Çox vaxt cütlüklər bir-birinə qarşı inamsızlığını yanlış olaraq qısqanclıq adlandırırlar – Psixoloqla MÜSAHİBƏ
19.07.2021 18:58

Həyat yoldaşının həyatına, psixi və fiziki sağlamlığına, ünsiyyət və qarşılıqlı münasibətlərinə, əmək fəaliyyətinə, təhlükəsizliyinə əngəl olmayacaq səviyyədə qısqanclığın olması həmin münasibəti daha da xoş edir. Həddini aşan, xəstəliyə çevrilən qısqanclıq mənəvi və fiziki şiddətə, münasibətlərin korlanmasına, arzuolunmaz sonluqlara gətirib çıxarır.

 

Bu fikirləri Aztibb.az-a müsahibəsində fəlsəfə doktoru proqramı üzrə dissertant, Bakı Qızlar Universitetinin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi, psixoloq Nərmin Abdullayeva bildirib.

 

Müsahibəni təqdim edirik:

 

- Son zamanlar şəxsi təcrübənizdə hansı psixoloji problemlərin artdığını müşahidə edirsiniz?

 

Son zamanlar əsasən müxtəlif təşviş pozuntuları - panik atak, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar; obsessiv-kompulsiv pozuntu (xüsusilə, təmizlik obsessiyası), stress, depressiya, intihara meyil, ailə üzvləri arasında soyuqluq, ailədaxili konfliktlər və boşanmalar, mükəmməlliyətçilik kompleksi, uşaqlarda müxtəlif davranış pozuntuları - aqressiya, yuxu problemləri, dırnaq yemə, utancaqlıq, qorxular, tiklər, diqqət əskikliyi və hiperaktivlik pozuntusu, özgüvən əskikliyi, internet asılılığı (oyun asılılığı), selektiv mutizm, öyrənmə çətinliyi, təlimdə geridə qalma və s. kimi problemlərlə bağlı müraciətlər çoxalıb.

 

- Son günlərdə qısqanclıq zəminində artan ailədaxili şiddət və cinayət hadisələrinin kökündə hansı psixoloji məqamlar yatır? Bu kimi cinayət işlərinin azalması üçün hansı maarifləndirici işlər aparmaq lazımdır?

 

Qadın və kişilər sevginin bir təzahür forması kimi qısqanc davrana bilirlər. Bəzən qısqanclıq üçün özləri süni şərait yaradırlar. Ancaq bu cür davranışların kökünə enəndə, ilk öncə, onlar arasında güvən probleminin olduğunu görürük. Çox vaxt bir-birinə qarşı olan inamsızlığı (şübhəni) yanlış olaraq qısqanclıq adlandırırlar. Ailələrdə rast gəlinən qısqanclıq halları subyektiv və obyektiv, əsaslı və əsassız, makro və mikro səbəblərdən qaynaqlana bilər. Həyat yoldaşının həyatına, psixi və fiziki sağlamlığına, ünsiyyət və qarşılıqlı münasibətlərinə, əmək fəaliyyətinə, təhlükəsizliyinə əngəl olmayacaq səviyyədə qısqanclığın olması o münasibəti daha da xoş edir. Həddini aşan, xəstəliyə çevrilən qısqanclıq mənəvi və fiziki şiddətə, münasibətlərin korlanmasına, arzuolunmaz sonluqlara gətirib çıxarır. İnsan sosial varlıqdır. Qısqanan şəxs sevdiyinin sosiallaşma imkanlarını məhdudlaşdıraraq ancaq onun özünə qapanmasına, aqressiyasına, nifrətinə, aralarında psixoloji və sosial məsafənin yaranmasına nail ola bilər. Son olaraq, cinayətlərin, zorakılıqların hansı formada, hansı səbəbdən baş verdiyini detallı açıb göstərmək təkcə neqativ təsir göstərməklə kifayətlənmir, həm də yönləndirə bilir. Fərqində olmadan bu aktları həyata keçirməyin yeni üsulunu, motivini ortaya qoymuş oluruq.

 

- Statistika göstərdi ki, bütün dünyada karantin və insanların evə qapanması boşanmaların sayının artmasına şərait yaratdı. Bu məsələ ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Necə davranmalı?

 

Boşanma qərarı birdən-birə alına biləcək bir qərar deyil. Pandemiya, karantin rejimi kimlərinsə boşanması üçün şərait, kimlərinsə boşanması üçün hərəkətverici qüvvə rolunu oynadı.

 

Karantin rejimi ilə əlaqədar şəxsiyyətlərarası münasibətlərdə baş verən seyrəkləşmə insanın özü ilə dialoqunun sıxlaşmasına, öz daxilinə çəkilməsinə səbəb oldu. Belə bir vəziyyətdə insanlar bir tərəfdən qeyri-müəyyənlik, işsizlik, psixoloji böhran, maddi qayğılar, adət etdikləri rutinlərin dəyişməsi, yeni rejimə uyğunlaşma zərurəti, bütün bunların yol açdığı gərginlik ilə, digər tərəfdən, ailə üzvləri ilə sıx ünsiyyət və münasibətdə olmaq zərurəti ilə üzləşdilər. Əldə edilmiş statistik nəticələr göstərdi ki, problemlər ən çox ailədaxili münasibətlərin real səviyyəsindədir.

 

Düşünürəm ki, bizim ailələrdə ən böyük problemlərdən biri birlikdə vaxt keçirmək və lazım gəldikdə tək buraxmaq mədəniyyətinin aşağı səviyyədə olmasıdır. Bunun üçün ortaq maraqlar tapmaq, ümumi planlamanı, birlikdə qərar verməyi, bir qədər tolerant davranmağı, hissi və idraki empatiya qurmağı bacarmaq, hər hansı bir problem barədə danışanda qarşı-qarşıya deyil, yan-yana oturmaq lazımdır, çünki qarşı-qarşıya dayandıqda bir-birinə üstün gəlmək üçün, yan-yana dayandıqda isə problemə qarşı birlikdə mübarizə aparmış olurlar.

 

İnsanın özündən belə qaçmaq istədiyi anlar olur. Gərək ki ailə üzvləri bu cür hallarda bir-birini anlayışla qarşılasınlar. Hər bir insan üçün evi ən güvənli, rahatlıq tapdığı yerdir. Bununla belə, hər bir kəsin evdə ehtiyac duyduğu vaxtlarda sakitcə çəkilə biləcəyi, öz daxili səsini dinləyə biləcəyi, mənəvi və fiziki rahatlıq tapacağı güvənli yerinin olması baş verəcək bir çox münaqişələri önləyə bilər.

 

- Məlum olduğu kimi, müharibə zamanı hərbi qulluqçuların psixoloji travmalar alması hallarına tez-tez rast gəlinir. Bəzən isə intihar xəbərləri ilə qarşılaşırıq. Müharibə insan psixologiyasında hansı problemlərə səbəb ola bilər? Həmin insanlara psixoloji dəstək göstərməklə problemin aradan qaldırılmasına nail olmaq mümkündürmü?

 

Müharibənin siyasi, iqtisadi, hüquqi, ekoloji tərəfləri ilə yanaşı, sosial-psixoloji tərəfləri də vardır. İnsan tələbatlarının strukturunda təhlükəsizliyə olan təlabat (psixoloji və fiziki təhlükəsizlik) 2-ci yerdə durur. Müharibə şəraitində bu tələbat ödənmədiyi üçün insanlarda qorxu, həyəcan, təşviş halları yaranır. Bu baxımdan, müharibəni insan həyatına, mənəvi və fiziki dincliyinə, psixi və fiziki sağlamlığına, bütövlükdə psixikasına, şəxsiyyətinə, davranışına təsir edən bir psixi hadisə kimi təhlil edə bilərik. Vətən Müharibəsinin ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnməsi neqativi pozitivə çevirdi və ruh yüksəkliyi yaratdı.

 

Yeri gəlmişkən, qazilərin intihar xəbərlərinin KİV-də yayınlanmasına münasibət bildirmək istərdim. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, intiharların səbəblərini açıq şəkildə müzakirə edərək intihara səbəb vermiş oluruq. İnsanlar sosial məsuliyyətini unutmasınlar. Bizlər qazilər, onların ailələri, sevənləri üçün ümid, motivasiya mənbəyi olaq, əksinə, belə başlıqlarla, baş verən insidentləri paylaşmaqla qaziləri, onların ailələrini neqativ psixoloji təsirə məruz qoyuruq, onların nigaranlığını, ümidsizliyini, təşvişini artırırıq, ən pisi isə budur ki, o insanların əksəriyyəti psixoloji müdafiə üsullarından xəbərsizdirlər.

 

Ölümü gözə alaraq irəli getmək, itkilər vermək, özünü günahlandırmaq, müxtəlif dəhşətli səhnələrin şahidi olmaq, xəsarət almaq, ölüm qorxusu, çarəsizlik, yolunu gözləyən əzizlərini bir daha görə bilməmə ehtimalı və s. ilə bağlı yaranan psixi travmalar müharibədən sonra da əsgərlərin hisslərini, düşüncəsini, yaddaşını  tərk etmir. Orta statistik göstəricilərə əsasən, demək mümkündür ki, müharibə sonrası əsgərlərin 50%-də posttravmatik stress pozuntusu (PTSR) müşahidə olunur. Bu problemin diaqnostika və korreksiyasının həyata keçirilməsi məqsədilə yerli və Türkiyədən dəvət olunmuş klinik psixoloq və psixiatr qüvvəsi cəlb olunmuşdur. Həmçinin, könüllü olaraq bir sıra psixoloji mərkəzlərin, QHT-lərin təşkilatçılığı ilə əsgər və qazilərə, şəhid ailələrinə ödənişsiz psixoloji yardım göstərilir. Televiziya, sosial media problemlərin həllinə kömək məqsədilə psixoloji yardımın əlçatan olması, müxtəlif şəhər və rayonlarda psixoloji yardım göstərilən yerlərin siyahısına dair maarifləndirici məlumatları işıqlandıraraq düzgün istiqamət verə bilər. Fikrimcə, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların qeydiyyata götürülməsi vaxtında mütəxəssis müdaxiləsini mümkün edəcəkdir.

 

- Orta təhsil müəssisələrində psixoloqların fəaliyyəti sizi qane edirmi? Sizcə, orta məktəblərdə psixoloqların işi necə təşkil olunmalıdır?

 

Bir gerçəyi unutmaq olmaz ki, məktəb psixoloqu təkdir və onun məşğul olduğu kontingent sayca çoxdur. Belə olan halda, onun sadəcə olaraq, fiziki baxımdan yetişməsi mümkün olmur və apardığı iş epizodik xarakter daşıyır. Riyazi dillə desək, kəmiyyət artanda keyfiyyət müəyyən qədər azalır. Problemin əməli həlli istiqamətində bir neçə addımların atılmasını məqsədəuyğun hesab edirəm:

- Avropa təcrübəsindən yararlanaraq orta məktəblərdə şagird sıxlığına uyğun məktəb psixoloqları üçün ştatlar açmaq.

- Məktəb psixoloqlarının işini praktik olaraq asanlaşdırmaq məqsədilə onların fəaliyyətini məktəb yaşı dövrləri (kiçik, orta, böyük məktəb yaşı dövrləri) üzrə təşkil etmək və kadr hazırlığını bu istiqamətdə həyata keçirmək. Hər bir məktəb yaşı dövrünün psixoloji xüsusiyyətləri, öz spesifik problemləri, onlara yanaşma tərzi, məktəblilərlə paralel müəllim və valideynlərlə iş aparmaq və s. bunu zəruri edir.

- Məktəb psixoloqlarının məktəblilərlə ardıcıl, sistematik psixoloji iş apara bilməsi üçün siniflər üzrə cədvəllə həftədə 1 dəfə psixoloqla görüş saatı təşkil etmək. Çünki məktəb təcrübəsində belədir ki, müəllimlər öz tədris saatlarında əlavə işlərin aparılmasına etiraz edirlər, tənəffüs vaxtları şagirdlərin dincəlməsi, öz ehtiyaclarını ödəməsi üçündür, dərsdən sonra isə valideynlərin əksəriyyəti övladının məktəbdə qalmasına razılıq vermirlər. Məktəb psixoloqu müəllimlərin “qeyri əsas” hesab etdikləri fənn saatlarında iş apara bilir, bu isə bir tərəfdən müsbət nəticə versə də, digər tərəfdən nə qədər istedadların, maraqların məhvi, birtərəfli inkişaf deməkdir.

 

- Ümumiyyətlə, bu gün yeniyetmələrdə, məktəblilərdə daha çox hansı psixoloji narahatlıqlara rast gəlinir?

 

Yeniyetməlik dövründə problemlərə daha çox təsadüf olunması bu dövrün çətin xarakteri ilə bağlıdır. Bu dövrdə natamamlıq kompleksi, diqqət dağınıqlığı, ünsiyyət problemləri, utancaqlıq, müxtəlif davranış pozuntuları, impulsiv və antisosial davranış, aqressivlik, təcavüzkarlıq, yalan danışma, qorxular və s. daha çox rast gəlinir, böyük məktəblilərlə bağlı peşə seçimi ərəfəsini, peşə seçimi zamanı abituriyentlə valideynin maraqlarının toqquşmasını, imtahan həyəcanını, diqqət konsentrasiyası və yaddaş problemini, gərginlik, frustrasiya, depressiya və s. kimi problemləri qeyd edə bilərik.

 

Peşə seçimi insanın özünütəyininə əsaslı təsir edir. Cəmiyyətimizin hər sahədə çalışan işçi qüvvəsinə ehtiyacı var. Bizim uşaqlara böyüyəndə kim olacaqsan sualı verəndə prestijli, populyar peşələrin adlarını çəkirlər, ancaq başqa bir ölkədə təhsil alan uşağa bu sualı yönəldəndə utanmadan, çəkinmədən, məsələn, aşbaz olacağını bildirir və bunun səbəbi kimi yemək bişirməyə olan marağını göstərir. Bu cür vəziyyətin yaranmasına valideyn müdaxiləsi və cəmiyyətimizdə peşə təhsili ilə bağlı stereotiplər az təsir etmir. Orta təhsilin əsas vəzifəsi ali məktəbə məhsul yetişdirmək deyil. Unutmayaq ki, işini sevməyən işçi qüvvəsi ilə müqayisədə, öz işini sevərək, zövqlə, yüksək peşəkarlıqla yerinə yetirən işçi qüvvəsi inkişafa aparan əmək kapitalıdır.

 

Bəzi valideynlər övladlarını öz ambisiyalarına qurban edir, reallaşdıra bilmədikləri rollarını onların üzərinə köçürür, onları istəmədikləri peşələri seçməyə vadar edir. Bəzi abituriyentlərin vəziyyətini yarış atının vəziyyətinə bənzədə bilərik, çünki valideyn onu digər abituriyentlərlə yarışmağa vadar edir, aşırı borc hissi ilə onu yükləyir, imtahan zamanı abituriyentin düşüncəsini valideyninə olan borcunu geri qaytarmaq, özünütəsdiq etməklə bağlı fikirlər məşğul edir, hissi və zehni gərginlik yaradan bu fikirlər imtahan nəticələrinə də təsirsiz ötüşmür, uğursuzluqla qarşılaşdıqda yaşadığı emosional vəziyyət düzgün həll yollarının seçilməsinə ləngidici təsir göstərir. 

 

- Pandemiya  bir çox sahələrə təsir etdiyi kimi, təhsildən də yan keçməyib. Sizin fikrinizcə, bu vəziyyət şagird və tələbələrin psixologiyasına necə təsir göstərir?

 

Pandemiyanın iflic vəziyyətə saldığı sahələr sırasında təhsil ilk yerdədir. Ölkə olaraq distant təhsil formasına keçidə nə psixoloji, nə də ki təchizat baxımından hazır idik. Düzdür, bu vəziyyətdə seçilmiş ən uyğun çıxış yolu idi, bununla belə, təhsil verən və alanların sinir fəaliyyətinə neqativ təsir edə biləcək gücə sahib olması danılmazdır. İlk öncə, şagird və tələbələr yeni təhsil formasına uyğunlaşma çətinliyi yaşadılar, ən pisi də onların təlim aktivliyi texnoloji təchizatdan və internetə çıxış imkanlarından asılı vəziyyətə düşdü. Dərsə gah tam, gah qismən qoşulan, gah da qoşula bilməyən, təhsildən yayınan şagird və tələbələrimiz oldu. İnternetlə bağlı problemlər tədrisin keyfiyyətini endirdi və əks-əlaqədə problemlər yarandı. Tədris müddətinin qısaldılması müəllimin hər bir öyrənənə ayırdığı diqqəti də azaltmış oldu. Şagirdlər müəllimin pedaqoji dözümü əvəzinə evdə valideyn dözümsüzlüyü ilə qarşılaşdılar. Məktəblilərin gah distant, gah da ənənəvi qaydada tədrisə cəlb olunması, öz növbəsində, özlərini psixoloji yenidənqurmaqla bağlı çətinlik yaratdı. Sinif və qrup yoldaşlarından uzaq düşmək sosial motivləri yüksək olan öyrənənlərə daha çox neqativ təsir etdi. Gənclər tələbəlik həyatına dair bir çox planlarını, arzularını ertələməli oldu.  Bütün bunlar şagird və tələbələrin psixoemosional vəziyyəti haqda bizdə aydın təsəvvür yaradır.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər