Azərbaycan Həkimləri İctimai Birliyinin COVID-19-la bağlı - Tövsiyələri
18.08.2020 10:46

Azərbaycan Həkimləri İctimai Birliyi tərəfindən (AHIB) pandemiya zamanı əhalidə COVID-19 haqqında düzgün təsəvvür formalaşdırmaq və onlara bu infeksiyadan qorunmaq üçün tövsiyələr hazırlanıb.

 

Qeyd olunub ki, COVID-19 pandemiyası bəşəriyyətin üzləşdiyi növbəti qlobal faciələrdən biridir. Bu mübarizədə fədakarlıq göstərən bütün həkim və digər tibb işçilərinə sayğılarımızı ifadə edirik. Bu günə qədər pandemiya ilə mübarizədə həyatını itirən soydaşılarımıza, o cümlədən canını fəda etmiş yüksək ixtisaslı həkimlərimizə Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı veririk.

 

AHİB bildirir ki, pandemiya dövründə əhalinin əsas vəzifəsi karantin davranışlarına (fiziki məsafə gözləmək, maska geyinmək və dezinfeksiya tədbirləri) ciddi əməl etmək, vətəndaş məsuliyyəti nümayiş etdirməkdir. Unutmayın ki, yoluxmanın əsas mənbəyi təmaslardır.

 

Aztibb.az AHİB-in tövsiyələrini təqdim edir:

 

1. Hərarətin yüksəlməsi, quru öskürək və yorğunluq COVID-19-un əsas simptomları sayılır. Bununla yanaşı, oynaq, əzələ və baş ağrıları, burun tutulması, boğaz ağrıları, konyunktivit, ürək bulanma və qusma, diarreya, yeni başlayan dadbilmə və qoxubilmənin itməsi də xəstəliyin gedişində rast gələn əlamətlər sırasındadır. Bəzi yoluxmuş şəxslərdə xəstəlik subklinik əlamətlərlə (simptomların yüngül təzahürü ilə) və ya heç bir simptom olmadan (asimptomatik) keçir.

 

2. Xəstələnlərin böyük əksəriyyətində (80% civarında) xəstəxanada yatmağa ehtiyac yaranmır. 5% hallarda xəstəlik ağırlaşır və ciddi müalicəyə ehtiyac yaranır. Yaşlı insanlar, yanaşı xəstəlikləri olanlar xəstəlikdən qorunmaqda daha diqqətli olmalıdırlar.

 

3. COVID-19-a xas olan bu və ya digər əlamətlər olduqda necə davranmalı:
a) Yüngül öskürək, hərarətin az yüksəlməsi (37.5°C-yə qədər) zamanı özünüzü ailə üzvlərindən təcrid edin, sahə həkimi ilə telefon əlaqəsi saxlayın və əlamətlərin inkişafına nəzarət edin.
b) Əgər yaşından asılı olmayaraq hərarətin yüksəlməsi, öskürək, tənəffüsün çətinləşməsi, təngnəfəslik, halsızlıq və huşun pozulması kimi əlamətlər varsa dərhal həkimə (sahə həkimi, təcili yardıma və ya Səhiyyə Nazirliyinin COVID-19 üzrə qaynaq xətti - 814) müraciət edilməlidir.
c) Tibb məntəqəsinə gedərkən karantin davranışlarına (fiziki məsafə, maska və gigiyena) tam əməl edin.

 

4. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, boğulma, təngnəfəslik, hava çatışmazlığı əlamətləri və hərarət (37°C-dən yüksək) davam edərsə, xəstəliyin 3-cü günündən sonra döş qəfəsinin (ağciyərlərin) kompüter tomoqrafiyası müayinəsi tövsiyə edilir. Bu müayinə zamanı ağciyərlərdə “buzlu şüşə” (damardaxili yayılmış trombozlar) mənzərəsi təxminən 20%-dən çox olarsa, stasionar müalicəyə ehtiyac vardır.

 

5. Əgər kompüter tomoqrafiyada “buzlu şüşə” görüntüləri varsa, lakin qanda prokalsitonin səviyyəsi normaldırsa, antibiotik istifadəsinə ehtiyac yoxdur! Antibiotik virusa təsir etmir. Antibiotiklər, yalnız prosesə bakterial infeksiya qoşulduqda istifadə edilir.

 

6. Karantin qaydalarının tədricən yumşaldılması və sosial həyatın fəallaşması prosesi boyu pandemiyanın son zənginə qədər karantin davranışlarına əməl edin. Qapalı mühitdə (nəqliyyatda, metroda, market və digər qapalı satış məntəqələrində) karantin davranışlarının gözlənilməsi son dərəcə mühümdür. Qapalı sahəyə maska ilə daxil olun, daxil olarkən əllərin dezinfeksiyasına diqqət edin, fiziki məsafə gözləyin. Çıxanda yenidən əllərinizi dezinfeksiya edin. Qapalı məkanlarda karantin qaydalarını pozan vətəndaşları məlum qayaldalara əməl etməyə dəvət edin. Evinizə daxil olarkən, əllərinizi ən azı 30 saniyə müddətində sabunlu isti su ilə diqqətlə yuyun, imkan varsa, spirt əsaslı dezinfeksiyaedici məhlullarla əllərinizi və üzünüzü silin (gözlərinizi qorumaqla). Virus əllərdən asanlıqla yuyulur. Evləri və yerləşdiyiniz otağı gün ərzində azı 3 dəfə omaqla, 30 dəqiqədən az olmayaraq havalandırın.

 

7. Ən optimal maska N95 tipli maskalardır. Lakin bu olmadıqda, sadə tibbi maska istifadə edə bilərsiniz. Elmi araşdırmalar göstərib ki, maskalar koronavirusdan tam qoruya bilmədiyi hallarda belə, əksərən COVID-19 xəstəliyinin simptomlarının daha yüngül olmasını təmin edir. Maska istifadə edən insanlarda koronavirus daşıyan hava-damcı hissəciklərinin orqanizmə daha az hissəsin (virus yükü) daxil olması, onların immun sisteminin xəstəliklə daha asan mübarizə aparmasına kömək edir.

 

8. Sağlam həyat tərzinə fikir verin (qidalanma, fiziki aktivlik), bu orqanizmin xəstəliklərlə mübarizəsində çox önəmlidir. Gündə yarım saat təmiz, günəşli havada gəzin, mənzilinizi mütəmadi havalandırın və günəş şüaları ilə aerasiyasını təmin edin! Atalar sözü var: Günəş girən evə doktor girməz!

 

9. Həkim təyinatı olmadan antiviral preparatlar (arbidol, favipiravir, avifavir və s.) və antibiotiklər qəbul etməyin. Nəzərə alın ki, onların arzuolunmaz (yan) təsirləri yetərincədir.

 

10. Yanaşı xəstəlikəriniz (şəkərli diabet, arterial hipertenziya, xroniki ağ ciyər xəstəlikləri və s.) varsa, həkimə müraciət edəndə onları bildirməyi unutmayın. Bu sizin təhlükəsizliyiniz üçün vacibdir.

 

11. Əlləri yumadan və ya dezinfeksiya etmədən əllərinizi üz dərisinə və gözlərə toxundurmayın.

 

12. Üst geyimini çıxaran kimi açıq havada günə verin.

 

13. Mümkün qədər liftdən deyil, pilləkənlərdən istifadə edin. Liftdən istifadə ehtiyacı yaranıbsa, içəri maska ilə girin, onun düymələrini salfetlə basın, liftdən çıxan kimi salfetləri zibil qutusuna atın.

 

14. Mobil telefonları, videokameraları, əl çantalarını mütəmadi antiseptiklə təmizləyin.

 

15. Mağazadan alınan məhsulları yuyun və ya dezinfeksiya edin. Meyvə və tərəvəzləri yuyandan sonra qabığını soyun, doğrayın və s.

 

16. Küçədə əşyalara əl vurmaqdan çəkinin.

 

17. Yanınızda asqıran olduqda yoluxma riskini azaltmaq üçün dərhal gözlərinizi yumub nəfəsinizi dəsmalla və ya əlinizin arxası ilə tutun.

 

18. Varınızdırsa, bayırda xüsusi qoruyucu eynəklər taxa bilərsiniz.

 

19. Qapalı mühitdə məclis qurmaqdan çəkinin.

 

20. Səbrli olun, pandemiyanın ömrünə az qalıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub