Ürək-damar xəstəlikləri səbəbindən ölüm halları niyə artır? - Həkim-terapevt AÇIQLADI
10.04.2021 13:26

Aztibb.az-ın növbəti müsahibi təqaüddə olan həkim-terapevt Sevdagül Abbasovadır. Vaxtilə Səbail rayonu A.H. Kazımov adına 1 saylı Şəhər Poliklinikasında işləyən S.Abbasova hazırda həkimlik fəaliyyətini fərdi olaraq davam etdirir.

 

- Müasir dövrdə terapevtlərin bilik və bacarıqlarının səviyyəsi sizi qane edirmi?

 

Məlum olduğu kimi, terapiya klinik təbabətin əsasını təşkil edən elmlərdəndir. Terapevt bütün orqanların müalicə prinsipləri barədə məlumata malik olmalı, onların bir-biri ilə əlaqəsini dərindən bilməli, problemə kompleks yanaşmalı və bunu təcrübədə tətbiq etməyi bacarmalıdır. Lakin əfsuslar olsun ki, bəzi həkimlər buna hər zaman riayət etmirlər. Bu gün bizim güclü həkimlərlə yanaşı, zəif, öz üzərində işləməyən, işinə laqeyd yanaşan həkimlərimiz də var. Bəzən müxtəlif ixtisasları seçən gənclər müəyyən orqanın müayinə və müalicəsi ilə məşğul olur, digər orqanlar haqqında yeniliklərlə maraqlanmırlar. Buna görə də bəzən müalicələrdən effektiv nəticə əldə etmək mümkün olmur.

 

- Son zamanlar ürək-damar, eləcə də digər xəstəliklərin cavanlaşmasının səbəbləri nələrdir?

 

Doğrudur, ölkəmizdə son illərdə ürək-damar, eləcə də digər xəstəliklərin cavanlaşması, əhali arasında infarkt və insultdan ölüm hallarının artması müşahidə olunur. Bunun əsas səbəblərindən biri də  insanların yaşam tərzinə diqqət yetirməmələridir. Bununla yanaşı, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stresli həyat ürək-damar xəstəliklərinə səbəb olur.

 

Qeyd etmək lazımdır ki, pandemiya da bu problemlərin artmasına gətirib çıxarır. Belə ki, yeni növ koronavirus (COVID-19), eləcə də digər qrip mənşəli virus xəstəlikləri ürək-damar xəstəlikləri səbəbindən ölüm halları riskini artıran amillərdəndir.

 

- Məlumdur ki, COVID-19 analizi neqativ çıxanlar xəstə olub-olmadığını dəqiqləşdirmək üçün həkim-terapevtə müraciət edir. Hansı hallarda kompüter tomoqrafiya müayinəsi məsləhət görülür?

 

Bəzən xəstə virusa yoluxduğu halda, COVID-19 analizinin neqativ çıxması hallarına da rast gəlinir. Bu, analizin təcrübəli mütəxəssis tərəfindən götürülməməsi və ya analizin virus artıq ciyərlərə düşdükdən sonra verilməsi kimi bir neçə amildən asılıdır.

 

Kompüter tomoqrafiya müayinəsi xəstələrə xüsusi hallarda və ehtiyac olduqda təyin edilir. KT  ancaq kəskin şikayətləri, temperaturu 38 dərəcədən yüksək olan, özündə nəfəs darlığı, öskürək hiss edən şəxslərə məsləhət görülür. Ağciyərlərin rentgen şəklində qeyri-müəyyən və ya viral pnevmoniya baxımından tipik olmayan əlamətlər varsa, bu zaman KT müayinəsinin zəruriliyinə klinik-radioloji dəyərləndirmə ilə qərar verilə bilər.

 

Hətta KT-də ağciyərlərin “təmiz” görünməsi belə, bəzən insanın virusa yoluxmadığı və ya xəstə olmadığı anlamına gəlmir. Xəstəlik yeni başlamış ola bilər və ya bəlkə də yalnız yuxarı tənəffüs yollarını əhatə etməkdədir.

 

- Sizə müraciət edən COVID-19 xəstələri arasında ağırlaşmalar daha çox hansı hallarda görülür?

 

Əksər hallarda müraciət edənlər arasında hər hansı yanaşı xəstəlik, məsələn, hipertoniya, şəkərli diabet, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, bronxial astma, tənəffüs yolları xəstəlikləri, qaraciyər xəstəlikləri, ağciyər xəstəlikləri, onkoloji xəstəliklər, mədə-bağırsaq xəstəlikləri olanlarda daha ağır gedişat müşahidə olunur. Bu xəstəlikləri olan insanlar daha diqqətli olmalıdırlar. Çünki, onlar koronavirusa yoluxarsa, bu, daha ağır fəsadlarla nəticələnə bilər. Öskürək, yüksək temperatur və nəfəs almaqda çətinlik çəkmək kimi simptomlarla müşahidə olunan bu xəstəliyi yaşlı və yanaşı xəstəlikləri olan insanlar daha ağır keçirdiyindən bu, onların həyatı üçün ciddi təhlükədir.

 

Ümumiyyətlə, yaşı 70 yaşdan yuxarı olan insanlar risk qrupuna daxildir. Yanaşı xəstəlikləri olanlar arasında isə gəncləri də görmək olur. Ona görə də bu insanlar özlərini daha ciddi qorumalı, sosial məsafə saxlamalı və zəruri olmadıqda özlərini təcrid etməlidirlər. Risk qrupuna daxil olan xəstələr özlərində koronavirus əlamətləri hiss etdikdə, dərhal həkimə müraciət etməlidirlər. 

 

- COVID-19-la mübarizə dövründə saytımızın oxucularına tövsiyələriniz nələrdir?

 

İnsanlara şəxsi gigiyena qaydalarını əməl etməyi, maska taxmağı, pandemiya dövrünün tələblərinə əməl etməyi və ictimai yerlərə, xüsusilə yas mərasimlərinə getməməyi məsləhət görürəm.

 

Orqanizmin COVID-19-a reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığından pasiyentlər sadəcə, həkimlərin yazdığı müalicəyə əməl etməli və öz vəziyyətləri barədə həkimi daim məlumatlandırmalıdırlar.

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Sümük bulyonu arıqlamağa kömək edir
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq