Ənənəvi təbabətdə təsviri sənət terapiyası – Birinci yazı
07.08.2021 09:05

Hələ ta qədim zamanlardan insanlar öz hisslərini, daxili aləmlərini ifadə etmək üçün musiqiyə, rəssamlığa, rəqsə müraciət ediblər. Qədim vaxtlarda bu xüsusi bir peşə olub. Hazırda ənənəvi təbabət də incəsənətin müalicəvi təsirini, yəni artterapiyanı qəbul edir.

 

Aztibb.az  kökləri antik Şərq mədəniyyətinə dayanan və hazırda dünyanın bir çox yerlərində önəmli müalicə üsullarından birinə çevrilən artterapiya haqqında yazını təqdim edir.

 

Yəhudilərin qədim dini kitabı olan “Tövrat”da qeyd olunur ki, Davud peyğəmbər musiqi alətində, arfada çalaraq Saulu əsəb pozuntusundan sağaldıb. Qədim Yunanıstanda isə rəssamlığın, teatrın, musiqinin, rəqsin insan orqanizminə təsiri öyrənilib. Antik filosoflardan Pifaqor, Aristotel, Platon musiqinin terapevtik və profilaktik təsirindən bəhs ediblər. Pifaqora görə, insan musiqi dinləmə, rəqs etmə, yeriş zamanı və danışma tərzində öz ritmini saxlamalı, onun mikrostrukturu kainat ilə harmoniyada olmalıdır. İncəsənətlə terapiya İkinci dünya müharibəsi dövründə də düşərgələrdə sərbəst qalan uşaqlarla bağlı psixoloji müalicədə istifadə edilib.

 

 

 

Yaradıcılıq ilə müalicə psixoloji və emosional ruhu inkişaf etdirmək, stress azaltmaq, fobiyalardan, təcavüz, narahatlıq, depressiya düşüncəsindən xilas olmaq, canlılıq və əhval-ruhiyyəni yaxşılaşdırmaq məqsədi daşıyır.

 

ABŞ-da artterapiyanın əsasını qoyan M.Naumburq Z.Freydin nəzəriyyəsinə əsaslanaraq artterapiyanı psixoterapevtik metod kimi qəbul edir. O, pasiyentlərdən öz yuxu və ya qorxularını təsvir eləməyi xahiş edir, rəsmlərə əsasən onları analiz edir. Psixoloqlar bu metoddan istifadə etməklə ünsiyyət problemlərini həll etməkdə, qorxularını dəf etməkdə, özünə inam qazanmaqda uşaqlara və böyüklərə yardımçı olurlar.

 

Uşaqlarda qorxuların artterapiya ilə diaqnostikası

 

Uşaqlarda təsviri sənətlə müalicədə şəklin bədii məziyyətlərinə qiymət verilmir. Artterapiya uşağa şəkil çəkməyi öyrətmək deyil, nəyin necə çəkildiyini qiymətləndirmək də deyil. Əsas vəzifə insanın öz hisslərini necə varsa, eləcə də təzahür etdirməsidir.

 

Uşaqlarda qorxu hissi və qorxunc yuxuların qarşısının alınmasında, onların davranış pozuntularının, məsələn, hiperaktivliyin korreksiyasında şəkil çəkmək vasitəsilə psixoloji iş effektiv metod hesab edilə bilər. Nitq problemlərinin həllində - kəkələmənin, tələffüz çətinliklərinin aradan qaldırılmasında da artterapiyanın yaxşı nəticələri olur. Bu hallarda və ümumiyyətlə, psixoloji problemləri olan hər kəsdə təsviri sənətlə məşğul olma müsbətə doğru dəyişikliklər əmələ gətirir.

 

Mütəxəssislər hesab edir ki, incəsənətlə müalicə həm qrup, həm də fərdi qaydada aparıla bilər. Artterapiya proqramları məşğələlərində uşaqlar müsbət emosiyalarla yanaşı, qorxu, nifrət kimi anlayışlarla da işləyirlər. Bəzi psixoloqlar bunun uşaq psixikasına mənfi təsir etdiyini desə də, artterapevtlər bunun əksini düşünür, hesab edirlər ki, əgər üşaq bu nifrətin, yaxud qorxunun şəklini çəkirsə, bu çox yaxşıdır. Çünki bu hissləri ifadə etmək, onları “buraxmaq”, “özündən kənar etmək” insanı psixoloji cəhətdən yüngülləşdirir, rahatlaşdırır.

 

Təsviri sənət terapiyasını psixoloqlar da həyata keçirə bilər, müəyyən hazırlıq keçmiş valideynlər də. Əgər ana həqiqətən də öz uşağı ilə oturub şəkil çəkmək, yaxın ünsiyyətdə olmaq arzusundadırsa, o, övladına müəyyən qədər kömək edə bilər. Bunun üçün o, bir valideyn kimi öz həyəcanını boğmalı, uşaq gözlənilməz nəsə çəkdikdə belə panikaya düşməməlidir.

 

Şəkildə əksini tapanlar uşağın daxili aləmi, şəxsi həyatıdır. O nə qədər qorxunc və əcaib şeylər çəksə də, əsas odur ki, o öz daxilində olan nəyisə artıq ifadə edib. Deməli, bu qorxuların öhdəsindən gəlib və onlardan azad olub. Bundan əlavə, valideynlər şəkilləri özləri şərh etməkdən çəkinməlidirlər. Uşaq nə çəkdiyi barədə özü danışmalıdır. Onu tələsdirmək, ona təzyiq etmək olmaz. İmkan verilməlidir ki, o nə çəkdiyini yalnız özü lazım biləndə, bunun üçün özünü hazır və qüvvətli hesab edəndə izah etsin.

 

Uşaq şəkil çəkərkən, hiss və həyəcanlarını, arzu və istəklərini ifadə etmək üçün imkan tapır, müxtəlif situasiyalara öz münasibətini yenidən qurur, onu qorxudan, ürəyinə yatmayan və psixoloji cəhətdən zədələyən surətlərlə ağrısız və təhlükəsiz təmasa girir.

 

Təsviri sənət vasitəsilə ilk növbədə uşağın təxəyyülünün məhsulu olan qorxuları, yəni heç vaxt baş verməmiş, lakin onun təsəvvürünə görə, baş verə biləcək təhlükə qorxusunu aradan qaldırmaq mümkündür. Bundan sonra real zədələyici hadisələrə əsaslanan, lakin üstündən çox vaxt ötmüş və uşağın yaddaşında əhəmiyyətli emosional iz qoymamış qorxular gəlir. Lakin əgər uşağı qorxudan hər hansı hadisə, məsələn, liftdə qalma, it dişləməsi, döyülmə, yanğın və s. çoxdan baş verməyibsə, artterapiyanın elə də böyük effekti olmur. Etik nöqteyi-nəzərdən, uşaqdan valideynlərinin ölümü qorxusunu ifadə etməyi xahiş etmək düzgün deyil.

 

Şəkil çəkmək üçün karandaşlardan, flomasterlərdən və boyalardan istifadə etmək olar. 2-13 yaşlı yeniyetmələr isə karandaşdan daha həvəslə istifadə edirlər, çünki bu, təsviri dəqiq çəkməyə və bəyənmədiklərini pozmağa imkan verir.

 

  

 

Artterapiya seansı qorxuların diaqnostikasından başlanır. Uşaqlardan onların qorxuları barədə oyun zamanı soruşmaq məqsədəuyğundur. Oyun üçün rekvizitlər iri kubiklərdən yığılmış, içində müxtəlif ev əşyaları olan evcik, yaxud hazır oyuncaq ev dəsti, müxtəlif gəlinciklər, oyuncaq heyvanlar, meşəni bildirən ağac fiqurları, tibb ləvazimatı, nağılları və onların qəhrəmanlarını xatırladan və bu kimi başqa şeylər ola bilər. Uşağın bu əşyalara münasibəti onun bəzi qorxularını aşkar etməyə imkan yaradar. Qorxuların diaqnostikasından sonra uşaqla hərəkətli oyunlar oynamaq lazımdır. Bununla yaradılan şən əhval-ruhiyyə qorxuların mənfi təsirinə əks-təsir rolunu oynayır. Oyunun sonunda mütləq uşağın uğurlarını qeyd etmək lazımdır.

 

Burada xüsusi olaraq nəzərə alınmalı bir neçə məqam var. Əgər uşaq birinci dəfədən tək qorxu mənbəyinin deyil, həm də özünün şəklini çəkirsə, qorxudan sürətlə azad olmanın effekti daha yüksək olur. Amma əgər o hətta ikinci dəfə şəkil çəkəndə, bu barədə xüsusi təlimat aldıqdan sonra da özünü təsvir etmirsə, bu ya qorxunun xüsusi intensivliyindən, ya da onun əl çəkməyən xarakterindən xəbər verir. Bu halda söhbət fobiyadan gedə bilər, onun müalicəsi isə artterapiya çərçivəsində mümkün deyil və xüsusi ixtisaslaşdırılmış müdaxilə tələb edir.

 

Ümumiyyətlə, hadisələrin gedişi göstərir ki, səhhətində problemlərin olub-olmamasından asılı olmayaraq, uşaqları elə kiçik yaşlarından incəsənətlə bağlı müəyyən hobbilərlə məşğul olmağa öyrəşdirmək lazımdır. 

 

ÇOX OXUNANLAR
Mərkəzi Klinikada 1 günlük, çəkisi 2800 qr olan körpə üzərində ağır əməliyyat icra edilib
 Almaniyadan dəvət olunmuş ortoped-travmatoloq Diaqnoz Tibb Mərkəzində pasiyentləri ödənişsiz qəbul edir   
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib  
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
 Qobustan Rayon Mərkəzi Xəstəxanasında göz əməliyyatlarının icrasına başlanılıb   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili yardım həkimi - Füzuli Abışov
Azərbaycan-Türkiyə Pediatriya Günləri - Azərbaycan-Türkiyə səhiyyə əlaqələri daim yüksələn xətt üzrə inkişaf edir
Həyat yoldaşına böyrəyini bağışladı
“Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Şəki şəhər Ailə Sağlamlıq Mərkəzində 70-ə yaxın uşaq peyvənd olunub
Musa Abbasov: “Yenidən transplantasiya əməliyyatlarına başlayacağıq”  
Ürək qüsurlarının diaqnostikası və müalicə yolları   
 “Təbabətin aktual problemləri - 2024” beynəlxalq konqresi işə başlayıb