Burun qanaxmaları həyat üçün təhlükəli ola bilər - Həkim məsləhəti
03.11.2021 12:38

Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu Elvin Əzizov “Həkim məsləhəti” rubrikasında “Burun qanaxmaları” mövzusunda ətraflı məlumat verib. Həmin məlumatları təqdim edirik.

 

Burun qanaxmaları, burun boşluğu qan damarlarının divarlarının zədələnməsi nəticəsində burun boşluğundan baş verən qanaxmadır.

 

Burun qanaxmaları mənşəyinə görə bir neçə yerə bölünür:

 

- Yerli; 

- Ümumi;

- Travmatik mənşəli.

 

Eləcə də zədələnmiş qan damarının yerləşməsinə görə burun boşluğunun ön və arxa hissələrindən baş vermiş qanaxmalar ayırd edilir.

 

Burunun ön hissəsinin qanaxmaları zamanı adətən kiçik qan damarları zədələnir və belə qanaxmalar tez durdurulmağa meyllidir. Burunun arxa hissəsinin qanaxmaları zamanı iri damarların travması və divar tamlığının pozulması baş verir ki, bunun nəticəsində də qanaxma öz-özünə durdurulmağa meylli olmur və bu zaman kifayət qədər qan itkisi müşahidə oluna bilər.

 

Yerli xarakterli burun qanaxmaları, adətən, burun boşluğunun ön hissəsindən, burun çəpərinin ön aşağı hissəsində yerləşən arterial kapillyarlardan ibarət olan Kisselbax kələfi nahiyəsindən baş verən qanaxmalardır. Kisselbax nahiyəsində mukozanın çox incə olması səbəbindən orada yerləşən kapillyar divarlarının mexaniki təsirlərdən zədələnməsi nəticəsində qanaxma baş verir.

 

Belə təsirlərə aiddir:

 

- Burun nahiyəsində yaranmış quru qabıqların barmaqla və yaxud pambıq çöpləri ilə təmizlənməsi;

- Ətraf mühitin, yəni çox isti və quru havanın təsiri;

- Uzun müddət günəş altında qalma nəticəsində burun boşluğunun Kisselbax nahiyəsinin quruması və nəticədə selikli qişada çatların yaranması;

- Yuxarı tənəffüs yollarının kəskin iltihabi və virus xəstəlikləri;

- Müxtəlif mənşəli rinitlər zamanı güclü fınxırma;

- Uzun müddət damardaraldıcı nazal damcı və spreylərin istifadəsi nəticəsində selikli qişanın atrofiyalaşması və orada çatların və zədələrin yaranması.

Adətən bu cür qanaxmalar həyat üçün təhlükəli deyil və qısa müddət ərzində bəzən həkim müdaxiləsinə ehtiyac olmadan dayanır.

 

Ümumi mənşəli burun qanaxmalarının səbəbləri nədir?

 

- Hipertenzion sindrom, yəni arterial təzyiqin qalxması;

- Ağ ciyərlərin emfizeması;

- Qan xəstəlikləri;

- Qara ciyər sirrozu;

- Böyrək xəstəlikləri;

- Qan durulaşdırıcı preparatların uzunmüddətli qəbulu.

 

Belə hallarda həm iri qan damarlarının, həm də kapillyar divarlarının zədələnməsi nəticəsində burun boşluğunun həm ön, həm də arxa hissələrindən profuz qanaxmalar baş verən. Adətən belə qanaxmalar həyat üçün təhlükəli qanaxmalar hesab edilir, səbəbini müəyyən etməmiş kontrol edilmir və həkim müdaxiləsi olmadan dayanmır.

 

Travmatik burun qanaxmaları burunun müxtəlif travmaları nəticəsində və burun boşluğu əməliyyatları sonrası yaranan qanaxmalardır. Adətən bu formalı nazal qanaxmalar, ümumi mənşəli nazal qanaxmalardan səbəbinin tez müəyyən edilməsi və qarşısının alınması ilə fərqlənir. Travmatik mənşəli burun qanaxmaları burun boşluğunun həm ön, həm də arxa nahiyəsində rast gəlinir, adətən həkim müdaxiləsindən sonra qarşısı alınır.

 

Burun qanaxmalarının qarşısının alınması üsulları burun qanaxmasının burun boşluğunda yerləşmə yerindən, qanaxmanın intensivliyindən, lokal və yaxud profuz olmasından asılı olaraq dəyişir. Belə ki, burun boşluğunun ön hissəsindəki Kisselbax nahiyəsində olan kapillyar qanaxmalar burun boşluğuna damar daraldıcı və yaxud hidrogen peroksid 3%-lə isladılmış pambıq topları qoyub, burun qanadlarını burun çəpərinə sıxıb, pasiyentin başını önə və aşağı əyməklə və yaxud qanayan kapillyarı kimyəvi maddələr, məsələn, AgNO3 çöpləri ilə yandırıb koaqulyasiya etməklə durdurulur.

 

Burun boşluğunun arxa nahiyəsində olan burun qanaxmaları adətən həkim nəzarəti altında əməliyyatxana şəraitində, mono və yaxud bipolyar elektrokoaqulyatorun köməyi ilə qanayan qan damarını koaqulyasiya etməklə durdurulur. Adətən profuz və ümumi mənşəli qanaxmalar burun boşluğunun ön və arxa tamponadası, durdurulması çətin olan halda embolizasiya və burun boşluğunu qidalandıran iri qan damarlarının bağlanmasından sonra durdurulur.

 

Bir sonrakı burun qanaxmasının qarşısını almaq üçün, yenə də burun qanaxmasının xarakteri, burun boşluğunda yerləşmə yeri və qanaxmanın mənşəyi önəmlidir. Burun boşluğunun ön Kisselbax nahiyəsində olan kapillyar mənşəli burun qanaxmaları durdurulduqdan sonra, adətən zədələnmiş selikli qişanın və qan damarı divarının bərpası məqsədi ilə ən azı 1 ay müddətində bərpaedici, yağlı nazal damcılar təyin edilir.

 

Burun qanaxması sonrası bu halın bir daha təkrar edilməməsi üçün nə etmək lazımdır?

 

Ümumiyyətlə, hər hansı xarakterli burun qanaxması sonrası bu halın bir daha təkrar edilməməsi üçün bir müddət isti və qaynar duş qəbulundan yayınmaq, isti və buxarlı hamam və saunalardan istifadə etməmək tövsiyə edilir. Ümumi mənşəli burun qanaxmaları zamanı bir sonrakı qanaxma yaşanmasın deyə, ilk növbədə pasiyentin arterial təzyiqi kontrol altında saxlanılmalı, qan analizləri və yanaşı ixtisaslı həkimlərin konsultasiyaları təyin edilib, qanaxmanın hansı mənşəli olması aydınlaşdırılmalı və həmin patologiyanın aradan qaldırılması üçün müayinə və müalicə tədbirləri həyata keçirilməlidir. Əgər qanaxma qan durulaşdırıcı, yəni antikoaqulyantların uzunmüddətli qəbulu sonrası yaranmışdırsa, həmin preparatların doza və qəbulu korreksiya edilməlidir.

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Sümük bulyonu arıqlamağa kömək edir
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
 Yevlax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib