu yolla dayandıra bilərik”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır