Dəlikli dazıotunun sağlamlıq üçün FAYDALARI - MƏQALƏ
18.05.2021 12:46

Dəlikli dazıotu dazıkimilər fəsiləsinə (Hypericaceae) aid olub, Hypericum cinsinin mülayim subtropik və tropik ölkələrin dağlıq yerlərində, Sibir, Monqolstan, Çin, Yeni Zelandiya, Yaponiya, Cənubi və Şimali Amerikada yayılmışdır. Aralıq dənizi vilayətində yayılmış 200 növündən Qafqazda 27, Azərbaycanda isə 13-15 növü vardır. Naxçıvan Muxtar Respublikasının aşağı və orta dağlığın bozqır ərazilərində, çəmənliklərdə, meşə kənarlarında, talalarda və pöhrəliklərdə 9 növü yayılmışdır.

 

Bu fikirlər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun İnnovasiya və elmi-istehsalat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Ələkbərovun "Faydalı bitkilər – Dəlikli dazıotu" adlı məqaləsində qeyd olunub. Aztibb.az həmin məqaləni təqdim edir.

 

Dəlikli və ya yırtıq dazıotu (Hypericum perforatum) adlanan növ bəzən qoyunqıran, çobansüzgəci, qırmızı ot, dəliqanlı da adlanır. Çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 30-80 sm, qabırğalı olmaqla, yuxarı tərəfində qarşı-qarşıya düzülmüş yarpaqları vardır. Yarpaqlarının uzunluğu 1-3 sm, eni 2-8 mm-dir. Meyvəsi çoxtoxumlu, 3 yuvalı olub, qutucuqdur. Yabanı ot bitkisi olan yırtıq dazıotu tam çiçəkləmə dövründə (iyul-avqust) xammal olaraq toplanılır və dərman bitki xammalı kimi istifadə edilir. Topladıqda zirvəsindən 25-30 sm aşağı kəsmək lazımdır. Xammal kölgəli yerlərdə çadır üzərində 5-7 sm qalınlığında sərilməklə, yaxşı ventilyasiyalı yerlərdə qurudulmalıdır.

 

Tərkibində aşı maddələr, qatran, katexin, leykoantosianidin, karotinoidlər, antrasen, antraxinon, hiperisin, hiperozid, efir yağları, flavonoidlərdən rutin, kversitrin, izokversitrin, kversetin, E, C, PP vitaminlər, karotin, nikotin turşusu, antosianlar, piqmentlər, makro və mikroelementlər vardır. Büzücü, antiseptik, iltihabsorucu və antidepressant dərman bitkisidir.

 

Mədə və 12 barmaq bağırsaq xorası, qastrit, enterkolit, ishal, xoralı kolit, babasil, qaraciyər və öd yolları xəstəlikləri (xolesistit, öddaşı, kəskin və xroniki hepatit), ağız və boğaz xəstəlikləri (kəskin və xroniki tonzillit, angina, stomatit), sinir xəstəlikləri (nevroz, nevrasteniya, epilepsiya), böyrək xəstəlikləri (qlomerulonefrit, pielonefrit, sistit), artrir və radikulit xəstəliklərində istifadə edilir. Xalq təbabətində podaqra, oynaq revmatizmi, vərəm və işias-nevralgiyada effektlidir. Əsasən bitkinin yerüstü hissəsi həzm sistemi, qaraciyər, öd kisəsi xəstəlikləri zamanı iltihab əleyhinə və büzücü dərman bitkisi kimi, nevrasteniya, yuxusuzluq, baş ağrısı və mədə xəstəliklərinin müalicəsində isə hemostatik və yarasağaldıcı kimi istifadə olunur. Yağından yara və yanıqların müalicəsində, diüretik olaraq, ürək fəaliyyətinin və toxuma yenilənməsini stimullaşdıran vasitə kimi istifadə olunur. Oynağın mübadilə, infeksion və revmatik etiologiyalı xəstəliklərində və müxtəlif travmalarda, kəskin yolxucu xəstəliklər: vərəm və xoşxassəli törəmələrdə təyin edilir. Mastopatiya və qadın xəstəlikləri zamanı olduqca effektlidir. Bitkinin fotosensiblizasiyaedici xüsusiyyətinə görə çətin sağalan vitiliqo xəstəliyinin müalicəsində, yanıq və yaralanmalarda effektlidir.

 

Elmi təbabətdə dazıotundan xüsusi dərman maddələri hazırlanır. Bunlar: Antidiabetik qarışıq – “Arfazetin”, “Mirfazin”, sidikqovucu qarışıq – “Brusniver”, “Brusniver-Т”, ödqovucu - hepatoprotektor qarışıq – “Hepavit”, dazıotunun kompleks preparatları: “Sibektan”, “Novo-Passit”, “Farinqall”, “Prostanorm” və orqanizm möhkəmləndirici eliksir olmaqla, dərmanlar hazırlanır.

 

Elmi təbabətdə bitkinin ən çox yerüstü hissəsi (gövdə, çiçək və yarpaqları) istifadə edilir. Orqanizm möhkəmləndirici, iltihab əleyhinə olub, qankəsici xüsusiyyətə malikdir. Miokardit və endokarditdə stimulaedici və spazmolitik dərman kimi işlədilir. Astenik hallarda, nevroz, nevrasteniya, baş ağrısı, halsızlıq zamanı təyin edilir. İltihabsorucu və ağrıkəsici vasitə kimi mədə-bağırsaq xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, enterokolit, ishal, hemorroy (babasil), xoralı kolit, qaraciyər, ödyolları (xolesistit, öddaşı xəstəliyi, sarılıq, xroniki hepatit) xəstəliklərində işlədilir. Qlomerulonefrit, pielonefrit, sistit, revmatizm, lümbaqo və prostatitdə diuretik, antidipressant, iltihabsorucu dərman maddəsi kimi tətbiq edilir. Bitkinin dəmləmə və bişirməsi bağırsaqlarda kolit, dəridə yanıq, gingivit və stomatitlərdə təyin edilir. Dazıotunun digər bitkilərlə qarışığı qrammüsbət mikroorqanizmlərin və stafilokokkların müalicəsində antibiotiklərlə birlikdə tətbiq edilir. Bundan başqa abses, fleqmona və irinləmə prosesləri zamanı da faydalı təsirə malikdir. Son zamanlar dazıotunun antidepressant effekti aşkar edilmişdir. Belə ki, yüksək psixoemosional həssaslığın və stressin aradan qaldırılmasında və fotosensiblizasiyaedici kimi xüsusiyyətləri də olduğu təsdiq edilir. Bioloji aktiv maddələrlə (spirt, karotinoidlər, tokoferol) dazıotunun qarışığı iltihabsorucu effekt yaradır. Dəmləməsi keyfiyyətli spazmalotik, büzücü, dezinfeksiyaedici və iltihabsorucu dərmandır. Əks göstəriş olaraq qaraciyər nahiyyəsində xoşagəlməz duyğular, ağızda acılıq hıssi, qəbizlik, iştahın kəskin pozulması baş verir. Qan təzyiqini yüksəltdiyindən hipertoniyaya meyillik hallarında qəbul edilməsi məsləhət görülmür.

 

Ev şəraitində hazırlana biləcək bir neçə resepti təqdim edirik:

 

Bir xörək qaşığı bitki 1,5 stəkan qaynanmış suda dəmləməklə (30 dəq.) məhlulu hazırlanılır (termosda). Gündə 3 dəfə yeməkdən 20-40 dəqiqə əvvəl 1/3 stəkan qəbul edilməlidir.

 

Bir çay qaşığı bitki 250 ml qaynanmış suda (30 dəq.) dəmlənilir. Gündə 2-3 stəkan qəbul edilir. Bu müalicə kursu bir neçə həftə ardıcıl aparılmalıdır.

 

Xəstəliklərin dərman bitkilərilə müalicəsinə çalışmaq lazımdır. Çünki təbii vasitələr adətetmə, kumlyasiya (çöküntü), zəhərlənmə törətmir və orqanizmdən qısa müddətdə xaric olur.

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib