7 aylıq körpəyə qaraciyər, 4 yaşlı uşağa isə böyrək transplantasiyası icra olunub/Mircəlal Kazımi ilə MÜSAHİBƏ
22.12.2021 18:33

12 dekabr 2008-ci il tarixi Azərbaycan transplantalogiyasının intibah dövrü hesab olunur.

 

Müsahibimiz regionda və Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını icra etmiş, ölkəmizdə transplantologiya sahəsinin inkişafında, milli kadrların yetişdirilməsində böyük əməyi olan Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan tarnsplantasiyası şöbəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, səhiyyə əlaçısı Mircəlal Kazımidir.

 

- Mircəlal həkim, bildiyimiz kimi, 2008-ci il dekabrın 12-də Azərbaycan Respulikası, Cənubi Qafqaz və regionda ilk dəfə olaraq canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatını siz icra etmisiniz. Həmin əməliyyatla ölkəmizdə orqan transplantalogiyasının əsası qoyuldu. Bu barədə nə deyə bilərsiniz?

 

2007-ci il dekabrın 12-si bizim üçün əlamətdar bir tarixdir. Bu tarixdə Azərbaycan Respublikası və Cənubi Qafqazda ilk dəfə olaraq canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatını həyata keçirmişik. Bu, mənim üçün iki  baxımdan qürurverici hadisədir. Birincisi, sevincli olmağımın əsas səbəbi dövlətimizin sosial-iqtisadi və digər layihələrdə olduğu kimi, səhiyyə sahəsində də regionda transplantasiya sahəsində ilk imza atmış olması oldu. İkincisi isə regionda, ölkə səhiyyəsində ilk dəfə olaraq bu əməliyyatı icra etməyin qüruru və məsuliyyəti mənə nəsib oldu. Təbii ki, əməliyyatın icra olunmasına qədər müəyyən çətinliklərdən keçmişik.

 

Azərbaycan Tibb Universitetini bitirdikdən sonra  bir müddət ATU-nun Ümumi cərrahiyyə kafedrasında çalışdım. Daha sonra Türkiyənin Ege Universitetində öz təhsilimi davam etdirdim. Həmin illərdə bu universitetin Ümumi Cərrahiyyə və Orqan Transplantasiyası Mərkəzi, o cümlədən Qaraciyər Transplantasiyası Mərkəzi Avropada canlıdan  canlıya ən çox qaraciyər transplantasiyasının icra olunduğu mərkəz idi. Həmin mərkəzdə aparıcı  mütəxəssis və qaraciyər transplantasiyası proqramının məsul əməkdaşlarından biri kimi fəaliyyət göstərdiyim müddətdə bu sahədə geniş elmi  və praktiki təcrübə əldə etdim.

 

Qeyd edim ki, orada təhsil aldığım dövrdə 10-a yaxın rayonu özündə birləşdirən Ege bölgəsində beyin ölümü olan şəxslərdən orqanların alınması komandasının da rəhbəri kimi fəaliyyət göstərirdim. Xüsusi ayrılmış nəqliyyat vasitələri, uzaq məsafələrə isə helikopterlər vasitəsilə gedərək bu xəstəxanalarda orqanlarını bağışlamış meyit donorlar üzərində əməliyyat yolu ilə orqanların çıxarılması əməliyyatını icra edir və fəaliyyət göstərdiyim mərkəzdə onların transplantasiyasını həyata keçirirdim.

 

Bütün tibb sahələri, xüsusilə transplantalogiya bu sahədə ciddi təhsilə malik olmağı tələb edir. Bu sahənin qısa müddətli kurslarla və ya kənardan izləməklə öyrənilməsi mümkün deyil.

 

Eyni zamanda, Ege Universitetində təhsil aldığım müddətdə Azərbaycandan gəlmiş həkimlərin təhsilimi davam etdirdiyim kafedrada təhsil almalarına dəstək göstərmişdim. Hazırda bu həkimlər ölkəmizdə və xaricdə fəaliyyətlərini uğurla davam etdirirlər.

 

2008-ci  ildə Mərkəzi  Neftçilər  Xəstəxanasının mərhum baş həkimi Fəxrəddin Cavadov tərəfindən ölkəyə dəvət aldım və həmin ilin 12 dekabrında ilk dəfə olaraq Azərbaycanda  və Cənubi Qafqazda  qaraciyər  transplantasiyası  əməliyyatını  müvəffəqiyyətlə icra etdik.

 

Bu baxımdan 12 dekabr 2008-ci il tarixi Azərbaycan transplantalogiyasının intibah dövrü hesab olunur.

 

1971-1972-ci illərdə mərhum akademik Mirməmməd Cavadzadə tərəfindən ölkəmizdə böyrək transplantasiyası əməliyyatları üzrə işlərə başlanılmışdı. Lakin qeyri-müəyyən səbəblərdən bu işlər davam etdirilməmişdir. 2010-cu ildə isə Azərbaycanda böyrək transplantasiyası əməliyyatları bizim tərəfimizdən həyata keçirilməyə başlandı. Uzun illər ərzində bu sahədə peşəkar komanda formalaşmış, rezidentlərin yetişdirilməsi istiqamətində işlərə başlanılmışdır. Gördüyümüz bu işlər sayəsində respublikamızda transplantasiya sahəsi üzrə bir neçə komanda formalaşmışdır.

 

Qeyd edim ki, transplantasiya əməliyyatlarının  icrası komanda işidir. Həkimlərimiz Türkiyədə, Yaponiyada, İngiltərədə təhsil almış peşəkarlardır. Bu işdə həkimlərin əməyi ilə yanaşı, dövlətimizin də maliyyə dəstəyinin böyük rolu var. Belə ki, dövlətmizin dəstəyi  sayəsində  yerli mütəxəssislər, həkimlər  və tibb bacıları üçün Türkiyə Cümhuriyyətinə 1 illik kurslar təşkil edildi. Həmin dövrdə Mərkəzi Neftçilər Xəstəxanasının maddi-texniki bazası yeniləndi, dövlət hesabına təmir olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Mərkəzi Neftçilər Xəstəxanasında şöbəmizin açılışı baş tutdu. Bu, dövlətimizin Azərbaycan xalqına verdiyi bir töhfə, transplantalogiya sahəsinin inkişafına verdiyi dəyər idi.

 

Növbəti illərdə peşəkar kadrlar yetişməyə başladı, yerli mütəxəssislər bu işlərə cəlb olundu, komanda formalaşdırıldı və bugünədək fəaliyyətini uğurla davam etdirir.

 

- Orqan transplantasiyası sahəsində zəngin təcrübə malik bir mütəxəssissiniz. Hazırda fəaliyyətinizi hansı istiqamətdə davam etdirirsiniz?

 

2018-ci ildən fəaliyyət göstərdiyim Mərkəzi Gömrük Hospitalı koronavirusdan əziyyət çəkən xəstələrin xidmətindədir. Klinika bu istiqamətdə ciddi tədbirlər görür və ölkəmizin ən qabaqcıl xəstəxanalarından biri kimi pandemiya ilə mübarizəyə öz töhfələrini verir.

 

COVID-19 pandemiyası bizdən də yan keçmədi, müəyyən çətinliklərimiz oldu. Bütün bunlara baxmayaraq fəaliyyətimizi yüksək səviyyədə davam etdiririk. 

 

Fəaliyyətimiz əsas etibarilə canlı donor şansı olan qaraciyər və böyrək xəstələri üzərində qaraciyər və böyrək transplantasiyası əməliyyatlarının həyata keçirilməsindən ibarətdir. Bu günə qədər 1500-ə yaxın orqan transplantasiyası əməliyyatı bizim tərəfimizdən icra olunub. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, təcrübə və biliyimiz sayəsində bütün yaş qruplarından olan xəstələri uğurla əməliyyat etmişik. Ən az yaşlı pasiyentimiz anasının donorluğu ilə 7 aylıq körpə üzərində qaraciyər transplantasiyası və 4 yaşlı uşaq üzərində icra etdiyimiz böyrək transplantasiyası əməliyyatlarıdır.

 

Keçirdiyimiz ən mürəkkəb əməliyyatlardan biri  - dünyada nadir icra edilən 7 yaşlı uşaq üzərində həm qaraciyər transplantasiyası, həm də açıq ürək əməliyyatının həyata keçirilməsidir. Digər bir xəstə üzərində isə qaraciyər transplantasiyası və ürəyin aorta qapağının dəyişdirilməsi əməliyyatı icra olunub.

 

Ən böyük üstünlüklərimizdən biri ondan ibarətdir ki, orqan transplantasiyası sahəsində nəinki ölkədə, həm də regionda liderliyimizi qoruyub saxlamışıq. Digər tərəfdən, donor əməliyyatları zamanı ən çox diqqət edilməli məqam donora zərər yetirilməməsidir. Bu baxımdan böyrək donoru əməliyyatlarını laparoskopik (qapalı) üsulla həyata keçiririk. Bu üsul donorların kiçik bir dəlikdən əməliyyat olunmasına və 3-5 gün sonra normal həyat fəaliyyətinə qayıtmasına imkan verir.

 

Bundan əlavə, peşəkar komandamız tərəfindən regionda ilk dəfə donordan qaraciyər götürülməsi əməliyyatı laparoskopik yolla icra edilib.

 

Bir xəstəyə eyni anda həm qaraciyər, həm də böyrək transplantasiyası, digər bir xəstəyə iki donordan dual qaraciyər transplantasiyası məhz bizim tərəfimizdən həyata keçirilib. Bununla yanaşı, bildiyimiz kimi, orqan çatışmazlığı bütün dünyada ciddi problemdir. Qan qrupları uyğun olmayan xəstələr arasında donorlarını dəyişərək çarpaz orqan transplantasiyası həyata keçirilir. Bu günədək təxminən 16-ya yaxın xəstə üzərində çarpaz orqan transplantasiyası əməliyyatı bizim əməyimiz nəticəsində mümkün olub.

 

- Bu sahədə qarşılaşdığınız maneə və çatışmazlıqlar nələrdir? Bu problemlərin aradan qaldırılması üçün hansı işlər görülür?

 

Əlbəttə, hər bir sahədə olduğu kimi bizim sahəmizdə də müəyyən çatışmazlıqlar mövcuddur. Bu günədək yaınız canlı donorlardan orqan götürülməsi ilə transplantoloji əməliyyatları icra edirik. Bu isə məhdud sayda insanın sağlamlığına qovuşması deməkdir. Ağciyər, ürək, mədəaltı vəzi, o cümlədən  canlı donoru olmayan insanlar üçün qaraciyər və böyrək əməliyyatlarını da icra etmək üçün meyitlərdən orqanların götürülməsi tələb olunur.

 

Ölkə  Prezidenti  cənab İlham Əliyein ötən ilin sonlarında imzaladığı müvafiq fərmanla “ İnsan orqan və (və ya) toxumalasının transplantasiyası haqqında”  qanun yeniləndi, daha da mükəmməlləşdirildi. Bu qanuna əsasən, növbəti ildən bu istiqamətdə işlərə  start veriləcək. Düşünürəm ki, yaxın gələcəkdə meyit orqanlarından da istifadə edərək orqan transplantasiyası əməliyyatlarını icra edəcəyik.

 

Qanun yeniləndiyi zaman işçi qrupunun üzvlərindən biri kimi bu qanunun yenidən işlənilməsində birbaşa iştirak etdim. Buna görə də, əminəm ki, həm həkimlərimiz, həm də dövlətimiz meyit orqanından istifadə edərək transplantoloji əməliyyatların həyata keçirilməsinə maraqlıdır. Bu maraq  dövlətin vətəndaşının sağlamlığına olan diqqətindən irəli gəlir. Proses artıq yekunlaşma mərhələsindədir. Bu mexanizmə daxil olan beyin ölümü diaqnozunun qoyulması, orqan transplantasiyası  koordinatlarının yetişdirilməsi, Milli koordinasiya mərkəzinin yaradılması və s.  istiqamətdə işlər hazırda davam etdirilir.

 

- Mircəlal həkim, geniş müsahibəniz üçün sizə təşəkkür edirəm. Orqan transplantasiyası əməliyyatlarının icra olunması ölkə üçün böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Araşırmalarımıza əsasən, əminliklə deyə bilərik ki, qonşu ölkələrdə Azərbaycanda olduğu kimi aktiv şəkildə transplantasiya proqramları icra olunmur. Bu sahədə uğurlu fəaliyyətinizə görə sizə minnətdarlığımızı bildiririk.

 

Çox sağ olun. Fürsətdən istifadə edərək bütün xalqımızı qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edirəm. Arzu edirəm ki, 2022-ci il dövlətimizə, xalqımıza uğur və bərəkət gətirsin. Bir daha təşəkkür edirəm!

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası